Qazax rayonunda heyvan alverçiləri arasında bıçaqlanma olub.
Bakıvaxtı.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə Qazax rayonu ərazisindəki "Mal bazarı" adlanan ərazidə baş verib.
Ağstafa rayon sakini, 1982-ci il təvəllüdlü Namaz Qədiməliyev iki il əvvəl Süleyman adlı şəxsdən aldığı quzunun pulunu ödəməyib. İki ildən sonra Süleymanın qardaşı Adil Nəbiyev Qədiməliyevin yaşadığı ünvana gedərək, pulu tələb edib. Namaz pulunu ödəyəcəyini bildirsə də, tərəflər arasında mübahisə yaranıb və Adil Namazı söyüb.
Hadisədən bir gün sonra Namaz Ağstafada spirtli içki qəbul etdikdən sonra gecə saat 4 radələrində Qazaxdakı bazara gedərək yenidən Adillə rastlaşıb və mübahisə başlayıb. Nəticədə Namaz özü ilə gətirdiyi bıçaqla Adilə bir neçə zərbə endirib və hadisə yerindən qaçıb.
Polis tərəfindən Ağstafa rayonunda saxlanılan Namaz Qədiməliyev barəsində cinayət işi başlanıb və həbs qətimkan tədbiri seçilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.