Azərbaycan və Qırğızıstan arasında münasibətlər son illərdə siyasi, iqtisadi və strateji müstəvidə yeni mərhələyə qədəm qoyub.
Prezidentlər İlham Əliyev və Sadır Japarov arasında keçirilən son görüş, imzalanan sənədlər və səsləndirilən mesajlar iki ölkə arasında əməkdaşlığın artıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş regional və geosiyasi kontekstdə inkişaf etdiyini göstərir.
Azərbaycan–Qırğızıstan münasibətlərinin son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini şərtləndirən əsas geosiyasi amillər hansılardır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Yeganə Hacıyeva sında bildirib ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq yeni geosiyasi məzmun qazanıb.
Onun sözlərinə görə, qlobal siyasi sistemdə baş verən transformasiyalar beynəlxalq münasibətlərin mahiyyətini də dəyişib:
"Əgər əvvəlki dövrlərdə strateji müttəfiqlik əsasən təhlükəsizlik, hərbi əməkdaşlıq və qarşılıqlı siyasi dəstək üzərində qurulurdusa, müasir geosiyasi reallıq bu anlayışa tamamilə yeni məzmun qazandırıb. Bu gün strateji müttəfiqlik təkcə ikitərəfli münasibətlərin forması deyil, həm də regional və qlobal güc balansına təsir göstərən geosiyasi alətə çevrilib. Dövlətlər artıq yalnız milli maraqlarını deyil, mənsub olduqları regionların siyasi və geoiqtisadi arxitekturasını da birlikdə formalaşdırmağa çalışırlar."
Politoloq qeyd edib ki, Azərbaycan və Qırğızıstan arasında formalaşan münasibətlər də məhz bu yeni geosiyasi yanaşmanın tərkib hissəsidir.
"Son otuz ildə ikitərəfli münasibətlərin inkişaf dinamikasına nəzər saldıqda görünür ki, ilkin mərhələdə bu əlaqələr əsasən xarici güc mərkəzlərinin təsiri altında inkişaf edirdi. Lakin Avrasiya məkanında yaranmış yeni geosiyasi reallıq region dövlətlərinə daha müstəqil siyasi davranış modeli formalaşdırmaq imkanı verib. Xüsusilə Türk Dövlətləri Təşkilatının institusional güclənməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni siyasi inteqrasiya xətti yaradıb."
Y.Hacıyevanın fikrincə, Azərbaycan bu prosesdə təşəbbüskar və əlaqələndirici dövlət kimi çıxış edərək ortaq siyasi gündəmin formalaşmasına və regional əməkdaşlıq mexanizmlərinin inkişafına mühüm töhfə verir.

Yeganə Hacıyeva, politoloq
O vurğulayıb ki, Orta Dəhliz, nəqliyyat-kommunikasiya xətləri, enerji marşrutları və qarşılıqlı investisiya layihələri artıq təkcə iqtisadi deyil, həm də ciddi geosiyasi məzmun daşıyır.
"Bu layihələr Avrasiyada yeni güc mərkəzlərinin formalaşmasına, tranzit marşrutlarının şaxələndirilməsinə və region dövlətlərinin qlobal qərarvermə proseslərində rolunun artmasına xidmət edir. Azərbaycanın bu prosesdə oynadığı rol isə onu təkcə tranzit ölkə deyil, həm də siyasi koordinasiya mərkəzlərindən birinə çevirir."
Politoloq hesab edir ki, Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı investisiyaların təşviqi, iqtisadi inteqrasiya, nəqliyyat dəhlizləri üzrə koordinasiya və beynəlxalq platformalarda siyasi mövqelərin uzlaşdırılması münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
"Bu əməkdaşlıq yalnız iki dövlətin maraqlarına xidmət etmir. Eyni zamanda Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geosiyasi məkanın formalaşmasına töhfə verir. Müasir beynəlxalq münasibətlərdə iqtisadi qarşılıqlı asılılıq regional sabitliyin əsas təminatçılarından biridir. Azərbaycan və Qırğızıstan arasında dərinləşən əməkdaşlıq regionlararası inteqrasiyanı gücləndirir, siyasi etimadı artırır və xarici aktorların destruktiv təsir imkanlarını məhdudlaşdırır."
Yeganə Hacıyeva sonda bildirib ki, Azərbaycan–Qırğızıstan münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq modeli deyil, türk dünyasının siyasi konsolidasiyasını gücləndirən, Avrasiyanın yeni geosiyasi düzənində region dövlətlərinin rolunu artıran və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji inteqrasiyanın əsas sütunlarından birinə çevrilən əməkdaşlıq formatıdır.
Əli Hüseynov
Bakı 



