Ötən ilin dekabrında Azərbaycan Hava Yollarına məxsus mülki təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması beynəlxalq aviasiya ictimaiyyəti üçün ciddi təhlükəsizlik problemlərini ön plana çıxarıb.
Qəzanın xarici hava məkanından edilən müdaxilə səbəbindən baş verdiyi bildirilsə də, araşdırmalar hələ yekunlaşmayıb. Bu hadisə mövcud hüquqi mexanizmlərin effektivliyini sual altına alır və hava məkanının təhlükəsizliyinin təmin edilməsi üçün yeni yanaşmaların dəyişdirilməsində zəruriliyi ortaya qoyub.
Sual doğur: Hava təhlükəsizliyinin beynəlxalq əhəmiyyəti nələrdən ibarətdir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, hava təhlükəsizliyi mülki aviasiyanın qorunması məqsədilə bütün dünya dövlətlərinin birgə səyi ilə təmin edilir:
"Bu sahənin təməli 1944-cü ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilən Çikaqo Konvensiyasına dayanır. Konvensiya, mülki təyyarələrin üçüncü dövlətlər tərəfindən müdaxiləyə məruz qalmamasını əsas prinsip olaraq qəbul edir. Bu prinsip hava məkanlarının təhlükəsizliyini təmin etmək üçün əsas tədbirlərdən biridir. Ancaq 2014-cü ildə Malayziya Hava Yollarının MH17 reysində baş vermiş hadisə və ölkəmizə aid təyyarədə baş vermiş üzücü olay beynəlxalq qaydaların tətbiqindəki çatışmazlıqları üzə çıxarıb. Aktau qəzası hava məkanının təhlükəsizliyinə dair mövcud sistemlərin yenidən gözdən keçirilməsini və daha sərt tədbirlərin görülməsini gündəmə gətirir".
Onun sözlərinə görə, Aktau hadisəsinin hüquqi təhlilində əsas mövzu mülki aviasiya qaydalarının pozulması məsələsidir:
"Qəzaya səbəb olan xarici müdaxilə beynəlxalq hüququn ciddi pozuntusu hesab edilir. Çikaqoda imzalanmış Konvensiya dövlətləri öz hava məkanlarını təhlükəsiz və şəffaf şəkildə idarə etməyə çağırır. Hər hansı bir müdaxilə bu prinsipləri pozmuş olur və məsuliyyət daşıyan dövlətlərə müxətlif öhdəliklər tətbiq edilir. Qəza nəticəsində yaranan hüquqi məsuliyyətin beynəlxalq müstəvidə araşdırılması belə hadisələrin qarşısını almaq üçün mühüm addım olacaqdır. Bu cür hadisələrin qarşısını almaq üçün dövlətlərarası əməkdaşlıq da vacibdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının daha yaxından nəzarət etməsi, hava məkanlarının təhlükəsizliyinə dair beynəlxalq standartların daha da gücləndirilməsi və hər bir dövlətin öz sərhəd hava məkanını qorumaq məsuliyyətini daha ciddi şəkildə yerinə yetirməsi tələb olunur. Bu cür tədbirlər gələcəkdə analoji hadisələrin baş verməsinin qarşısını almaq üçün vacib olacaq".
Hüquqşünas bildirib ki, hadisənin baş verməsi bir dövlətin digərinə qarşı beynəlxalq hüquq çərçivəsində məsuliyyət daşımasına səbəb olur:
"Bu baxımdan dövlətlər arasında diplomatik görüşlər və müvafiq beynəlxalq məhkəmələrin işə düşməsi vacibdir. Həmçinin, mülki aviasiya sahəsində baş verən belə hadisələrin təhlili, beynəlxalq mühakimə orqanları tərəfindən şəffaf və obyektiv şəkildə həyata keçirilməlidir. Bundan əlavə, beynəlxalq mühakimə orqanları məsələyə müdaxilə etməli və müvafiq hüquqi prosedurları yerinə yetirməlidir. Beynəlxalq Aviasiya Məhkəməsi və ya başqa müvafiq məhkəmə orqanları hadisənin təhlilini və məsələnin hüquqi baxımdan həllini təmin etməlidir. Məhkəmələr tərəfləri obyektiv və şəffaf şəkildə mühakimə etməli, hadisənin səbəblərini və hər iki tərəfin məsuliyyətini ortaya qoymalıdır. Bu cür məhkəmələrdə hüquqi prinsiplər və beynəlxalq aviasiya konvensiyalarına riayət edilməsi təmin edilməlidir".
Ayxan Məmmədli: Diplomatik görüşlər və müvafiq beynəlxalq məhkəmələrin işə düşməsi vacibdir
Hadisələrin təhlilində şəffaflıq və obyektivlik prinsipləri xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan A.Məmmədlinin sözlərinə görə, beynəlxalq mühakimə orqanlarının hər hansı bir hadisəni qiymətləndirən zaman heç bir tərəf və ya dövlətin üstünlüyünü nəzərə almadan tam obyektiv və müstəqil qərar vermələri vacibdir:
"Şəffaflıq həmçinin ictimaiyyətin və beynəlxalq təşkilatların hadisənin təhlili ilə bağlı məlumat əldə etməsini təmin edər. Hadisənin səbəbləri və nəticələri barədə açıq məlumatlar verilməsi, həmçinin təklif olunan hüquqi düzəlişlər və tədbirlər barədə cəmiyyətə məlumatlılıq yaradır. Bu, həmçinin beynəlxalq ictimaiyyətin hadisənin nəticələrini ciddi şəkildə qiymətləndirməsinə və təkrarlanmaması üçün müvafiq hüquqi və siyasi qərarların qəbul edilməsinə imkan verir".
Müsahibimiz son olaraq qeyd edib ki, bu kimi qəzaların qarşısını almaq və hava məkanının təhlükəsizliyini daha effektiv təmin etmək üçün beynəlxalq mülki aviasiya sistemində bir sıra əhəmiyyətli hüquqi dəyişikliklər həyata keçirilməlidir:
"Bu dəyişikliklər hava məkanının təhlükəsizliyini təmin etmək üçün daha güclü və koordinasiyalı tədbirlərin görülməsinə yönəlməlidir. İlk növbədə, qlobal hava məkanında monitorinq sistemi yaradılmalıdır. Bu sistem müxtəlif ölkələrin hava məkanlarındakı potensial təhlükələri real vaxtda izləyərək baş verə biləcək təhlükələrə qarşı vaxtında xəbərdarlıq verəcək və müvafiq tədbirlərin görülməsini təmin edəcəkdir. Belə bir sistem mülki aviasiyanın təhlükəsizliyini artırmaqla yanaşı, hər bir dövlətin hava məkanının təhlükəsizliyini daha yaxşı idarə etməsinə imkan verəcəkdir. İkinci olaraq, dövlətlərin hava məkanlarında təhlükəsizliyi təmin edə bilmədikləri hallarda riskli zonaların müəyyən edilməsi və bu ərazilərdə daha yüksək təhlükəsizlik tədbirlərinin tətbiqi vacibdir. Bu, hava yolu şirkətlərini və pilotları riskli zonalardan xəbərdar edəcək və uçuş marşrutlarının daha ciddi nəzarət altına alınmasını təmin edəcəkdir. Bu təklif, həm də mülki aviasiyanın təhlükəsizliyini artırmaq məqsədilə, müxtəlif dövlətlər arasında əməkdaşlıq və koordinasiya səviyyəsini yüksəldəcəkdir".
Əli Hüseynov