• Bakı 19° C

    7.21 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Tələbə intiharları: Valideyn diqqətsizliyi, kənar müdaxilələr...

CƏMİYYƏT

25 Aprel 2024 | 14:26

Tələbə intiharları: Valideyn diqqətsizliyi, kənar müdaxilələr...

 Son zamanlar ölkəmizdə tələbə ölümləri və intihar cəhdləri ilə bağlı faktlara sıx rast gəlinir.

Bakıvaxtı.az xəbər verir ki, bəzi hallarda bu ölümlər qəfil baş verir. Səhiyyə Nazirliyinin məlumatına görə, qəfil ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəlikləri səbəbindən baş verir. Ürək-damar xəstəliklərindən ölənlərin yüksək faizini isə cavanlar təşkil edir. Lakin bilərəkdən həyatına qəsd edən tələbələr də var.

Bəs görəsən, tələbələrin intihara meylli olmasının qarşısını necə almaq lazımdır?

Təhsil eksperti Elçin Əfəndi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, tələbələrlə bağlı bu cür halların yaşanması heç də ürəkaçan deyil. Bütün hallarda bu gün tələbə ölümləri əsasən yol qəzalarında, hansısa mübahisə zamanı baş verir. Ona görə də tələbələr maksimum diqqətli davranmalıdırlar:

"İntihar və intihara cəhd faktlarına gəlincə, tələbə və şagirdlərin bu davranışının qarşısını almaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmin uşaqlarla və onların ailəsi ilə işləməlidir. Əgər psixoloji gərginlik və depressiv hallar müşahidə olunarsa, şəxsi bu vəziyyətdən çıxarmağa çalışmalıdırlar”.

Onun sözlərinə görə, problemin kökünə sosial tərəfdən də yanaşmaq lazımdır. Bundan başqa, imtahan nəticələri ilə bağlı kənar şəxslərin və ailə üzvlərinin müəyyən qısnaması da intihara cəhd hallarına təsir göstərir:

“Bütün hallarda heç bir məsələyə görə intihara cəhd etməyə dəyməz. Yaxşı olar ki, valideynlər övladlarına qarşı daha həssas və diqqətli olsunlar".

İntihar cəhdləri və ölüm faktlarında iki əsas amilin olduğunu vurğulayan psixoloq İlahə Dadaşova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu amillərə sosial və psixoloji vəziyyət daxildir.

Psixoloqa görə, sosial amil çərçivəsində tələbələrdə mühit dəyişikliyi, köçlə bağlı adaptasiya problemi, regionla paytaxtdakı maddi fərqlər intihara yol aça bilir. Bu o deməkdir ki, istənilən sosial problem psixoloji narahatlığa səbəb olur. Psixoloji narahatlığı olan insanlar yuxu pozğunluğundan, aqressivlikdən əziyyət çəkirlər. Eyni zamanda şəxsin öz yaşıdları ilə münasibəti də pisləşir.

Onun sözlərinə görə, bəzi hallarda şəxsin sosial problemi olmasa da, psixoloji problem yaşayır:

“Xüsusən də yeniyetməlik dövründə özünə qapanıq olan şəxslər tələbəlik dövründə yaşıdları ilə ünsiyyət qura bilmirlər. Nəticədə intihara meylli olurlar”.

Müsahibimiz qeyd edib ki, bundan başqa, imtahan ərəfəsində valideyn basqısı ilə üzləşən abituriyentlərin sayı heç də az deyil:

“Bu ərəfədə uşaqlar əsasən "Universitetə girməsən, biabır olacağıq", "Filankəsə nə deyəcəyik?!" tipli psixoloji təzyiqlərlə üzləşirlər. Bu cür təzyiqlər şəxsə şüuraltı təsir edir. Ona görə də hər hansısa uğursuzluqla üzləşən tələbələr intihara cəhd atırlar. Təəssüf ki, bəzi hallarda bu cəhdlər ölümlə nəticələnir".

İ.Dadaşova valideynlərə tövsiyə edir ki, uşaqlarına qarşı qayğıkeş davransınlar. Övladları hər hansısa uğursuzluqla üzləşəndə onlara psixoloji təzyiq etməkdən çəkinsinlər. Əksinə daim övladlarının yanında olduqlarını hiss etdirsinlər.

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 May 2024