Zaman dəyişir, dünya yenilənir, beynəlxalq münasibətlər isə bu dinamik fon üzərində daim yenidən formalaşır. Belə bir dövrdə Azərbaycan öz xarici siyasətini tarazlı, çoxşaxəli və prinsipial mövqe üzərində quraraq, beynəlxalq aləmdə güclənən nüfuzunu daha da möhkəmləndirir.
Xüsusilə də Avropa İttifaqı ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Bu baxımdan İspaniya ilə qurulan tərəfdaşlıq münasibətləri təkcə diplomatik əlaqə deyil, həm də strateji əməkdaşlığın real təzahürüdür. İspaniya Avropanın aparıcı dövlətlərindən biri olmaqla yanaşı, həm də Qərblə Şərq arasında körpü rolunu oynayan mühüm aktordur. Azərbaycanın bu ölkə ilə münasibətləri son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyub. 2023-cü ilin oktyabrında İspaniyada Qərbi Azərbaycanla bağlı keçirilmiş konfrans bu əlaqələrin ictimai və siyasi aspektdə də möhkəmlənməsinə təkan verib.
Bu gün isə Azərbaycan–İspaniya münasibətlərində yeni bir mərhələnin başlanğıcındayıq. Milli Məclisin sədri Sahibə Qafarovanın mayın 19-da İspaniyaya həyata keçirdiyi rəsmi səfər bu əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir. Sözügedən səfər sadəcə bir diplomatik addım deyil – Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal oyunçuya çevrildiyinin növbəti sübutudur. Bu, həm də Azərbaycanın dövlət olaraq regionda və dünyada artan çəkisinin göstəricisidir.
Tənzilə Rüstəmxanlı, deputat
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat, MM-in Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tənzilə Rüstəmxanlı bildirib ki, bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın İspaniyaya rəsmi səfəri çərçivəsində Azərbaycan–İspaniya münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Bu səfər iki ölkə arasında əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
"2023-cü ilin oktyabrında Qərbi Azərbaycanla bağlı İspaniyada təşkil olunmuş beynəlxalq konfrans bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynayıb. İspaniya yalnız Avropanın siyasi çıxış nöqtələrindən biri deyil, həm də Azərbaycanın bölgəsinə yaxınlığı ilə strateji tərəfdaş kimi önə çıxır. İspaniya kimi böyük və nüfuzlu bir dövlətin ölkəmizə münasibətinin yüksək səviyyədə olması Azərbaycanın xarici siyasət uğurlarının göstəricisidir. Milli Məclis bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərir. Parlamentimizin beynəlxalq əlaqələrinin genişlənməsi həm dövlətimizin mövqeyini möhkəmləndirir, həm də xarici siyasət kursumuza mühüm töhfələr verir".
İşçi qrupunun üzvü diqqətə çatdırıb ki, belə səfərlər və əməkdaşlıq təşəbbüsləri Azərbaycanın yalnız regionda deyil, qlobal miqyasda nüfuzlu və perspektivli tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Bu münasibətlərin qorunması və inkişaf etdirilməsi dövlətimizin uzunmüddətli strateji maraqlarına xidmət edir.
Arzuxan Əlizadə, deputat
Deputat, Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Arzuxan Əlizadə isə Bakıvaxtı.az-a fikirlərini bölüşən zaman bəyan edib ki, Azərbaycan–İspaniya münasibətləri artıq 30 ildən çoxdur ki, formalaşıb və bu illər ərzində qarşılıqlı əməkdaşlıq müxtəlif sahələr üzrə əhəmiyyətli inkişaf mərhələlərindən keçib:
"İdmandan başlayaraq təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən birgə layihələr bu münasibətlərin məzmununu daha da zənginləşdirib. Hazırda iki ölkə arasında illik iqtisadi dövriyyə 300 milyon ABŞ dollarını ötür ki, bu da ticarət və investisiya mühitindəki etimadın bariz göstəricisidir. Bu əməkdaşlıq yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, eyni zamanda təcrübə mübadiləsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Mədəniyyətlərarası dialoq, elmi əməkdaşlıq və insan resurslarının inkişafı kimi sahələrdə də bu əlaqələrin müsbət təsiri aydın şəkildə hiss olunur".
Deputat əlavə edib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın bu səfəri çərçivəsində İspaniya Konqresi və Senatında keçiriləcək görüşlər Azərbaycan–İspaniya münasibətlərinin gələcək perspektivlərinə dair müzakirələr üçün mühüm platforma olacaq. Bu dialoqlar yalnız bugünkü əməkdaşlıq üçün deyil, həm də gələcəkdə daha genişmiqyaslı və davamlı tərəfdaşlığın formalaşmasına töhfə verəcək.
Əli Hüseynov