• Bakı 26° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Zərifin istefası: İran daha sərt və Qərbə qarşı daha mühafizəkar siyasətə keçir

SİYASƏT

14 Avqust 2024 | 16:52

Zərifin istefası: İran daha sərt və Qərbə qarşı daha mühafizəkar siyasətə keçir

İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilən ölkənin keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasə həm daxildə, həm də xaricdə ciddi rezonans doğurmuş bir hadisədir.

Zərif İranın xarici siyasətində ən mühüm rollardan birini oynayaraq, ölkənin diplomatik münasibətlərində mühüm yeri olan şəxsiyyətlərdən biri idi. Onun istefası İranın gələcək xarici siyasət strategiyasında dəyişikliklərin olacağını və bu strateji xəttin kimin tərəfindən həyata keçiriləcəyini sual altında qoyur.

Bəs onun istefası nələrə səbəb olacaq? İranda hansı yeniliklər gözlənilir? Bu postu kim tutacaq?

Bakıvaxtı.az bütün bu sualların fonunda politoloq Kazım Kazımovla birlikdə araşdırma aparıb.

Kazım Kazımov: Zərifin vəzifəsindən istefa verməsi gözlənilən idi

Politoloq bildirib ki, Məhəmməd Cavad Zərifin istefası, İranın xarici siyasətində mühüm dəyişikliklərə yol aça bilər:

"Zərif xüsusilə İranın Qərblə olan münasibətlərində əsas vasitəçi rolunu oynayırdı və onun rəhbərliyi ilə 2015-ci ildə İranın nüvə razılaşması imzalanmışdı. Bu razılaşma İranın dünya birliyi ilə diplomatik əlaqələrini normallaşdırmaq üçün atdığı ən mühüm addımlardan biri idi. Lakin ABŞ-nin bu razılaşmadan çıxması və Zərifin istefası bu strategiyanın uğursuzluqla nəticələndiyini göstərir. Zərifin istefası İranın daha sərt və Qərbə qarşı daha mühafizəkar bir xarici siyasətə keçəcəyinə işarə edir. Zərifin yerinə təyin ediləcək şəxsin daha radikal və rejimin sərt xəttini dəstəkləyən biri olacağı ehtimal edilir. Bu isə İranın Qərblə münasibətlərində daha da gərginləşməyə səbəb ola bilər".

Müsahibimiz İrandakı ümumi siyasi vəziyyətə də toxunub:

"İran xalqı reformist namizədə səs verdi. Bunun da təməl səbəblərindən biri İranın daxili və xarici siyasət, iqtisadi sahədə yaşadığı problemlərlə bağlıdır. Biz bilirik ki, İran sosial mühitində müəyyən dəyişikliklər gedir. Hakimiyyət ilə xalq arasında müəyyən dərəcədə anlaşmazlıqlar var. Digər tərəfdən İranın demək olar ki, həm körfəz ölkələriylə, həm qərb ölkələri, həm də ABŞ-lə münasibətləri yaxşı deyil. Hətta, Azərbaycanla münasibətlərdə də müəyyən problem yaranmışdı. Lakin diplomatik səylər nəticəsində bu gün münasibətlər normallaşmağa davam edir. ABŞ və onun müttəfiqləri İrana qarşı ciddi embarqo siyasəti tətbiq edir, bu da İran iqtisadiyyatında devalivativ vəziyyət formalaşdırır".

Zərifin ciddi tənqidlərə məruz qaldığını qeyd edən Kazım Kazımov diqqətə çatdırıb ki, bu addım gözlənilən idi:

"İranda Pezeşkianın hakimiyyətə gəldiyi dönəmdən etibarən islahatçılar mühafizəkarları sıxışdırmağa başlamışdı. Məhəmməd Cavad Zərif də ciddi tənqidlərə məruz qaldığı üçün bu tip halın yaşanacağı ehtimalı göz önündə idi".

“Zərifin yerinə kim təyin edilə bilər” sualına isə ekspert belə cavab verib:

"Zərifin istefasından sonra onun yerinə təyin edilə biləcək əsas namizədlər arasında İranın Ali Rəhbərinə yaxın olan şəxslər, o cümlədən, İran İnqilabı Mühafizəçiləri Korpusunun (SEPAH) yüksək rütbəli nümayəndələri qeyd olunur. Bu təyinat İranın xarici siyasətinin daha çox hərbi və təhlükəsizlik yönümlü olacağına işarə edir. Bu isə regionda və dünya səviyyəsində yeni gərginliklərin yaranmasına səbəb ola bilər".

Əli Hüseynov


SON XƏBƏRLƏR