"Bir il ərzində Çin və Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsi 22,5% artıb, məncə, bu, yaxşı göstəricidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Li Sinvey dekabrın 17-də jurnalistlərlə söhbətində bildirib.
Diplomat 2025-ci ili simvolik il adlandırıb və məhz bu il Ermənistana səfir təyin olunduğunu xatırladıb. O, strateji tərəfdaşlığı təsis edən sənədin imzalanmasına toxunaraq qeyd edib: "Ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldırmaq işində iştirak etmək mənim üçün böyük şərəfdir".
Səfir əlavə edib ki, Ermənistan Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) qoşulub ki, bu da böyük bir hadisədir. Li Sinvey Çinin bu proses çərçivəsində də Ermənistana dəstək verməyə hazır olduğunu bildirib.
"Hesab edirəm ki, bu, iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün də yaxşı əsasdır", - deyə səfir vurğulayıb.
Zeynəb Rzayeva
Bakı 












