"Çelsi" üçün "Qarabağ"la oyun çətin keçib.
Bakıvaxtı.az xəbər verir ki, bunu İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Entso Mareska mətbuat konfransında deyib.
Mütəxəssis "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan sonra fikirlərini bölüşüb:
"Heyətimizdə zədəli oyunçular var idi. Meydandakı düzülüşü düzgün etməyə çalışdıq. Qarşılaşmaya yaxşı başladıq, hətta qol da vurduq. Təəssüf ki, daha sonra qapımızda iki qol gördük. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Komandamız 3 gündən bir oyun keçirir. Bizim üçün ağır gecə idi. Doğrusunu söyləmək lazımdırsa, pis qollar buraxdıq".
O, Ağdam təmsilçisinin meydanda özünü yaxşı tərəfdən göstərdiyini vurğulayıb:
"Qarabağ"ın yaxşı komanda olduğunu daha əvvəldən demişdim. Onlara qarşı çıxış etmək bizim üçün çətin idi. Çempionlar Liqasında hər cürə nəticəyə hazır olmaq lazımdır".
Mareska "Qarabağ" azarkeşlərinin əla atmosfer yaratdıqlarını söyləyib:
"Stadionda çox yaxşı ab-hava var idi. Qələbə qazanmaq istəyirdik, lakin olmadı. Gücmüzü toplayıb, növbəti matçlarda qalib gəlməyi düşünürük".
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Bakı 











