• Bakı 27° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Tehranın ziddiyyətli səsləri: İranın Azərbaycanla bağlı ikiüzlü siyasəti
SİYASƏT
15 Iyul 2025 | 17:55

Tehranın ziddiyyətli səsləri: İranın Azərbaycanla bağlı ikiüzlü siyasəti

İran daxilindəki siyasi münasibətlər sistemi çox zaman vahid mövqedən yox, ziddiyyətli açıqlamalardan ibarət olur. Rəsmi Tehran adından çıxış edən şəxslərin tez-tez bir-birini təkzib edən fikirlər səsləndirməsi ölkənin qərarvermə mexanizminin mərkəzsizliyini və müxtəlif güc mərkəzləri arasında koordinasiya çatışmazlığını ortaya qoyur. Ali dini liderin sərt, Qərb əleyhdarı ritorikasının fonunda, İran prezidentinin ABŞ-la əməkdaşlığa açıq olduğuna dair mesajlar verməsi bu parçalanmanın ən aydın nümunəsidir.

Eyni tendensiya İranın Azərbaycana münasibətində də müşahidə olunur. Rəsmi səviyyədə düşmənçilik ritorikasından uzaq bir ton müşahidə olunsa da, ali rəhbərliyin bəzi nümayəndələri, xüsusilə də Əli Əkbər Vilayəti kimi simalar, açıq şəkildə Azərbaycanı hədəf alan və onun xarici siyasətini hədəfə götürən bəyanatlar səsləndirirlər. Bu isə İranın yalnız dövlət deyil, ideoloji cəbhələrdən də Azərbaycanla münasibətlərini şərtləndirdiyini göstərir.

Azərbaycanın İsrail və Suriya arasında vasitəçilik səylərini “İslam dünyasına zidd” kimi dəyərləndirmək, əslində regionda sabitlik və dialoqdan çox, gərginlikdən faydalanmaq istəyən dairələrin mövqeyini əks etdirir. Halbuki bu cür diplomatik təşəbbüslər regionun müharibə təhlükəsindən uzaqlaşdırılması baxımından əhəmiyyətlidir. Təsadüfi deyil ki, Tehran özü də zaman-zaman İsraillə münasibətləri dolayısı yollarla müzakirə etmək cəhdlərində bulunub.

Eyni şəkildə, Azərbaycan neftinin İsrailə satılması məsələsi də illərdir İranın bəzi siyasi simalarının siyasi manipulyasiya vasitəsinə çevrilib. Halbuki bu, sırf kommersiya prinsipinə əsaslanan, birja mexanizmi ilə idarə olunan enerji siyasətidir və burada konkret ölkəyə qarşı qərəzli davranışdan söhbət belə gedə bilməz.

Ən acınacaqlısı isə odur ki, İran tərəfi Azərbaycan torpaqları işğal altında olan zaman susqun mövqe sərgiləmiş, Qarabağda dağıdılan məscidlərə qarşı heç bir ciddi etiraz bildirməmişdi. İndi isə azad edilmiş ərazilərdə məscidlərin bərpası belə, bəzi İran rəsmilərini narahat edir. Bu, onların əsas narahatlığının islam dəyərləri yox, geosiyasi nüfuz bölgüsündəki dəyişikliklər olduğunu göstərir.

Nəticə etibarilə, İran daxilindəki müxtəlif güc mərkəzlərinin Azərbaycan siyasəti ətrafında səsləndirdiyi ziddiyyətli fikirlər rəsmi Tehranın bu məsələdə vahid strateji yanaşmadan məhrum olduğunu, eləcə də bəzi dairələrin Azərbaycanın uğurlarına qısqanclıqla yanaşdığını sübut edir. Azərbaycan isə bu təzyiqlərə baxmayaraq, öz müstəqil siyasətini və regional təşəbbüskarlığını davam etdirməkdə qərarlıdır.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR

15 Iyul 2025