• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Dövlət vəzifəsində ona görə olmamışam ki…” - Elçin Şıxlı ilə söhbət

MÜSAHİBƏ

17 Oktyabr 2023 | 10:00

“Dövlət vəzifəsində ona görə olmamışam ki…” - Elçin Şıxlı ilə söhbət

Bakıvaxtı.az yeni rubrikaya start verir. “Düzünü deyək…” rubrikasının məqsədi sözünün kəsəri ilə ölkənin ictimai-siyasi həyatında intonasiyanı dəyişə biləcək ziyalıların mövqeyini oxuculara olduğu kimi çatdırmaqdır.

Rubrikamızın ilk qonağı “Ayna” - “Zerkalo” media quruluşlarının rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır.

Onunla Qarabağın azadlığı və Azərbaycanın ərazi bütövlüyünün təminatı, prezidentin Xankəndiyə səfəri, bundan sonra açılmalı və qapadılmalı olan diplomatik səhifələr, media islahatları, mərhum xalq yazıçısı İsmayıl Şıxlının Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefasının mübhəm səbəbləri, İsrail-Fələstin qarşıdurması, bunun Azərbaycana təsirləri, E.Şıxlının yüksək vəzifəyə təyinat almaq istəməməsinin detalları və başqa məsələlər ətrafında maraqlı fikir mübadiləsi apardıq.

Tam qələbə qazanmışıq, amma bəzi məsələlərdə diqqətli olmalıyıq

- Azərbaycan prezidenti Xankəndidə idi və oradan separatçılara, eləcə də onların havadarlarına, bir sözlə, dünyaya ciddi mesajlar verdi. Elçin müəllim, indiyə qədər 44 günlük Vətən savaşından söz düşərkən, dərhal “Bəs Xankəndi, Xocalı...” sualına cavab axtarmalı olurduq. Əksəriyyət 44 günlük Vətən müharibəsini tam qələbə hesab etmirdi. Amma indi ordu, polis və prezidentimiz Xankəndidədir. Bunu tam qələbə hesab etmək olarmı, yoxsa yenə də görülməli işlər var?

- Təbii, bu, tam qələbədir, amma xırda istisnalar mövcuddur. Qazaxın 7 kəndi, Naxçıvanın Nüvədi kəndi qalıb. Onları nəzərə almasaq, tam qələbədir. Ermənilərin əsas “yuvası” Xankəndi və ətraf ərazilər idi. 44 günlük Vətən savaşından sonra həmin ərazilər hələ də separatçıların tapdağı altında idi, buna mən də daxil olmaqla çoxumuz heyfslənirdik. Bir az tələsirdik, istəyirdik ki, qələbəmiz tam olsun. Amma prezidentin bir yaxşı sözü var: “Mən nəyi, nə vaxt və necə etməyi yaxşı bilirəm”. Yəni ölkə başçısı siyasətini yürütdü və 23 saat davam edən lokal anti-terror əməliyyatı nəticəsində göz dağı kimi qalan Xankəndi və ətrafı azad edildi, bayrağımız ora sancıldı.

İkinci dəfə müstəqilliyimizi elan edəndən sonra, qeyd etdiyim 8 kənd istisna olunmaqla, Azərbaycan ərazisi tam bərpa olunmuş sayılır. Onu da vurğulayım ki, həmin kəndlərdə erməni yaşamır, o torpaqlar boşdur, yəqin bu gün-sabah oraları da azad edərik. Hesab edirəm ki, tam qələbə qazanmışıq, amma bəzi məsələlərdə diqqətli olmalıyıq.

- Hansı məsələləri nəzərdə tutursunuz?

- Diplomatik sahədə ermənilərin tərəfini tutan xarici qüvvələr var. Ön sırada da Fransa dayanır və bu məsələdə az qalsın özünü “həlak edir”. Onlarla diplomatik sahədə çarpışmalı olacağıq. Belə düşünürəm ki, həmin qüvvələri də susduracağıq.

- Tam qələbədən sonra yeni mərhələ başlayır. Təkliflər var ki, qalib ölkə olaraq konstitusiyamıza da qalib ştrixlərlə zəngin lozunqlar salınmalıdır. Sizcə, bu yeni erada “daşlar hara və necə oturdurmalıdır ki, qələbəmiz daimi olsun və bu zəfərin “dadı daim damaqlarda qalsın”?

- Çox şey dəyişilməlidir, hələ görüləcək işimiz çoxdur. Proseslər coğrafi cəhətdən xəritədə tutduğumuz yerdən asılı deyil. Təbii ki, müharibəni heç kim istəməz, amma... .

- Söhbət hansı müharibədən gedir?

