• Bakı 23° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Zəngəzur dəhlizində “100 illik icarə” təklifi: ABŞ nə istəyir, region nə itirə bilər?

SİYASƏT

15 Iyul 2025 | 16:42

Zəngəzur dəhlizində “100 illik icarə” təklifi: ABŞ nə istəyir, region nə itirə bilər?

ABŞ-nin Türkiyədəki səfiri Tom Barakın Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama regional geosiyasətdə yeni diskussiyaların başlanğıcını qoydu.

Vaşinqtonun təklifinə əsasən, dəhliz boyunca 32 kilometrlik marşrutun təhlükəsizliyi bir Amerika şirkətinə həvalə ediləcək və bu şirkət həmin ərazini 100 illik icarə əsasında idarə edəcək. Səfirin bu çıxışı Birləşmiş Ştatların regionda birbaşa və daimi iştirak niyyətini açıq şəkildə bəyan etməsidir.

İdeya ilk baxışda logistik təhlükəsizliyi üçüncü, neytral tərəfə həvalə etməyə bənzəsə də, təklifin mahiyyəti, müddəti və geosiyasi konteksti onu çox daha geniş miqyaslı təsirlərə açır. Xatırladaq ki, Zəngəzur dəhlizində üçüncü tərəfdən təhlükəsizliyin təmin olunması fikri ilk dəfə Ermənistandan səslənmişdi. Rəsmi İrəvan o zaman bu təklifi Rusiyanın regiondakı rolunun neytrallaşdırılması üçün vasitə kimi ortaya atmışdı. Hazırkı mərhələdə Bakı və İrəvan arasında dəhlizin Rusiyasız formatda açılması üzrə mövqelərin nisbətən yaxınlaşdığı müşahidə olunsa da, təhlükəsizlik məsələsinin kimin və necə təmin edəcəyi hələ də açıq qalır.

Amerika şirkətinə 100 illik icarə hüququ verilməsi, əslində, texniki deyil, strateji məsələdir. Bu, Vaşinqtonun Cənubi Qafqazda yalnız diplomatik və ya vasitəçi mövqedən deyil, fiziki və daimi iştirakçıya çevrilməsi deməkdir. Bu isə bir neçə riskli nəticə doğura bilər.

Birincisi, ABŞ-nin dəhlizdə uzunmüddətli mövcudluğu Cənubi Qafqazı yeni geosiyasi toqquşma zonalarından birinə çevirə bilər. Vaşinqtonun burada yerləşməsi Rusiya ilə qarşıdurma ehtimalını artırır ki, bu da regionda sabitliyi təhdid edən faktora çevrilə bilər.

İkincisi, Zəngəzur dəhlizi Orta dəhlizin əsas hissəsidir və Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün kritik keçid nöqtələrindən biridir. ABŞ-ın bu ərazidə fiziki mövcudluğu Pekinin layihəyə marağını azalda bilər və alternativ marşrutlar axtarışı aktuallaşa bilər.

Üçüncüsü, Zəngəzur xətti türk dünyasının coğrafi inteqrasiyasında həlledici əhəmiyyətə malikdir. ABŞ-ın bu dəhlizdə 100 illik iştirakının təsdiqlənməsi Ankaranın və Bakının Orta Asiyaya çıxış planlarının nəzarətə alınması anlamına gələ bilər. Bu, həm siyasi, həm mədəni, həm də strateji baxımdan ciddi məhdudiyyətlər yarada bilər.

Mövcud durumda hər iki tərəfin - Azərbaycan və Ermənistanın - danışıqlar yolu ilə, ikitərəfli formatda Naxçıvana keçidin təhlükəsizliyini təmin etməyə çalışması daha rasional yanaşma olardı. Bu, həm regiondaxili sahiblik prinsipini qoruyar, həm də böyük güclərin toqquşma ehtimalını minimuma endirər.

Əgər prosesdə üçüncü tərəfin iştirakı zəruri hesab olunursa, o zaman bu tərəfin kimliyi və rolu da strateji dəyərləndirilməlidir. Türkiyənin dəhlizdə iştirakına dair Bakının və Ankaranın ortaq mövqeyi daha real və balanslı alternativ kimi ortaya çıxır. Çünki Türkiyə həm Azərbaycanın müttəfiqidir, həm də regionda maraqları olan, lakin imperial iddialarla çıxış etməyən tərəfdir.

Sonda qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi yalnız bir logistika marşrutu deyil – bu, regionun siyasi gələcəyini formalaşdıracaq geostrateji layihədir. Onun idarəsi və təhlükəsizliyi məsələsində veriləcək qərarlar təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də mühüm nəticələr doğuracaq. Məhz buna görə də istənilən model, xüsusilə də xarici aktorların uzunmüddətli iştirakı ehtiva edən formatlar çox ciddi və praqmatik şəkildə dəyərləndirilməlidir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR