• Bakı 17° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Sülh cəhdlərinə yeni nəfəs: Rusiya-Ukrayna dialoqu Türkiyədə bərpa olunur

SİYASƏT

12 May 2025 | 16:44

Sülh cəhdlərinə yeni nəfəs: Rusiya-Ukrayna dialoqu Türkiyədə bərpa olunur

Türkiyə bir müddətdir ki, Rusiya və Ukrayna arasında vasitəçilik səylərini davam etdirir və bu görüşün baş tutacağı təqdirdə sülh prosesində mühüm dönüş nöqtəsi ola biləcəyi bildirilir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu kontekstdə Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın 12 may tarixindən etibarən tam və uzunmüddətli atəşkəsə əməl edəcəyini gözlədiyini bildirib. Zelenski Rusiya lideri Vladimir Putinə birbaşa çağırış edərək onunla şəxsən Türkiyədə görüşməyə hazır olduğunu bildirib. Zelenski mayın 15-də rusiyalı həmkarı Vladimir Putini Türkiyədə şəxsən gözləyəcəyini deyib.

Qeyd edək ki, daha əvvəl Rusiya lideri Vladimir Putin Türkiyənin ev sahibliyi məsələsi ilə bağlı türkiyəli həmkarından xahiş etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəflərin bu istəyinə münasibət bildirərək, "Türkiyə atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür töhfəni verməyə hazırdır" fikrini söyləyib.

Maraqlıdır ki, Türkiyənin vasitəçiliyi ilə tərəflərin razılaşma əldə etməsi həqiqətən mümkün ola bilərmi?

Mövzu ilə bağlı politoloq Taleh Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Böyük Britaniya, Fransa, Almaniya və Polşa liderlərinin mayın 10-da Kiyevə səfərində verilən mesajlar Rusiya prezidenti Vladimir Putini operativ hərəkət etməyə məcbur edir.

Onun sözlərinə görə, elə həmin gün gecə saat 03:00 radələrində Putin mətbuat konfransı keçirərək, Türkiyənin vasitəçiliyi fonunda Ukrayna ilə sülh masasında oturmağa hazır olduğunu bəyan etdi. Bu bəyanatın ardınca Ukrayna prezidenti Volodimir Zelenski İstanbula gedərək, Putinlə görüşməyə hazır olduğunu açıqladı:

"Bu prosesin sülh istəyən hər bir dövlət tərəfindən alqışlanması başadüşülən və gözlənilən bir hərəkətdir. Lakin tərəflərin sülhə gedən yolda məlum şərtlərində və prinsipiallığında dəyişiklik olmasa, sülhün əldə olunacağı bir qədər real görünmür. Çünki Rusiya tərəfi sülh razılaşması dedikdə, əsas şərtlər kimi işğal etdiyi Ukrayna ərazilərini özündə saxlamağı, Ukraynanı bitərəf dövlətə çevirməyi və Kiyevin NATO-ya üzvlükdən imtina etməsini istəyir. Ukrayna tərəfi isə sülhün əldə edilməsi üçün ərazi bütövlüyünün tanınmasını qırmızı xətt kimi qeyd edir. Belə olan təqdirdə sülhün əldə olunması o qədər də mümkün görünmür”.

Müsahibimizə görə, ABŞ və digər Avropa ölkələrinin təklif etdiyi uzunmüddətli atəşkəs isə Rusiyanı qane etmir. Ona görə ki, atəşkəs fonunda Qərb Ukraynanın dirçəlməsi üçün maliyyə dəstəyi ilə yanaşı, Ukrayna ordusunu müasir döyüş sursatları ilə təmin edə bilər. Rusiyaya qarşı sanksiyaların götürülməməsi isə onun iqtisadiyyatı üçün yenə də ağır bədəllərin ödənməsini qüvvədə saxlayacaq.

Taleh Əliyev: Rusiya və Ukrayna arasında növbəti raundun İstanbulda keçirilməsi sevindirici haldır

T.Əliyevin fikrincə, mövcud şəraitdə sülh razılaşması əldə olunmazsa, uzunmüddətli atəşkəsə nail olmaq da real görünmür. Baxmayaraq ki, Ərdoğanla Putin arasında münasibətlər yüksək səviyyədədir. O cümlədən, Zelenski-Ərdoğan münasibətləri də həm şəxsi, həm də ikitərəfli dövlətlərarası münasibətlər müstəvisində müsbətdir.

"Bütün hallarda Rusiya və Ukrayna arasında növbəti raundun İstanbulda keçirilməsi sevindirici haldır. Bu, Türkiyənin regional proseslərdə əhəmiyyətinin artdığını göstərir. Eyni zamanda qısa müddətdə olsa da, günahsız insanların ölməsinin qarşısını alacaq bir proses kimi dəyərləndirmək olar. Əks halda sülh danışıqlarının gözləntiləri doğruldacağı real görünmür. Çünki tərəflərin mövqeyi tamamilə bir-birinə ziddir", - deyə Taleh Əliyev qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR