• Bakı 22° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

SOCAR “Moody’s”in investisiya reytinqi ilə bağlı gözləntilərini açıqlayıb

İQTİSADİYYAT

15 Iyul 2025 | 16:01

SOCAR “Moody’s”in investisiya reytinqi ilə bağlı gözləntilərini açıqlayıb

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqini “Baa3” (sabit) dərəcəsinə yüksəltməsi şirkətə təkcə risksevər (risk-seeking) deyil, həm də riskə meyilli olmayan (risk-averse) investorları cəlb etməsinə imkan yaradacaq.

Bu barədə Bakıvaxtı.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bu qərar SOCAR-ın investisiya oluna bilən dərəcədə olan reytinq statusunu təsdiqləməsinə, həm yerli, həm də beynəlxalq kapital bazarlarında istiqraz emissiyaları zamanı daha çox potensial sərmayədarları cəlb etməklə likvidliyə çıxışı yaxşılaşdırmasına, qiymətli kağızların buraxılışı zamanı müqayisədə daha aşağı faiz ilə yerləşdirməsinə, daha aşağı faizlə yerləşdirmə imkanının gələcək buraxılışlar üçün istinad nöqtəsi olmasına imkan yaradacaq.

“Moody’s”in qeyd etdiyi kimi, SOCAR-ın sağlam maliyyə göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi və təkmilləşdirilmiş korporativ idarəetmə mexanizmlərinin formalaşdırılması reytinqin yüksəldilməsinə təsir edən əsas amillərdir: "Neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, SOCAR ardıcıl dörd il müsbət sərbəst pul axını, etibarlı kredit göstəriciləri və sağlam likvidlik mövqeyi nümayiş etdirib. Reytinq, həmçinin SOCAR-ın davamlı olaraq beynəlxalq əməkdaşlığı genişləndirməsini də nəzərə alır. “Moody’s”in sabit proqnozu SOCAR-ın kredit keyfiyyətini və səmərəli maliyyə idarəçiliyini qoruyub saxlamaq bacarığına olan inamı əks etdirir".

Qeyd edək, “Moody’s” 2010-cu ildən SOCAR ilə kredit reytinqlərinin verilməsi üzrə əməkdaşlığa başlayıb və hazırkı “Baa3” reytinqi indiyədək əldə edilmiş ən yüksək dərəcədir.

Ötən il “Fitch” Beynəlxalq Reytinq Agentliyi SOCAR-a investisiya edilə bilən dərəcədə olan “BBB-“ (sabit) reytinqi verib.
Bundan əlavə, SOCAR ötən il özünün COP28 zamanı elan olunan dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək MSCI tərəfindən BBB ESG (Environment, Social and Governance – Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi alıb.


SON XƏBƏRLƏR