- Ortada İsrail-Fələstin müharibəsi var. Dünyanın bir çox qüvvəsi ora girişib. Amerika, Rusiya, Livan, Suriya, Səudiyyə Ərəbistanı və ən başlıcası, İran proseslərin aktiv aktorudur. Rəsmi Tehran hələ ki “ipləri dartır”. Orada öz “marionetka”larını oynadır. Söhbət ondan gedir ki, həmin coğrafiya bizdən uzaqda deyil. Çünki orada Türkiyənin də maraqlarına toxunulur. Türkiyə həm qardaşımız, həm də strateji tərəfdaşımızdır. Orada baş verənlər, İranın da bu proseslərə qoşulması Azərbaycanı öz xəritəsi çərçivəsində rahat işləməyə qoymayacaq. Yəni əlimiz “tətikdə” olmalıdır. Əminəm ki, ölkə rəhbəri bütün bunları nəzərə alır. Başımızı aşağı salıb, ancaq özümüzlə məşğul ola bilməyəcəyik. Bizi məcbur edəcəklər ki, ətrafımıza da mütləq diqqət yetirək və hər zaman “tətikdə” olaq. Burada bir çox məsələlər var.

- Hansı məsələlər?

- Kimi bildirir ki, İsraili dəstəkləməliyik, kimi də islam həmrəylini oraya ataraq Fələstinə dəstək ifadə edir. Halbuki islam həmrəyliyi yoxdur. Fələstin həmişə maraqlarımıza zidd mövqedə olub. Bütün bunların Azərbaycana təsirləri istər-istəməz olacaq. Daxili problemlərimizi həll etməklə yanaşı, ətrafda gedən proseslərə də çox böyük diqqət yetirməliyik. Xüsusən də, bu qarmaqarışıqlıqda Fransanın öz sülməramlılarını biz tərəfə yerləşdirmək istəyinin qarşısını almalıyıq.

Bizim media təəssüf ki, bir şey edə bilmədi

- Azərbaycan mətbuatı bu yeni erada nələr etməlidir, işini necə qurmalıdır ki, savaşı qazana bilək? İllərdir, dövlət büdcəsindən böyük qrantlar alıb, fəaliyyətsizlik göstərən media quruluşlarının rəhbərləri hər dəfə açıqlamalar verirlər ki, cənab prezident həm də informasiya cəbhəsinin ön xəttində dayandı və bu, savaşdan üzüağ çıxdı. Madam ki, informasiya savaşını da ölkə başçısı aparacaq, bəs onda bu baş redaktorlar nə üçün, kim üçün mövcuddurlar və niyə onlara bu vəsaitlər ayrılır, “stavka”lar olunur?

- 44 günlük Vətən müharibəsi dönəmində informasiya savaşını media deyil, cənab prezident uddu. Təkbaşına və savadlı şəkildə iş gördü. Təbii, köməkçisi Hikmət Hacıyev də onun qaralama işlərini görürdü, prezident də cavablarını verirdi. Bizim media təəssüf ki, bir şey edə bilmədi. Bu gedişlə indiki vəziyyətdə informasiya savaşının bütün yükünü prezidentin çiyinləri üzərinə qoyuruq. Biz bir şey edə bilmirik.

Belə düşünürəm ki, Azərbaycan mediasındakı vəziyyəti dəyişmək üçün problemi kürəklə kökündən qazıyıb, altını üstünə çevirmək lazımdır ki, yenidən bir şey edə bilək. Demirəm ki, peşəkar jurnalistlərimiz yoxdur. Demirəm ki, bu işi görə biləcək media strukturlarımız mövcud deyil. Var, amma ümumi şərait elədir ki, işimizi görə bilmirik.

Biz onları küsdürmüşük…

- Bizə kim, nə mane olur?

- Belə düşünürəm ki, xarici dilləri bilən, savadlı, peşəkar jurnalist komandamız yoxdur. Rus dilini də bilənlərimiz azdır, ingilis dili bilənlərimiz barmaqla sayılar, fransız, alman dilini bilənlər bir barmaqla göstərilə bilər. Biz bu istiqamətdə işləməliyik, ən əsası da tək özümüz hazırlaşmalı deyilik. Xarici aparıcı media strukturlarının üzünü özümüzə tərəf çevirməliyik.

- Bunu hansı formada etməliyik?

- Biz onları küsdürmüşük. Düzgün olub-olmaması bir başqa məsələdir. Amma biz onların yerini verə bilmirik. “BBC”, “New York-Times”, “The Washington Post”a daha çox inanırlar. Onların dünyada çəkisi, sanbalı var. Onların üzünü bizə tərəf döndərməliyik. Səhvimiz odur ki, həmin xarici medianın nümayəndələrini ölkəmizə dəvət edirik, amma onlara “sağa baxmaq olmaz, sola baxmaq olmaz” demək doğru deyil. Onlar da ölkəmizəki bu mühiti görüb, gedib, yazırlar ki, Azərbaycan mediası çox məhdudiyyətlər içərisindədir. Xarici media nümayəndələrinə imkan verin, onlara sadəcə olaraq, deyin ki, bu ərazilərdə minalar var. Sizə deyirik, minanın üstünə getməyin, amma sağa da baxın, sola da. Biz özümüz də sizinlə bərabər, hara desəniz gedək. Biz bir şeyi anlamalıyıq ki, onları özümüzə inandıra bilməsək, heç nə alınmayacaq. Əvvəl-əvvəl bizi tənqid edəcəklər, qoy etsinlər, zərər yoxdur, amma sonradan biz onları öz səmimiyyətimizə inandıra biləcəyiksə, bura gələndə düzü düz, əyrini əyri yazacaqlar. Bu işi hələ ki qura bilmirik.

