Fransız dilində məşhur bir məsəl var: “La vie passe, il ne nous reste que les traces”. Tərcüməsi belədir: “Ömür keçir, bizə yalnız izlər qalır”.
Təbiət kimi insan ömrü, insan həyatı, insan taleyi də dəyişkəndir, rəngarəngdir, fərqli səciyyələrə malikdir. Kimi ömrünü “küləyə verir”, kimi də səmərəli həyat tərzi yaşayır. Birinci kateqoriyadan olanlar müəyyən mənada cəmiyyətə yük olurlar, ikincilər isə hərfi mənada deyil, mənəvi, intellektual və maarifçilik mənasında cəmiyyətin yükünü çəkirlər.
Hansı formada?
Öz maarifçi əsərləri, elmi, publisistik məqalələri, mediadakı dolğun çıxışları ilə güzgüyə çevrilib, cəmiyyətdəki qaranlıq məqamlara işıq tuturlar, zülməti aydınlaşdırırlar. Bu cür şəxsiyyətlərə mediatik dildə cəmiyyətin “Aydınları”, « Mayakları» deyirlər. Çünki onlar bəzi məşəqqətlərə rəğmən xalqın milli dili, milli tarixi, milli məfkurəsi, milli şüuru və milli mədəniyyətinin təssübünü çəkirlər. Keçmişdən öyrəndiklərini gələcəyə daşıyırlar. Hə, bəzən “keçmiş” sözü beyinlərdə köhnəfikirlilik, nimdaş və ya toz basmış düşüncə kimi assosiasiya olunur. Amma bunlar ayrı-ayr anlayışlardır. Keçmişdən qalıb, köhnələn yanaşmalar var, bir də keşmişdən qalıb, köhnəlməyən konsepsiyalar mövcuddur. Azərbaycan dilində belə məsəl var: “Keçmiş həmişə indikidir”. Yəni keçmişinə daş atanın gələcəyinə güllə atarlar. Bunu dərindən dərk və hiss edən aydınlar həmişə keçmişin ən müsbət nəsnələrini qoruyub, daim gələcək törəmələrə çatdırırlar.
Necə?
Kitab vasitəsilə... Belə kitablardan birini də Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili kafedrasının müdiri Salatın xanım Əhmədova qələmə alıb. Kitab belə adlanır: “Azərbaycanın qərb bölgəsi (Ağstafa-Qazax) dialektinin izahlı lüğəti”. Kitabın kontentinə keçməzdən əvvəl onun ərsəyə gəlmə səbəbi və ya düşüncə olaraq, yaranma amilinə diqqət edək. S.Əhmədova mənimlə söhbətində bu əsərin yazılması ilə bağlı maraqlı, maraqlı olduğu qədər də qəribə yaşantı ərz etdi. O bildirdi ki, uşaqlıqdan anası Güləbətin xanımla ədəbiyyatdan, cəmiyyətdə vaqe olan hadisələrdən çox danışarmış. Anasının leksikonundakı bütün dialekt və şivələri bir-biri “döşürüb” beyninə həkk edərmiş. Doğrudur, uzun illər tələbəlik həyatında və ondan sonrakı illərdə bu sözlərdən istifadə etməzmiş. Amma və lakin... Günlərin birində S.Əhmədovanın səhhətində problem yaranır və çox nadir hallarda baxdığı türk filmlərindən birini izləməli olur. Orada işlənən sözlərdən bəzilərini anasının dilindən eşitdiyini xatırlayır. Öncə bu sözlərin sayı az olsa da, filmi izlədikcə, anasının dilindən eşidib, lakin passiv beynə keçən ifadələri yenidən aktivləşdirib, onları kitaba köçürməli olur. S.Əhmədova övladları qədər sevdiyi bu kitabı özünün “Chef-d’oeuvre” (Şah əsəri) hesab edir.
Niyə?
Burada 3 amil var: bioloji, coğrafı və sosioloji...
Bioloji amil odur ki, kitabdakı dialekt və şivələri S.Əhmədova öz anasının dilindən eşidib və o sözlər müəllif üçün elə ana südü qədər təmiz, duru, halal, əziz və unudulmazdır.
Coğrafı amil ondan ibarətdir ki, S.Əhmədli Qərb bölgəsində dünyaya gəlib, dil açanda, ana, ata, baba, nənə kəlmələrini məhz o bölgənin ləhcəsi, aksenti ilə ifadə edib. Dizi və sözü orada bərkiyib. Qeyd-şərtsiz yazıram ki, bu gün doğulduğu məkanı, evi, yurdu, ocağı sevməyən adam bütöv Azərbaycanı sevə bilməz. Bu, izahsız dərk edilən məsələdir.
Sosioloji faktor budur ki, kitabda ideologiya var. Çünki sosioloji cəmiyyətlərdə insanlar ideologiyalar ətrafında birləşirlər. Kitab insanları, toplumu özündə ehtiva edə bilir. Qeyd olunan dialekt və şivələr milli dilə inteqrasiya etmək istəyən yad sözləri dildən kənarlaşdırır. Sadəcə toplum olaraq, bu kitabı oxuyub, oradakı sözləri dilimizdə işlədib, ümumişlək hala gətirməli və sonradan o sözlərə “pasport” verməliyik. Belə anlaşılmasın ki, dilimizə hansısa xarici dildən sözün inteqrasiyasına qarşıyam. Bu, belə deyil, amma öz dilimizdə bu söz varsa, niyə kənardan söz “almalıyıq”?!
