• Bakı C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Süni intellekt sistemləri: Şəxsi məlumatlarınız ələ keçirilə bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

13 Yanvar 2025 | 11:09

Süni intellekt sistemləri: Şəxsi məlumatlarınız ələ keçirilə bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

Texnologiya dövründə yaşayırıq. Bu texnologiyalar insanların həyatını asanlaşdırıb. Ancaq hər kəsin evinə ayaq açan bu texnologiyalar kibercinayətkarlıq hallarının artmasına da səbəb olur.

Hətta bu gün sosial şəbəkələrdə bəzi insanların Chat GPT kimi süni intellekt proqramları ilə yazışdıqlarının, onunla “psixoloq”la danışırmış kimi dərdləşdiyinin şahidi oluruq. Şəxs problemini, hiss etdiklərini yazır və qarşılığında süni intellekt ona “məsləhət”lər verir.

Maraqlıdır, bu tip proqramlara daxil edilən şəxsi məlumatlar sonradan şəxsin özünə qarşı istifadə oluna və oğurlana bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən İT üzrə mütəxəssis Əmrah Mövsümzadə bildirib ki, Chat GPT kimi süni intellekt sistemləri alınan informasiyaları təhlil etmək üçün qəbul edir, saxlayır, üzərində analiz keçirir.

Əmrah Mövsümzadə: Gizli formada danışıqlar dinlənilə, şəkillər çəkilə bilər

Maşın öyrənməsi deyilən texnologiyanın da belə işlədiyini deyən Ə.Mövsümzadə izah edib ki, o, verilən bütün məlumatları, göndərilən bütün sənədləri, şəkilləri təhlil edilməsi zəruri olduğu üçün bir müddət saxlayır:

“Məsələn, ora verilən həssas informasiyalar, şəxsi məlumatlar Chat GPT-nin bazası kənar müdaxiləyə məruz qalarsa, məlumat sızıntıları baş versə, bəli, sızdırıla bilər. Ona görə də, çox həssas informasiyaları bu tip sistemlərlə bölüşməmək lazımdır”.

Müsahibimiz Chat GPT kimi süni intellekt maşınlarına şamil edilən fikirlərin “Siri” və ya digər virtual asistentlərə də aid edildiyini qeyd edib. Ə.Mövsümzadə əlavə edib ki, bu tip virtual asistentlər də əgər kənar müdaxiləyə məruz qalsa, ya da işlənmə mexanizmləri modifikasiya olunsa, məlumatlar sızdırıla, məlumatlardan qeyri-qanuni formada istifadə oluna bilər.

Ekspert vurğulayıb ki, xüsusən də “Siri” kimi virtual asistentlər mikrofonu aktivləşdirmək, kameranı açıb-bağlamaq, fayllar, bəzi həssas parametrlər kimi telefonda bir çox hissəyə giriş imkanı alır:

“Bunlar kənar müdaxiləyə məruz qalarsa, otaqdakı danışıqlar gizli formada dinlənilə, kamera aktivləşdirilib gizli formada şəkillər çəkə və kibercinayətkara göndərilə bilər”.

Həmsöhbətimiz bu tip məsələlərdə vətəndaşları diqqətli olmağa və həssas yanaşmağa çağırıb:

“Çünki telefondakı danışıqlar, şəxsi yazışmalar, adicə doğru mənbədən yüklənilməmiş, modifikasiya olunmuş proqram onların cihazlarında müəyyən vektorlar yarada bilər. Bunlar da insanların şəxsi məlumatlarının gizli formada başqa şəxslərin əlinə keçməsinə səbəb ola bilər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR