• Bakı 17° C

    16.93 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

ABŞ-Ərəb ölkələri strateji əməkdaşlığı güclənir: Yaxın Şərq üçün nələr vəd edilir?

DÜNYA

19 May 2025 | 13:08

ABŞ-Ərəb ölkələri strateji əməkdaşlığı güclənir: Yaxın Şərq üçün nələr vəd edilir?

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edib.

Bakıvaxtı.az-ın məlumatına görə, səfər çərçivəsində ərəb monarxiyaları ilə investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərinə diqqət yetirilib. Həmçinin görüşlər zamanı müdafiə və təhlükəsizlik məsələləri, o cümlədən Qəzza sektoru, Yəmən və Ukraynadakı münaqişələrin həlli ilə bağlı mövzular müzakirə edilib.

Maraqlıdır ki, Ərəb ölkələrinin ABŞ ilə strateji əməkdaşlığının gücləndirilməsi Yaxın Şərq üçün nələr vəd edir?

Mövzu ilə bağlı politoloq Xəqani Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Trampın ilk rəsmi səfərini ərəb coğrafiyasının üç əsas ölkəsinə - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə etməsi, öncə, ABŞ-nin dövlət siyasətində Yaxın Şərqin mühüm yer tutması ilə bağlıdır.

Onun sözlərinə görə, təxminən 15 il öncəyə kimi ABŞ-nin xarici siyasət vektorunda Avropa birinci, Yaxın Şərq ikinci, Sakit okean-Hind okeanı hövzəsi üçüncü istiqmət idi:

"Təxminən 15 il öncə bu vektorların yeri dəyişməyə başladı və Obama Şərqə dönüş siyasətini elan etdi. İndi bu tendensiya daha da güclənib və Sakit okean-Hind okeanı hövzəsi ön plan çıxıb. Bu vəziyyət Birləşmiş Ştatlar üçün Yaxın Şərqin strateji əhəmiyyətini artırıb. Əgər Yaxın Şərqdə ABŞ-nin mövqeləri güclü olmasa, Sakit okean-Hind okeanı hövzəsində maraqlarını qoruması çox çətin olar. Buna görə də Ağ Ev Yaxın Şərqə daha çox önəm verməyə başlayıb. Bu bölgədə güclü olmağın yolu ərəb coğrafiyasının üç əsas ölkəsi ilə münasibətlərdən keçir".

Xəqani Cəfərli, politoloq

X.Cəfərli hesab edir ki, Baydenin zamanında Birləşmiş Ərəb Əmirliyi və Qətərlə münasibətlər yüksək idi. Tramp sadəcə bu siyahıya Səudiyyə Ərəbistanını əlavə edib.

"Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər ABŞ ilə yaxınlaşmadan istifadə edərək güclənməyi hədəfləyirlər. İnkişafın və güclənmənin ən qısa yolu dünyanın ən böyük iqtisadi, siyasi, texnoloji və hərbi gücü olan ABŞ ilə yaxın əlaqə qurmaqdır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər də hazırda bu yolla gedir. Bu ölkələr neft-qaza bağlı asılılıqdan qurtulmaq, texnoloji cəhətdən inkişaf etmiş iqtisadiyyat qurmaq istəyirlər. Məhəmməd Peyğəmbərdən sonra ən ağıllı ərəb adlandırılan vəliəhd şəhzadə Məhəmməd bin Salmanın Səudiyyə Ərəbistanında başlatdığı modernləşmə siyasəti də bununla bağlıdır. Bu modernləşmə isə inkişaf etmiş dövlətlərdən biri ilə yaxın münasibət olmadan mümkün deyil", - deyə Xəqani Cəfərli qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR