"Ölkəmizdə 4244 kənd var. Bu, böyük sərvətdir. Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisad, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevrilib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü növbədənkənar sessiyası üzrə iclasında deputat Zahid Oruc “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hökumət Bakının 2040-cı il Baş Planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3,17 milyon nəfər olacaq.
"Halbuki qeyri-rəsmi məlumatlara görə, həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 63 rayonun yalnız 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni, rayonların cəmi 46 faizinin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min – 100 min arası əhali yaşayır. 4244 kəndin yalnız 92-də əhali sayı 5000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır".
Deputat nəzərə çatdırıb ki, ölkəmizdə ümumilikdə 2023-cü ildə əhali tərəfindən 3.9 milyard kubmetr, Bakı şəhərində isə əhali tərəfindən 1,4 milyard kubmetr qaz istehlak edilib.
"Yəni, ölkə üzrə təbii qaz istehlakının 36 %-i paytaxtın payına düşür. Əhali tərəfindən ümumilikdə 6,6 milyard kv/saat, Bakı şəhərində isə 2,8 milyard kv/saat elektrik enerjisi istehlak edilib. Yəni, ölkə üzrə elektrik enerjisi istehlakının 42 %-i paytaxtın payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23%-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektirk və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir".
Z.Oruc onu da vurğulayıb ki, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var və onun hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artıqdca, sıxlığın yaratdığı problemlər-mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq.
"Tarif siyasəti ilə yanaşı maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik".
Mina Mikayılova