• Bakı 26° C

    8.68 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Rəqəmsal dövlət, dərin mədəniyyət və gələcəyin Azərbaycan modeli - Əkbər Qoşalı yazır
YAZARLAR
06 Iyul 2026 | 13:15

Rəqəmsal dövlət, dərin mədəniyyət və gələcəyin Azərbaycan modeli - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

XXI yüzil dövlətlərinin qüdrətinin yalnız sərhədlərin uzunluğu, orduların gücü və ya iqtisadiyyatlarının həcmi ilə ölçülmədiyi bəllidir. Yeni dönəm dövlətlərin, necə deyərlər, rəqəmsal düşünmə yetənəyini, bilgini idarə etmə mədəniyyətini, süni intellektə münasibətini və insan kapitalına yatırımını da əsas inkişaf göstəricisinə çevirib.

Məhz buna görə də Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Şurasının yaradılması və onun ilk iclasının keçirilməsi adi institusional hadisə sayılmır. Bu addım dövlət idarəçiliyinin yeni fəlsəfəyə keçidini ifadə edir. Burada söhbət həm texnologiyadan, həm də idarəetmə mədəniyyətinin dəyişməsindən gedir.
Əslində, hər böyük texnoloji devrim öncə mədəni devrim olur...

Bəli, insanlıq tarixində daş dönəmini daş, tunc dönəmini tunc bitirmədi.
Neft yüzilliyini də neft bitirməyəcək, əlbət.

Yəni, hər dönəmi yeni düşüncə tərzi əvəz edir.

Günümüzdəki keçid də bax belədir.

Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə, informasiya cəmiyyətindən isə süni intellekt əsaslı qərarvermə sistemlərinə keçid baş verir.

Azərbaycanın qəbul etdiyi yeni strateji kurs bu qlobal transformasiyanın içində öz milli modelini qurmağa yönəlib.

Burada diqqəti çəkən ən önəmli məqam rəqəmsallaşmanın xidmətlərin elektronlaşdırılması ilə birgə, dövlət idarəçiliyinin yeni memarlığı kimi qəbul edilməsidir.

Mədəniyyətşünaslıq baxımından dövləti yalnız qanunlar sistemi kimi görməməliyik; belə deyək, dövlət həm də davranış formasıdıır, qərarvermə üsuludur, yaddaş sistemi və kommunikasiya modelidir.

Rəqəmsallaşma isə bax bu davranışların yeni platforma köçürülməsi deməkdir.

Ona görə rəqəmsal dövlət anlayışı texniki termin olmaqdan daha çox kulturoloji kateqoriya sayılmağı haqq edir.
“MyGov” platformunun vahid ekosistem kimi formalaşdırılması, “bir pəncərə” prinsipi, proaktiv xidmətlərin genişləndirilməsi və dövlət bilgi hövzəsinin yaradılması idarəetmənin vətəndaşa, vətəndaşın da xidmət səviyyəsinə münasibətini dəyişən yeni idarəçilik mədəniyyətinin elementləridir. Bu model vətəndaşı prosedurların mərkəzindən çıxarıb dövlət xidmətlərinin mərkəzinə yerləşdirməyi hədəfləyir.

Mədəniyyət tarixində ən böyük sıçrayışlar həmişə vaxtın qənaətindən başlamayıbmı?
Təkərin ixtirası məsafəni azaltdı;
çap maşını biliyi sürətləndirdi;
elektrik gecəni qısaltdı… internet isə zamanı yenidən ölçməyə başladı…
Rəqəmsal dövlət də vətəndaşın ömrünü uzatmır, amma onun vaxtını geri qaytarır.
Əslində, bürokratiyanın azalması inzibati rahatlıqdan üstün olaydır.
Bu, yaşam keyfiyyətinin yüksəlməsidir.
Çünki insan ömrünün ən qiymətli sərvəti zamandır, zaman!

Süni intellekt məsələsi isə daha dərin fəlsəfi müzakirə tələb edir.
Bəli, texnologiya heç vaxt məqsəd olmayıb; o, həmişə vasitədir.
Süni intellekt də insanı, təbii intellekti əvəzləmək üçün deyil, insanın imkanlarını genişləndirmək üçündür.
Bu baxımdan, Azərbaycan dövlətinin yanaşması diqqətəlayiqdir.
Süni intellekt dövlət idarəçiliyində, səhiyyədə, təhsildə, gömrük sistemində və digər sahələrdə tətbiq edilərkən onun milli çıxarlara uyğun inkişaf etdirilməsi xüsusi vurğulanır. Bu yanaşma texnologiyanın milli təhlükəsizlik və milli inkişaf strategiyası ilə uzlaşdırılmasının vacibliyini göstərir.
Texnologiya özü neytraldır; ona yönü mədəniyyət verir; əxlaqı isə insan müəyyənləşdirir.

Rəqəmsal inkişafın ikinci böyük dayağı innovasiyadır.
İnnovasiya sadəcə yeni məhsul istehsal etməklə ölçülmür.
Bu, riskə münasibətin dəyişməsidir; yanlışdan qorxmayan iqtisadiyyat qurmaqdır bu.

