İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri, uzun illər xarici siyasət kursunun formalaşmasında mühüm rol oynamış Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinə qarşı əvvəlki mövqeyini bir daha açıq şəkildə səsləndirib. O, Tehranda Ermənistanın səfiri ilə görüş zamanı bu marşrutu “Tramp marşrutu” adlandıraraq İran üçün qəbuledilməz hesab etdiyini bildirib.
Məhz bu bəyanat, həm zamanlamasına, həm də ünvanlandığı auditoriyaya görə, təkcə regional layihəyə münasibət deyil, İranın daxili siyasi balansındakı gərginliklərin göstəricisi kimi diqqət çəkir.
Vilayətinin mövqeyinin yenidən gündəmə gətirilməsi təsadüfi deyil. Xüsusilə İran xarici işlər naziri Abbas Əraqçinin Bakıya səfərindən sonra bu ritorikanın aktivləşməsi, Tehran siyasi elitası daxilində Zəngəzur dəhlizinə yanaşmada ciddi fikir ayrılıqlarının mövcud olduğunu ortaya qoyur. Mövcud administrasiya, Pezeşkian komandası bu dəhlizi İrana qarşı təhlükə kimi təqdim etmir və əksinə, regionda formalaşan yeni tranzit və təhlükəsizlik arxitekturasında İranın maraqlarının necə qoruna biləcəyi üzərində hesablanmış diplomatik xətt yürütməyə çalışır. Əraqçinin Bakı səfəri də məhz bu praqmatik yanaşmanın tərkib hissəsi idi.
Bu fonda Vilayətinin Ermənistan səfiri ilə görüşü və orada səsləndirilən sərt mövqe Pezeşkian administrasiyasının xəttinə qarşı açıq institusional etiraz təsiri bağışlayır. Bu, təkcə Zəngəzur dəhlizi ilə bağlı narazılıq deyil, həm də İran daxilində mühafizəkar dairələrin xarici siyasət gündəmini yenidən öz nəzarətinə almaq cəhdidir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, görüşlə bağlı Ermənistan səfirliyinin yaydığı rəsmi məlumatda Vilayətinin Zəngəzur dəhlizi əleyhinə açıqlamalarına yer verilməyib. Bu detal göstərir ki, rəsmi İrəvan da artıq Tehrandakı mühafizəkar ritorikanı paylaşmır və mövcud reallıqları fərqli oxuyur.
İran mühafizəkarlarının narahatlığının əsas səbəbi geosiyasi və struktur xarakter daşıyır. Zəngəzur dəhlizi regionda nəqliyyat xəritəsini dəyişir və İranın indiyədək sahib olduğu tranzit üstünlüklərini zəiflədir. Bu isə Tehranın həm iqtisadi, həm də siyasi leverage imkanlarını daraldır. Dəhlizin Qərb tərəfindən dəstəklənən mexanizmlərlə irəliləməsi isə mühafizəkar düşərgənin klassik təhlükə qavrayışını daha da gücləndirir. Lakin bu yanaşma regional reallıqlarla getdikcə daha az uzlaşır.
Mühafizəkar qanadın prosesə təsir göstərmək üçün bir neçə istiqamətdə cəhdlər edəcəyi istisna olunmur. Bunlara Pezeşkian administrasiyasına daxili təzyiqlərin artırılması, İran-Azərbaycan münasibətlərində normallaşma prosesini zəiflətməyə yönəlmiş addımlar, Ermənistanla təmasların intensivləşdirilməsi və Zəngəzur mövzusunda Rusiya ilə koordinasiyanın gücləndirilməsi daxildir. Lakin bu alətlərin effektivliyi əvvəlki dövrlərlə müqayisədə xeyli zəifdir.
Birincisi, Ermənistanın mövqeyi köklü şəkildə dəyişib və İrəvan artıq dəhlizi təhlükə deyil, iqtisadi və logistik çıxış yolu kimi dəyərləndirir.
İkincisi, İranın qarşısında indi təkcə Bakı və ya İrəvan deyil, prosesə siyasi və institusional dəstək verən ABŞ faktoru dayanır.
Üçüncüsü isə Rusiya Cənubi Qafqazda əvvəlki kimi sərbəst manevr imkanlarına malik deyil və Ukrayna müharibəsi fonunda Vaşinqtonun regional planlarını tam görməzlikdən gəlmək lüksünü itirib.
Nəticə etibarilə, Əli Əkbər Vilayətinin açıqlamaları Zəngəzur dəhlizini dayandırmaqdan daha çox, İran daxilində mövqelər uğrunda gedən mübarizənin xarici siyasət müstəvisinə çıxmış formasıdır. Region isə artıq bu daxili polemikaların fövqündə, bağlantı və tranzit məntiqi üzərində irəliləyir. İranın qarşısında duran əsas seçim dəhlizi ritorika ilə bloklamaq deyil, dəyişən reallığa uyğun mövqe tutmaqdır.
Alim Nəsirov
Bakı 












