Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısı bu dəfə yalnız ənənəvi məsləhətləşmə formatı deyil, türk dünyasının gələcək strateji istiqamətini müəyyən edən tarixi hadisə kimi diqqət çəkir.
Toplantının əsas müzakirə mövzularından biri kimi önə çıxan Vaşinqton razılaşması və Zəngəzur dəhlizi məsələsi regionun geosiyasi xəritəsini yenidən formalaşdıra biləcək miqyasda əhəmiyyət daşıyır. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə Cənubi Qafqazda yeni mərhələnin başlanması təkcə iki ölkə arasında münasibətlərin normallaşması demək deyil, həm də bütövlükdə türk dünyası üçün yeni koordinasiya və inteqrasiya imkanlarının açılması anlamına gəlir. Prezident İlham Əliyev bu mərhələdə müttəfiqlərlə birgə hərəkətin vacibliyini önə çəkərək, yeni reallıqların TDT çərçivəsində düzgün istiqamətə yönəldilməsini hədəfləyir.
Zəngəzur dəhlizinin açılması təkcə iqtisadi və logistika layihəsi deyil, türk coğrafiyasının uzun illər davam edən coğrafi parçalanmasına son qoymaq baxımından strateji və ideoloji əhəmiyyət kəsb edir.
2009-cu ildə Naxçıvanda əsası qoyulan Türk Şurasının yaradılmasında əsas məqsədlərdən biri türk dövlətləri arasında fiziki və mənəvi bağları gücləndirmək idi. Prezident İlham Əliyevin 2019-cu ildə Bakı zirvəsində səsləndirdiyi “Zəngəzur bölgəsinin Azərbaycandan alınaraq Ermənistana verilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı” fikri bu tarixi hədəfin mahiyyətini açıq şəkildə ifadə etmişdi. Bu gün isə həmin ideya real siyasi, diplomatik və infrastruktur layihələr vasitəsilə həyata keçirilməyə başlanır.
Dəhlizin ABŞ tərəfindən dəstəklənən TRİPP layihəsi çərçivəsində formalaşması beynəlxalq maraqların kəsişdiyi yeni bir əməkdaşlıq platformasının yaranmasına səbəb olub. Lakin əsas məqsəd dəyişmir - türk dövlətlərinin birləşdirici xəttinin açılması və Orta dəhlizin strateji əhəmiyyətinin artırılmasıdır. Bu kontekstdə Qəbələ zirvəsi yalnız hadisələrin gedişinə reaksiya vermək deyil, eyni zamanda, proseslərin istiqamətini müəyyən etmək baxımından da önəmlidir. Türk dünyası qarşıdakı dövrdə bu coğrafi bütövlükdən istifadə edərək iqtisadi, siyasi və təhlükəsizlik sahələrində inteqrasiyanı daha da dərinləşdirməlidir.
Orta dəhliz artıq sadəcə nəqliyyat marşrutu kimi deyil, Avrasiya məkanında yeni güc balansının formalaşmasında əsas strateji xətt kimi çıxış edir. Bu dəhliz üzərində formalaşan iqtisadi və geosiyasi maraqlar türk dövlətlərinin regional təsir imkanlarını genişləndirir, eyni zamanda, xarici güclərin bölgəyə yönəlik təsir mexanizmlərini məhdudlaşdırır.
Qəbələdə keçirilən zirvə toplantısı yüz il əvvəl yarımçıq qalmış bir ideyanın - vahid türk coğrafiyasının bərpası istiqamətində atılmış mühüm addım kimi tarixə düşəcək. Bu proses artıq yalnız siyasi bəyanatlarla deyil, real layihələr və koordinasiyalı fəaliyyət mexanizmləri ilə müşayiət olunur. Zəngəzur dəhlizi türk dünyasının XXI əsrdə öz taleyini birgə müəyyənləşdirmək əzmini təcəssüm etdirən yeni tarixi mərhələnin rəmzinə çevrilir.
Ruslan Zəngəzur