Haşiyə:
Elektrik lampası üzərində işləyən Tomas Edisonun (Thomas Edison; 1847-1931) uğursuzluqlarının və sınaqlarının sayı haqqında fərqli qaynaqlarda müxtəlif rəqəmlər göstərilir. Onun yüzlərlə dəfə yanlışlıq etdiyi bildirilir. Hətta onun özü bu prosesi uğursuzluq kimi qiymətləndirməmiş, əksinə işıq lampasının düzəldilməsində atılan addımlar adlandırmışdır: "Mən 1000 dəfə uğursuzluqla üzləşməmişəm, sadəcə, işə yaramayan 1000 yol kəşf etmişəm.” 
(Hsşiyənin sonu)

Yeni qanunvericilik zərfində vençur kapitalı (yüksək riskli, lakin böyük inkişaf potensialı olan startaplara qoyulan yatırım kapitalı), “mələk yatırımçı” (Angel investor; startapın ilkin mərhələsində öz şəxsi vəsaiti ilə yatırım edən fərdi yatırımçı), ESOP (Employee Stock Ownership Plan; əməkdaşlara maaşdan əlavə şirkətin payına (səhmlərinə) yiyə durmaq imkanı verən sistem), SAFE (Simple Agreement for Future Equity; startapa ilkin yatırım qarşılığında gələcəkdə müəyyən şərtlərlə şirkət payı almaq hüququ verən sadələşdirilmiş yatırım sazişi) araşdırma və inkişaf təşviqləri, “Rəqəmsal gəzgin” vizası kimi mexanizmlərin nəzərdə tutulması göstərir ki, Azərbaycan artıq texnologiya istehsalçısı olmaq niyyətindədir.
Bu, psixoloji baxımdan da önəmli dəyişiklik olub, Anadolular demiş, tükətimdən ürətimə - istehlakdan ötəyə keçidi ifadə edir.
Çünki innovasiya öncə insanın düşüncə tərzində yaranır, sonra laboratoriyaya keçir və daha sonra bazara çıxır. - Ən sonda isə iqtisadiyyatı dəyişdirir.

Kibertəhlükəsizliyin artıq hərbi təhlükəsizlik qədər strateji önəm daşıdığını da burada vurğulamadan keçməyək.
Keçmişdə dövlət sərhədləri əsasən torpaq üzərində qorunurdu.
Bu gün isə bilgi sərhədləri də mövcuddur.
Əgər XX yüzildə neft yataqları strateji obyekt idisə, XXI yüzildə bilgi bazaları da eyni önəmi daşıyır.
Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, SOC (Security Operations Center; kibertəhdidlərin 24/7 izlənməsi, operativ cavab verilməsi mərkəzi) və CERT (Computer Emergency Response Team; kiberinsidentlərin aşkarlanması, incələnməsi və aradan qaldırılması üzrə operativ reaksiya qrupu) mərkəzlərinin formalaşdırılması, kritik informasiya infrastrukturunun qorunması yönündə görülən tədbirlər rəqəmsal suverenliyin institusional əsaslarını gücləndirir.

Bəli, artıq dövlətin müstəqilliyi yalnız fiziki sərhədlərin toxunulmazlığı ilə ölçülmür.
Onun rəqəmsal müstəqilliyi də eyni dərəcədə vacibdir.

Bax, bu strategiyanın ən qiymətli hissəsi isə təhsil istiqamətidir.
Çünki texnologiya satın almaq mümkündür, ancaq rəqəmsal düşüncə idxal edilmir, o, məktəbdə formalaşır.
Gələcəyin iqtisadiyyatı üçün bu gündən insan kapitalı hazırlanır. -
“Rəqəmsal məktəb”, “STEAM Azərbaycan”, “Rəqəmsal bacarıqlar” layihələri, elektron təhsil sənədləri və süni intellekt əsaslı fərdiləşdirilmiş tədris yanaşmaları bax bunu göstərir.
Əsl sərvət bilgisayarlar deyil.
Əsl sərvət onları yaradan beyinlərdir.

Mədəniyyətşünaslıqda belə bir fikir var: hər sivilizasiya öz texnologiyasını yaradır, amma hər texnologiya yeni mədəniyyət də yaradır.
Azərbaycanın rəqəmsal inkişaf strategiyasının önəmi də məhz bundadır.
Burada rəqəmsallaşma yalnız xidmətlərin elektronlaşdırılması ilə bitmir.
Bu, idarəetmənin humanistləşdirilməsi, qərarvermənin sürətləndirilməsi, iqtisadiyyatın innovativləşdirilməsi və cəmiyyətin gələcəyə hazırlanması prosesidir.
Həmin yolun sonunda, belə deyək, yalnız daha sürətli dövlətdən daha üstün - daha ağıllı dövlət modeli dayanır.

Əgər XX yüzil Azərbaycanın enerji yüzilliyiydisə, XXI yüzilin ikinci rübü intellekt yüzilliyinə çevrilə bilər.
Neft ölkəyə iqtisadi güc qazandırdı;
insan kapitalı isə Azərbaycana uzunömürlü inkişaf qazandıracaq.
Rəqəmsal dövlət də məhz bu böyük yolun başlanğıc nöqtələrindən biridir.
Texnologiya gələcəyi yarada bilməz - gələcəyi həmişə insan yaradır.
Texnologiya isə yalnız həmin gələcəyin dilinə çevrilir.

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026