• Bakı 16° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Ana dilimizə  əhəmiyyət verməsək ... -  Dos. İlham Əhmədov yazır
YAZARLAR
17 Dekabr 2021 | 11:27

Ana dilimizə  əhəmiyyət verməsək ... -  Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Təhsil, xüsusən də orta təhsil ana dilində olmalıdır.  Ana dili  şəxsiyyətin, millətin və dövlətin  formalaşmasında, inkişafında xüsusi rola  malikdir.  

Bunu bütün millətlər, xalqlar və dövlətlər çox yaxşı başa düşür, ona görə də milli  təhsillərini dövlət dilində  qurublar.   Heç Ermənistanda yaşayan erməni  təhsilini tükcə, gürcücə, farsca alarmı? Heç ruslar almanca, farslar  ərəbcə, ərəblər  türkcə, türklər  yunanca təhsil alarmı  öz vətənlərində?  Onlar  əcnəbidilli məktəblərinin sayı ilə fəxr edərlərmi? Niyə özümüzə  hörmət  etmirik?

“Ana dilimizə  əhəmiyyət verməsək  ola bilər ki,  günlərin  bir günü dilimiz  itər-batar, yox olar və bir millətin də ki,  dili batdı,  onda millət  özüdə batar”.  (Üzeyir Hacıbəyov).

Xalq,  dövlət,   millət  suverenlik əldə etməklə, hələ  müstəqillik olmur. Müstəqillik şüurda olmalıdır. Xüsusən xalqın elitasının düşüncəsində olmalıdır. Əgər milli elita öz ailəsində  ana dilində danışmırsa, deməli, o ölkə hələ də müstəqil deyil.  Yəni,  elitası milli ruha malik olmayan xalqın, müstəqilliyi formal olar. Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün.  (Nəriman Nərimanov).

Bakıda şagirdlərin 20 %-nin rus dilində təhsil alması  milli və dövlət təhlükəlisizliyi baxımından narahatedici  tendensiyadır (bəzi mənbələrdə bu, 34% kimi də göstərilir). Başqa bir ölkənin dilinin təhsil sisteminə belə müdaxiləsi,  dövlət dilindəki təhsili tədricən kölgədə qoyması, hesab edirik ki, müstəqilliyə, dövlətçiliyə, milli dirçəlişə, milli ideologiyaya da ciddi  təhdiddir. Belə faktlarla xüsusi fəxr etmək isə  heç  bir halda anlaşılan  deyil.

Uşaqlarımız niyə  dövlət dilində yox, əcnəbi dildə təhsil almalıdır?  Bunu bəziləri  fəxr sayırlar.  Hesab edirik ki, əcnəbi dilli məktəblər büdcə hesabına yox, ödənişli olmalıdır. Bu, dünyanın hər yerində belədir. Konstitusiyamızda və  “Təhsil haqqında” Qanunda da belə qeyd edilib. 

Ana dilimizə, ümummilli lider Heydər Əliyev çox yüksək dəyər verirdi. Onun  ana dilinə aid  bəzi aforizmlərinə diqqət edək: “…Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. … Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir….Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. … Gənclərimiz tariximizi, dilimizi, mədəniyyətimizi və dini dəyərlərimizi yaxşı bilməlidirlər.” Sonuncu fikirdə  qeyd edilən keyfiyyətlər  məhz ana dilli təhsil vasitəsi  ilə aşılana bilər. 

Bəziləri deyir ki, rus bölməsində təhsil keyfiyyətlidir. Hesab edirəm ki, bu, səhv fikirdir.  Eyni nazirlik, eyni məzmun, eyni dərsliklər, eyni müəllimlər, bəzən eyni müəllim hər iki bölmədə dərs aparır.  Bu səbəblərdən də təhsilin  keyfiyyətində ciddi fərq  ola bilməz.  Bəli, sovet vaxtı rus və Azərbaycan bölmələri keyfiyyətcə fərqlənirdi, indi o fərq hiss edilmir,  sadəcə rus bölməsində oxuyan uşaqlar çox vaxt  maddi cəhətdən imkanlı və təhsilli  ailələrdən olurlar,  onların əlavə təhsil almaq imkanları daha çox olur.

Rus bölməsinin məzunlarının  qəbul imtahanlarında müəyyən üstünlüləri var, məncə, bu,    süni olaraq  yaradılıb.  Azərbaycan dilində resursların azlığından və keyfiyyətsizliyindən də şikayət edirlər, bu haqlı şikayətdir, Təhsil Nazirliyi bu problemi həll etməlidir, amma  30 ildir ki, həll edə bilmir. 

Əlavə dil bilmək yaxşıdır, amma bu, ana dilinə laqeyd yanaşmağın hesabına olmamalıdır. Şəhərdə çoxlu dil kursları  var, kimlər  əlavə xarici dil öyrənmək istəsə bu kurslara yazıla bilərlər.  İnternetdə  rus və digər əcnəbi dilləri öyrənmək istəyənlər üçün çoxlu pulsuz  kitablar, audio, video resurslar var. Hesab edirəm ki, orta səviyyəli şagird  öz üzərində işləsə, bu kurslarda 1 ilə danışıq dilini öyrənə bilər.

Əgər  valideynlər  övladlarını əcnəbi dildə oxutmaq istəyirlərsə, tanınmış rus pedaqoqu Uşinskinin  sözlərini unutmasınlar.  Belə ki,  Uşinski uşaqların ana dilində tərbiyəsi və təhsilinin həyata keçirilməsi üçün inadla mübarizə aparırdı. O yazırdı ki, məktəbdə əcnəbi dildə tədris  uşaqların güc və bacarıqlarının təbii inkişafını ləngidir, bu  vəziyyət uşaqların və xalqın inkişafı üçün faydasızdır, …ana dili ən böyük milli tərbiyəçidir.  O deyirdi ki,  ana dili   “bilik  öyrəndiyimiz və onu gələcək nəsillərə  ötürdüyümüz yeganə vasitədir”.  O,   ana dilini mənimsəməyi ibtidai təhsilin əsas vəzifəsi hesab edirdi.   Uşinskinin fikrincə, məktəbdə ana dili, “bütün başqa fənlərin nəticələrini  özünə hopduran əsas fənni  olmalıdır”.

Pedaqoq hesab edirdi ki, uşaq kiçik yaşlarından xalq mədəniyyətinin elementlərini mənimsəməyə ana dilini öyrənməklə başlayır…  


SON XƏBƏRLƏR