“Ermənistan istənilən şəkildə Azərbaycanla sülh sazişinin imzalanmasını istəyir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şəhrhçi Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, İrəvan hökuməti bu cür davranışları son dövrlərdə dəfələrlə nümayiş etdirib:
"Ancaq məsələ ondadır ki, İrəvan sülh istəsə də, sülh sazişinin imzalanmasına mane olan məqamları aradan qaldırmaq gücündə deyil. Söhbət ilk növbədə Ermənistanda Konstitusiyanın dəyişdirilməsindən və yeni Konstitusiyanın qəbul edilməsindən gedir. Parlament seçkilərinədək Ermənistan hökuməti bu addımı atmağa cəsarət etmir. İmza atılacaq hansısa sənədin seçkilərin nəticəsini mənfi təsir göstərəcəyindən ehtiyatlanır. Bu səbəbdən Konstitusiyanın 2026-cı ilin ikinci yarısından sonra qəbul oluna biləcəyini söyləyir. Bu da Azərbaycanı qane etmir”.
Müsahibimiz vurğulayıb ki, Azərbaycan uzun zaman gözləmək fikrində deyil:
“Ancaq Əbu-Dabi görüşündən sonra açıq şəkildə deyildi ki, sülh sazişini imzalamaq mümkün olmasa da, onu paraflamaq mümkündür. Yəni ilkin imzalama mərasimi təşkil oluna bilər".
Abutalıb Səmədov: Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh istiqamətində mühüm addımlar atıla bilər
Həmsöhbətimiz diqqətə çatdırıb ki, səlahiyyətli nümayəndə sülh sazişini paraflaya bilər. Dediyinə görə, gələn il də sülh sazişi ölkə liderləri tərəfindən imzalana bilər:
“Paraflanmaq deyiləndə səlahiyyətli nümayəndənin sazişin hər səhifəsini təsdiq etməsi nəzərdə tutulur. Bundan sonra həmin sənədə hansısa dəyişiklik edilə bilməz. Düşünürəm ki, yaxın zamanlarda belə bir addımın atılması mümkündür. Bu barədə ABŞ prezidenti Donald Tramp da bəyanat verdi. O da dedi ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh istiqamətində mühüm addımlar atıla bilər. Mümkündür ki, paraflanma mərasimində ABŞ-nin yüksək rütbəli məmurları da iştirak edə bilər. Hətta bu mərasim ABŞ-də də baş tuta bilər”.
Abutalıb Səmədov onu da qeyd edib ki, əgər ABŞ və Ermənistan Azərbaycan hakimiyətini qane edəcək təminatlar irəli sürərsə və bu təminatlar bütün narahatlıqları aradan qaldırarsa, bəlkə də Konstitusiyanın dəyişdirilməsinə qədər də müəyyən addımlar atıla bilər.
Qeyd edək ki, Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında keçirilən görüşdə saziş layihəsinin paraflanması ideyası irəli sürülüb. Sülh sazişi adətən tərəflər arasında aparılan diplomatik danışıqlar nəticəsində hazırlanır. Bu mərhələdə tərəflər arasında mübahisələrin detallarına dair müddəalar, qarşılıqlı öhdəliklər, sərhədlər, təhlükəsizlik zəmanətləri və digər vacib şərtlər ekspert qrupları və danışıqlar heyətləri tərəfindən müzakirə olunur. Mətnin ilkin layihəsi razılaşdırıldıqdan sonra texniki və hüquqi baxımdan yoxlanılır. Azərbaycanla Ermənistan bu mərhələni artıq yekunlaşdırıb. Mətn üzərində razılıq əldə edildikdən sonra tərəflərin rəsmi nümayəndələri sənədi paraflayır. Paraflanma sənədin hər səhifəsinin və ya son səhifəsinin baş hərflərlə imzalanmasıdır. Bu proses sazişin mətni üzərində razılığın əldə edildiyini, lakin sənədin hələ rəsmi şəkildə qüvvəyə minmədiyini göstərir. Bu mərhələ siyasi razılaşmanın simvolik təsdiqidir və əksər hallarda imzalanma mərhələsinə hazırlıq sayılır.
Prezident İlham Əliyev də Xankəndidəki Media Forumunda məsələ ilə bağlı dedi ki, "mətn paraflana bilər və Azərbaycan tərəfi artıq bu təkliflə çıxış edib". Tərəflər bütün mübahisəli məsələləri həll etdikdən sonra saziş layihəsi imzalanacaq.
Onu da qeyd edək ki, Azərbaycan iki şərtin yerinə yetirilməsindən sonra sazişi imzalamağa hazır olduğunu bəyan edib.
Aydın Baxış