• Bakı 19° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Simonyanlara- mimonyanlara deyin, öz yerində otursun... - Əkbər Qoşalı yazır
YAZARLAR
25 Iyun 2022 | 17:11

Simonyanlara- mimonyanlara deyin, öz yerində otursun... - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş bağlanıb. Sənəd 24 iyun 2022-ci ildə, Rusiya Federasiyanın Xarici işlər naziri Sergey Lavrovun Azərbaycan Respublikasına səfəri çərçivəsində iki ölkənin Xarici işlər nazirləri tərəfindən imzalanıb. 

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının təsirli şəkildə alınması məqsədinə xidmət edəcək. 

Bəs beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Sazişdə əsas təhdidlər sırasında hansı hallar göstərilib?

Tanış olaq:
- dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar;
- mühüm informasiya infrastrukturu obyektlərinə bilgisayar (başqa sözlə, xaker) hücumları;
- terrorçuluğun təbliğatı və terror məqsədləri;
- dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması;
- millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması;
- vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan bilgilərin etibarlı ismarıclar adı altında açıq şəkildə yayılması və digər hallar...

Tərəflər bu Sazişə əsasən öz öhdələrinə nəyi, hansı vəzifələri (məsuliyyəti) götürür? -

- Təhlükəsizlik və sabitliyin qorunub saxlanılması;
- suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı sayğı;
- mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına sayğı;
- həmçinin ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn hamı tərəfindən tanınmış prinsip və normalarına uyğun fəaliyyətin təmin edilməsi...

Rusiya və Azərbaycan arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq Sazişi bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan, başlıca təhdidlərə qarşı, 
o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan hallarda İKT-dən istifadə edilməsi ilə mübarizəni
(başqa sözlə, İKT-dən sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadəni) nəzərdə tutan əməkdaşlıq çərçivəsidir. 

Bu Sazişlə:

- Rusiya öz informasiya məkanından Azərbaycana mümkün təhdidləri bloklamalıdır;
- Saziş erməni lobbisinin və Ermənistanın Rusiyanın informasiya məkanında Azərbaycana qarşı fəaliyyətinə zərbə olacaq;
- Sazişlə Ermənistanın Rusiya informasiya məkanında anti-Azərbaycan fəaliyyətinə qarşı əsaslı, hüquqi təsir imkanları gücləndirilir. Heç təsadüfi deyil ki, Ermənistan qaragüruhu, eləcə də, onların Xankəndi və çevrəsində hələ də mövcud olan uzantısı (separatçılar) sözügedən yeni Sazişlə bağlı təşviş içindədir;
-Azərbaycan yeni Sazişlə terrorçuluğa qarşı mübarizəni daha da gücləndirmiş olur.

Açığını deyək: bugünədək adətən Rusiya Federasiyası informasiya məkanından, rusdilli beynəlxalq mediadan bizə qarşı təhdidlər, yanlış informasiyaların tirajlanması halları mövcud olub. Deməli, bu Saziş daha çox bizimçün yararlıdır. Doğrudur, Rusiya Federasiyası bundan öncə (ən yaxını, 22 fevral 2022-ci ildə) də öz üzərinə öhdəlik, məsuliyyət götürmüşdü lakin biz bu öhdəliyin elə ilk günlərdəncə pozulduğuna şahid olduq. Zatən hər şey yolunda olsaydı, bu yeni Sazişə də ehtiyac qalmazdı. Başqa bir məsələ ondan ibarətdir ki, hətta bu, İyun Sazişi, ondan öncəki Fevral Müqaviləsi olmasaydı belə, Rusiya Federasiyası bizim kimi sülhsevər, konstruktiv qonşuya qsrşı informasiya təhdidləri ilə çıxış etməməliydi. Elədirsə, cavab tədbirlərinin qaçınılmaz olacağını da qəbul etmək lazımdır. Azərbaycan ictimai fikri adətən öz dözümlülüyü ilə seçilibsə, qarşı (maraqlı) tərəflər bunu sadəlöhvlük kimi alqılamamalıdır. Kəsinliklə! Biz dözümlü olduğumuz qədər hücum diplomatiyasına da qabilik. Əgər o boyda resurslar, dil üstünlüyü və s. qarşılığında biz tərəfdən hansısa bloklanma, hansısa cavab tədbirləri qarşı tərəfi rahatsız edirsə, lütfən dürüst olsunlar, Simonyanlara-mimonyanlara desinlər, öz yerində otursun... Əgər öz yerləri varsa...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 


SON XƏBƏRLƏR