"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu günə planlaşdırılan bir sıra Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.
Bakıvaxt.az AZAL-a istinadən xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək.
Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaq.
"Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, eləcə də dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır. Uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən verilmir. Qərarlar marşrut boyunca, qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir. Belə meteoroloji hallar uçuşun təhlükəsizliyinə ciddi təsir göstərdiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq qərarlar qəbul edirlər", - deyə məlumatda qeyd olunub.












