"Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə müxtəlif fondlar, beynəlxalq təşkilatlar fəaliyyət göstərməyə başladılar. Humanitar qurumların nümayəndəlikləri açıldı. Çox böyük həvəslə paytaxtımızda, bölgələrimizdə nümayəndələrini qeydiyyatdan keçirir və açıq şəkildə fəaliyyət göstərirdilər".
Bu barədə politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Siyasi şərhçi bildirib ki, o zaman biz çox şeyləri anlamırdıq, amma bilirdik ki, bunlar əgər gəliblərsə, çox əliaçıq formada özlərini təqdim edirlərsə, nüfuz dairələrini böyüdürlərsə, deməli planları var:
"Sonradan gördük ki, Azərbaycanda radikal-islamçılıq, missioner hərəkatları meydana çıxdı. Paradoks onda idi ki, bir çox təşkilatlar özləri Qərb dövlətlərində, xüsusən ABŞ-də qadağa altında idilər. Onlar öz funksiyalarını üçüncü ölkələrdə həyata keçirirdilər. Avropa ölkələrindəki rəsmi nümayəndəliklərini postsovet məkanına, o cümlədən Azərbaycana transfer edirdilər”.
Müsahibimizə görə, ilk növbədə onların məramı, məqsədi ondan ibarət idi ki, burada özlərinin nümayəndələrini hazırlasınlar. Onlarla təmasda olan gənclərimizin tez-tez xaricə səfərləri reallaşırdı. Bu, özü həm şirnikləşdirici yanaşma idi, həm də onlarla xüsusi moderatorların işləməyə başlaması demək idi:
“Təşkilatlar anlayırdılar ki, gec-tez onların fəaliyyətinə imkan verilməyəcək, qadağan olunacaq. Yerli qanunvericiliyə, Azərbaycan xalqının dəyərlərinə, ənənələrinə qarşı fəaliyyət göstərdikləri üçün şələ-külələrini yığışdırıb getməli olacaqlarını anlayırdılar. Ona görə də çalışırdılar ki, həmin gün gələndə yerli kadrlardan ibarət öz nümayəndələrini qoyub getsinlər. Özləri fiziki cəhətdən burada olmasalar belə təlimat verdikləri şəxslər həmin fəaliyyəti icra edəcəklər".
Tofiq Abbasov: Onların əsas istəyi odur ki, milli suverenitetləri zəiflətsinlər
T.Abbasov vurğulayıb ki, böyük şəbəkələşmələr var idi və xüsusən, həssas bölgələrdə, etnik azlıqların yaşadığı yerlərdə aktivlik nümayiş etdirir, fəaliyyətlərini gücləndirirdilər:
"Çalışırdılar ki, yerli zəmində inqilabi situasiyanı formalaşdırsınlar. Separatçılıq təşəbbüslərinə dəstək verməklə yeni müstəqil olmuş ölkənin güclənməsinə imkan verməsinlər. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra əsas şüarı və məqsədi hüquqi dövlət yaratmaq, milli demokratiyanı gücləndirmək, müstəqilliyimizi qoruyub saxlamaq və bu zəmində ərazi bütövlüyünü bərpa etmək idi. Bunların olması üçün milli institutlarımız əməlli-başlı fəaliyyətə başlamalı idi. Milli institutların da ilk vəzifəsi öz milli kadlarımızı, milli qüvvələrimizi yetişdirmək idi. Həmin dövrlərdə yeniyetmələrin, gənclərin beyinlərini yuyurdular ki, guya milli dəyərlər artıq mahiyyətini itirməkdədir. İndi də qlobalizm, ultraqlobalizm deyilən cərəyanlar eyni məqsədə xidmət edir. Həmin güclərin diqqət yönəltdiyi əsas məqam münaqişə zonaları yaratmaqdan ibarətdir".
Ekspert əlavə edib ki, ultraqlobalizm bizim üçün də böyük təhlükədir:
"Onların əsas istəyi odur ki, milli suverenitetləri zəiflətsinlər. Dünyanın idarəetməsində əsas element kimi 12-15 transmilli şirkət söz sahibi olsun. Dünya bazarlarını, tranzitləri, təbii sərvətləri idarə etməyə çalışırlar. Postmodern dünyada yaşadığımız üçün həmin dairələr də öz məqsədlərinə çatmaq üçün daha çox gənclərdən istifadə edirlər. Qlobalistlər isə deyirlər ki, hələ tezdir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu hələ öz missiyasını tamamlaya bilməyiblər. Yəni dövlətlərin, milli suveniritetlərin hələ öz mahiyyətini itirmədiyini vurğulayırlar. Bu məsələdə onlar arasında ixtilaflar var".
Aydın Baxış