Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 18,483 milyard manat təşkil edib.
Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 % çoxdur.
Üç aylıq dövriyyənin 78,9 %-ni pərakəndə ticarət, 18,1 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 4,9 % artaraq 17,7 milyard manata çatıb ki, onun da 44,9 %-i və yaxud 7,95 milyard manatı (2,5 % çox) fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə dövlət mülkiyyəti üzrə təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 10,8 % artaraq 775 milyon manata çatıb.