Gələk kitabın kontentinə...
Kitabda milli-ictimai elmlərdən bəhs edilərkən onların hər birində birbaşa xalqla, onun mənəviyyatı ilə, mənəvi-milli sərvətləri, xəzinəsi ilə bağlı olan, daha doğrusu, ona daxil olan, onu daha dərindən öyrənən, araşdıran müəyyən bir sahə göstərilir, fərqləndirilir. Tarix elmindən danışarkən etnoqrafiya, ədəbiyyatşünaslıqdan söhbət açarkən şifahi xalq ədəbiyyatı, folklor, dilçilikdən bəhs edərkən dialektologiya kimi sahələr nəzərdə tutulur. Azərbaycan dilinin dialekt və şivələri zəngin, tükənməz bir mənəvi xəzinədir.
Bu xəzinənin söz yazarları, mənəvi yadigarları xalqımızın yalnız ana dilinin deyil, onun ruhunu, etnoqrafiyasını, inanclarını, adət-ənənələrini, fəlsəfi görüşlərini, müdrikliyini, peşə-sənət, maddi mədəniyyətini bütün dolğunluğu ilə əks etdirməklə neçə-neçə yüz illərdən bəri günümüzə çatdıra bilmiş, qoruyub mühafizə edə bilmişdir. Məhz elə dialekt və şivələrimizin belə zənginliyi, tükənməzliyi səbəbindəndir ki, bir əsrə bərabər zamanda bu sahədə çox qiymətli, elmi-əməli baxımdan fərəh doğuran araşdırmalar aparmaqla bitmir. Bu mövzu hələ də sözün tam mənasında işlənilib qurtarmamışdır. Bir halda ki, dialektologiya elmi Azərbaycanın dilçiliyində məktəb səviyyəsində özünü təsdiq edib, heç şübhəsiz, bu istiqamətdə gələcək araşdırmaların, çalışmaların mövzusu olacaqdır. Dialekt və şivə faktları uzun illər boyu yanaşı, toplum şəkildə yaşamış və sıx təmasda olmuş türk xalqları arasındakı qarşılıqlı əlaqələri, onların adət-ənənələrini, mühitini, keçmiş həyat tərzini, ictimai-siyasi həyatını, ədəbi-mədəni irsini, məişətini və s. öyrənməklə qədim yazılı abidələr və lüğətlər, qaynaqlar qədər etibarlı və əvəzsizdir.
Bir həqiqət də elmimizdə qəbul olunur ki, dialekt və şivələrimiz bu günə qədər həm ümumi şəkildə, həm də ayrılıqda, konkret bölgələr, mahallar üzrə də öyrənilmiş, hətta bəzən bir kəndin şivəsi də araşdırma obyekti olmuşdur. Bu mənada Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələri içərisində Ağstafa və Qazax şivələri də həmişə böyük maraq doğurmuşdur, bu gün də həmin regionun şivə materialları öyrənilməkdədir. Vaxtilə V.T.Cangidze “Azərbaycan dilinin Dmanisi şivəsinin xüsusiyyət- ləri” (Bakı, 1955), Ə.Cəfərli “Qazax dialekti” (Bakı, 1961) mövzularında namizədlik dissertasiyaları yazıb müdafiə etmişlər. Bu göstərdiklərimizlə yanaşı, onu da qeyd edək ki, Ağstafa və Qazax şivələrinin tamamilə öyrənilib qurtarması haqqında yekun söz söylənilməmişdir. Gələcəkdə belə tədqiqatlar, şübhəsiz ki, davam etdiriləcəkdir. Bu mənada filologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədovanın “Azərbaycan dilinin qərb bölgəsi dialektinin (Ağstafa və Qazax) izahlı lüğəti” adlı əsəri də xüsusi maraq doğurur. Kitaba Ağstafa və Qazax şivələrində işlənən söz və ifadələr daxildir.
Lüğətdə Ağstafa və Qazax rayonları ərazisindəki bütün yaşayış məntəqələrində bu bölgənin şivələrini səciyyələndirən, habelə Azərbaycan dilinin digər şivələrində işlənən, lakin Ağstafa və Qazax şivələrində fərqli mənalar kəsb edən sözlər verilir. Kitaba daxil edilən sözlər müxtəlif mətnlərlə izah olunur.
Salatın Əhmədovanın “Azərbaycan dilinin qərb (Ağstafa və Qazax) bölgəsi dialektinin izahlı lüğəti”nin Azərbaycan dialek- tologiyası, ədəbi dilimizin tarixi, lüğətçiliyimizin inkişafı, söz sənətimiz, onomalogiya sahəsi üçün, bütünlükdə xalqımızın soykökü, etnoqrafiyası, tarixi üçün xüsusilə faydalı olacağı şübhəsizdir.
Hazırladı: Ayyət Əhməd