Həcər Heydəri ilə bağlı sosial şəbəkələrdə yayılan və sonradan müxtəlif media resurslarında işıqlandırılan videonun müəllifinin Jalə Ələsgərova olması məsələyə fərqli prizmadan yanaşmağı zəruri edir.
Bakıvaxtı.az olaraq həmin videonu biz hazırlamamışıq, görüntülərin müəllifi olmamışıq və videoda səsləndirilən fikirlərin məsuliyyətini daşımırıq. Biz sadəcə sosial şəbəkədə yayılan və ictimai maraq doğuran materialı xəbər formatında təqdim etmişik.
Lakin bundan problem yaranıb...
Belə ki, videonu hazırlayan Jalə Ələsgərova həmin videonun yayılmasına görə onu paylaşan Bakıvaxtı.az-ın "Instagram" səhifəsini şikayət edib.
Jalə Ələsgərovanın narazı qalmaq, öz hazırladığı materialın necə təqdim olunması ilə bağlı mövqeyini bildirmək hüququ var. Ancaq burada məntiqi bir sual ortaya çıxır: Əgər video ictimaiyyətə təqdim olunmaq üçün hazırlanıb və sosial şəbəkədə yayımlanıbsa, onun mediada xəbər kimi işıqlandırılmasına görə media səhifəsinin hədəfə alınması nə dərəcədə doğrudur?
Daha açıq desək, materialı özün hazırlayırsansa, onu ictimaiyyətə təqdim edirsənsə, daha sonra həmin materialın mediada yayılmasına görə media səhifəsindən şikayət etməyin nə dərəcədə məntiqlidir?
Əgər problem videonun hansısa hissəsinin təqdimatındadırsa, bunu media qurumuna bildirmək, düzəliş tələb etmək və qarşı tərəfin mövqeyini təqdim etmək mümkündür.
Əgər problem videonun yayılmasındadırsa, o zaman ilk növbədə materialın ilkin yayımının hansı məqsədlə həyata keçirildiyi sual doğurur.
Bizim üçün əsas məsələ qərəzli yanaşmadır
Burada söhbət yalnız Bakıvaxtı.az-ın "Instagram" səhifəsinə edilən şikayətdən getmir. Ümumilikdə sosial şəbəkələrdə və mediada həmin video ilə bağlı materialların yayılmasından sonra mediaya qarşı sərgilənən münasibətdə qərəzli və seçici yanaşma görüntüsü yaranır.
Bakıvaxtı.az olaraq heç bir şəxsin etiraz bildirmək hüququnu mübahisələndirmirik. Lakin media qurumunun öz işini görməsinə şəxsi münasibətlərin təsir göstərməsi qəbuledilməzdir. Xüsusilə də söhbət özün hazırladığın videonun media tərəfindən yayılmasından gedirsə. Media resursu videonun müəllifi, jurnalist həmin görüntüləri çəkən şəxs deyil. Media qurumu sadəcə cəmiyyətin diqqətində olan materialı xəbər dövriyyəsinə daxil edib.
Jalə Ələsgərovanın səhvi məhz budur
Onun əsas səhvi videonun müəllifi ilə media resursunun funksiyasını eyniləşdirməsidir. Videonu hazırlamaq başqa, həmin videonu xəbər kimi yayımlamaq isə tamam başqa məsələdir. Əgər hazırladığınız materialı sosial şəbəkədə yayımlayırsınızsa, onun ictimaiyyətin diqqətinə çatacağını və başqa səhifələr tərəfindən paylaşılacağını nəzərə almaq lazımdır. Sonradan həmin materialı yayımlayan media səhifəsini hədəfə almaq isə ən azı ciddi suallar yaradır. Üstəlik, Bakıvaxtı.az həmin videoya özündən hər hansı məzmun əlavə etməyib və videonun müəllifi kimi çıxış etməyib. Odur ki, videoya görə media resursunun məsul tutulması cəhdi bizə görə əsassızdır.
Bakıvaxtı.az olaraq hər zaman qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Əgər Həcər Heydərinin və ya Jalə Ələsgərovanın yayımladığımız materialla bağlı iradı varsa, həmin iradı açıq şəkildə bildirə bilərlər. Faktiki səhv varsa, düzəldilməsi mümkündür. Qarşı tərəfin mövqeyi varsa, yayımlana bilər. Amma media qurumuna sosial şəbəkə şikayətləri ilə təsir göstərmək və ya onun fəaliyyətinə mane olmaq tamam başqa məsələdir.
Bizim mövqeyimiz dəyişməzdir: ictimai maraq doğuran materiallar qanun və jurnalistikanın prinsipləri çərçivəsində işıqlandırılacaq.
Sonda isə Jalə Ələsgərovaya sadə bir sual ünvanlayırıq:
Videonu siz hazırlamısınız, onu sosial şəbəkədə siz yayımlamısınız və həmin materialın yayılmasına görə media səhifəsini şikayət etmisiniz. Bəs problem videonun mediada yayımlanmasındadırsa, həmin videonu ictimaiyyətə təqdim etməkdə məqsəd nə olub?
Bu suala veriləcək cavab məsələnin mahiyyətini daha aydın göstərəcək.
Ardı var...
Əli Hüseynov












