ABŞ Prezidenti Donald Trampın çıxışlarında hansı söz və ifadələrin işlədiləcəyinə mərc edən teleprompter operatoru 172 min dollardan çox vəsait ödəməli olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Əmtəə Fyuçersləri Ticarət Komissiyası (CFTC) məlumat yayıb.
Komissiyanın açıqlamasına görə, həmin şəxs ABŞ prezidentlərinin çıxışlarının məzmununa dair proqnoz bazarlarında mərc edərək 107 min dollardan çox gəlir əldə edib.
Araşdırma nəticəsində müəyyən edilib ki, operator Donald Trampın çıxışlarında işlədəcəyi konkret söz və ifadələr barədə mərc edib. CFTC bu fəaliyyətin onun əlində olan qeyri-ictimai məlumatlardan istifadə ilə əlaqəli olduğunu bildirib.
Qərara əsasən, həmin şəxs əldə etdiyi 107 min dollardan çox gəliri geri qaytarmalı, əlavə olaraq isə 65 min dollar məbləğində cərimə ödəməlidir.
Bundan başqa, teleprompter operatoruna üç il müddətinə proqnoz və mərc platformalarında iştirak etmək qadağan olunub.
Murad İsmayıl












