• Bakı 29° C

    9.27 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Yayın bəlası: Dənizdə boğulma halları niyə artır?

CƏMİYYƏT

10 Avqust 2023 | 15:48

Yayın bəlası: Dənizdə boğulma halları niyə artır?

Yayın ən aktual məsələlərindən biri də dənizdə boğulma hallarıdır. Son günlər temperaturun bir qədər də artması insanların dənizə axınını gücləndirib. Ancaq əksər vaxt qaydalara əməl edilməməsi dənizdə boğulma hallarına gətirib çıxarır.

Bakıvaxtı.az sosial şəbəkələrdə paylaşımlara istinadən xəbər verir ki. son 10 gün ərzində təkcə Lənkəranda dənizdə 10-a yaxın adam batıb.  Bu dəhşətli statistikaya rəvac verən səbəblər hansılardır? Boğulma hallarının qarşısını almaq üçün nə edək?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, çimərlikdə təhlükəsizlik məsələsinə həssas yanaşılmalıdır: “Yay aylarında insanlar sərinləmək üçün çimərliklərə üz tutur. Çimərlik dedikdə söhbət təkcə dəniz və okeandan getmir. Su anbarları, çaylar, göllər, su kanalları, hovuzlar və s. bunların hamısında boğulma riski daha yuxarıdır”.

Onun sözlərinə görə, çimərliyə planlı şəkildə getmək lazımdır: “Fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Hər il dünyada 370 mindən çox insan çimərlikdə boğulur. Bu, kifayət qədər ciddi rəqəmdir. Bunların içərisində 95%-dən çoxu qeyri-çimərlik ərazisində baş verən boğulma hallarıdır. Bu da onu göstərir ki, qeyri-çimərlik ərazisinə getmək insanların həyatı üçün təhlükəlidir”.

Elmar Nurəliyev: Dünya üzrə boğulanların 70%-dən çoxu məhz əlverişsiz hava şəraitində çimərliyə gedənlərdir

Müsahibimiz qeyd edib kii, əlavə olaraq, əlverişsiz hava şəraitində çimərliyə getməmək lazımdır. Dünya üzrə boğulanların 70%-dən çoxu məhz əlverişsiz hava şəraitində çimərliyə gedənlərdir: “Görün, bu iki nüansa diqqət etməklə insan özünü boğulmaqdan nə qədər qorumuş olur”.

Ekspert qeyd edib ki, əlverişsiz hava şəraiti dedikdə bunlar nəzərdə tutulur: “Günün qaranlıq vaxtında, küləyin sürəti saniyədə 10-12 metrdən, dalğaların gücü 3 baldan yuxarı olarsa, getmk olmaz. Bəzən hündürlüyü 3 metr olan dalğaların arasında girib çimirlər. Bu, istirahət deyil axı! Bu, birbaşa özünü təhlükəyə atmaqdır. Bəzən də qayalıqların, dəmirlərin üstünə çıxıb suya baş vururlar, qətiyyən olmaz. Çimərlikdə saatlarla vaxt keçirmək, icazə verilən uzaqlığı keçmək yanlışdır. Suda maksimum 30-40 dəqiqə qalmaq olar. Ondan sonra çıxıb istirahət etmək lazımdır”.

Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət mayoru Aqşin Əlili Bakıvaxtı.az-a bildirib ki, ölümlə nəticələnən sudaboğulma hadisələrinin baş verdiyi ərazilərə nəzər salsaq, bu hadisələrin FHN-nin xilasetmə məntəqələrinə kifayət qədər uzaq məsafədə yerləşən nəzarətsiz çimərliklər, kanal, süni göl və su anbarlarında baş verdiyinin şahidi olarıq: “FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, xüsusən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadəyə rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. Belə ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələri təhlükəl sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədi ilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır”.

Aqşin Əlili: Çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə bəzi hallarda acı nəticələrə gətirib çıxarır

Qeyd edilib ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq FHN-nin Kiçikhəcmli Gəmilərə Nızarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən yerli icma nümayəndələri ilə birlikdə sahilboyu ərazilərdə monitorinqlər keçirilib: “Monitorinqlər zamanı çimərlik üçün əlverişsiz ərazilər, o cümlədən, çimərlik sahibkarlarına çimərlikdə təhlükəsizlik qaydaları barədə bildirişlər təqdim olunub. Bununla yanaşı, İDEA ictimai birliyi tərəfindən Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış 6 ictimai çimərlik də fəaliyyət göstərir. Bütün bu sadaladığım, o cümlədən, dövlət tərəfindən nəzərdə tutulmuş çimərliklərdə xidmət tərəfindən bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. Belə ki, dalğıclar vasitəsilə sualtı baxışlar keçirilib”.

Onun sözlərinə görə, dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılıb: “Bu, bizə həmin nişana qədər üzmək mesajını verir. Həmin nişanlar 1.75 sm dərinlikdə qoyulur və həmin o nişanlardan dənizə doğru üzmək qadağan olunur. Ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr yerləşdirilir, xilasetmə texnika və vasitələri işlək vəziyyətə gətirilir. Xidmət əməkdaşları bu il də iyun ayının 15-dən artıq gücləndirilmiş iş rejiminə keçirilib. Bütün bu kompleks təhlükəsizlik tədbirinin nəticəsidir ki, 2023-cü il ərzində 125 nəfər çimərlik mövsümündə olmaqla, il ərzində 133 nəfər sulardan xilas olunub. Bizim nəzarət etdiyimiz ərazilərdə ölümlə nəticələnəm sudaboğulma hadisəsi qeydə alınmayıb. Statistik rəqəm də onu deməyə əsas verir ki, doğrudan da, vətəndaşlar nəzarət olunmayan çimərliklərdən istifadə etməməlidirlər”.

A.Əlili onu da əlavə edib ki, FHN-nin nəzarət etdiyi çimərliklərdə onlarla yanaşı, təcili tibbi yardım avtomobilləri təchiz olunmuş həkim briqaları yerləşir: “Sudaboğulma hadisəsi ilə üzləşən şəxslər xilas edilir, lazım olarsa, xilasetmə qayığında ilkin yardım göstərilir və həkimlərə təhvil verilir. Onu da qeyd edim ki, çimərliklərdə təhlükəsiz istirahət səhər 9-dan axşam saat 8-dəkdir”.

Aytac Aslan


SON XƏBƏRLƏR

09 Avqust 2025