- Mütəmadi olaraq Fransa mediasını izləyirəm. Bizim mediaya istinad verən xarici media quruluşlarının ya sayı azdır, ya da heç yoxdur. Belə olan halda mətbuatda “vitrin”niyə dəyişilmir?

- İnam məsələsi var. Söhbət məhz ondan gedir. Biz təəssüf ki, təbliğat-təşviqatla informasiya yaymağı qarışdırırıq. Bədnam Leninin tezislərindən kənara çıxa bilmirik. Təbliğat-təşviqat olmamalıdır. İnformasiya tamam başqa şeydir. Özümüzü tənqid etməliyik ki, bizə inansınlar. Başqa şəkildə bizə inanmayacaqlar. Medianın əsas prinsipi odur ki, həqiqəti olduğu kimi yazsın və özü-özünü dolandıra bilsin, müstəqil olsun. Bu amilləri görsələr, bizə inancaqlar, görməsələr, inanan deyillər.

İddia etmirəm ki, dünyanın hər yerində media idealdır. Xeyr. Hamısında müəyyən məqamlar var. 95 faiz doğrunu verirlər, lazım olan məqamda 1 faiz yalan desələr də, mən 95 faizin təsiri altında o bir faiz yalana inanıram. Bu incəliklər var. Bizdə 95 faiz çığır-bağırdı. 5 faiz doğrunu deyəndə də inanan olmur. Bu nisbəti dəyişməliyik.

Həmin adamları oturdub, bir səhifə yazı yazdırsaq, 125 səhv taparıq

- Mediadakı problemlərdən danışılır, yazılır, təkliflər verilir, amma problemlərin həlli olduğu nöqtədən bir addım belə irəliyə getməyib. Əksinə hər ötən il bir az da geri gedirik. Mətn yaza bilməyən jurnalist ordusu formalaşır…

- Faciəmiz odur ki, mətn yaza bilməyən adamlar, jurnalistikanın məhz belə olduğuna inanırlar. Onlar əsl jurnalistika görməyiblər. Mətn yaza bilməyən adam jurnalist deyil. Biri əlinə telefon, digəri mikrofon alır, nə gəldi danışır, deyir. Cümlənin nə ayağı var, nə başı, nə də nöqtəsi. Hamısını demirəm, əksəriyyət belədir, onlara elə gəlir ki, radio və televiziyaya çıxdılarsa, bağırıb-çığırıb, “od püskürdüsə” jurnalistdirlər. Həmin adamları oturdub, bir səhifə yazı yazdırsaq, 125 səhv taparıq. Yeni yetişən nəsil elə bilir ki, jurnalistika elə onların gördüyüdür. Onlar da heç nəyi dəyişən deyil. Biabırçılıq olacaq.

Atama pislik edənlər məni görəndə əl-ayaqları əsir ki, indi Elçin…

- Böyük İsmayıl Sıxlıya Allah rəhmət eləsin, İsmayıl müəllimin AYB-dən istefa səbəbi məlumdur. İsmayıl müəllimi buna məcbur edənlər, zamanında ona qarşı kompromatlar hazırlayanlar, indi sizi görəndə utanırlarmı və ya siz onlardan bunun səbəblərini soruşmusunuzmu, nə cavab verirlər?

- Nəyin, necə olduğunu bilirəm. Müəyyən məqamlar var ki, atam o şeyləri evdə heç zaman danışmırdı. “Filankəs pisdir, filankəs yaxşıdır” söhbəti yox idi. Sadəcə olaraq, biz olanların şahidi idik. Özünün dilindən heç zaman şikayət çıxmazdı. Atamla qardaşım da, rəhmətlik anam da, mən də bir mövzuda mübahisə edirdik. Bilirdik ki, tutalım hansısa bir şəxs ona vaxtilə pislik edib. O, pisliyə qarşı heç bir cavab verməzdi. Məqsədyönlü şəkildə əvəz çıxmazdı. Aradan neçə il ötəndən sonra həmin adamın atama işi düşərdi. Özü də xırda məsələ yox, həmin adam üçün taleyüklü bir məsələ olurdu, atam ona kömək edirdi. Biz deyirdik ki, yəqin yadından çıxıb, filankəs sənə filan şey etmişdi, deyirdi yox, yadımdan çıxmayıb, sadəcə olaraq, mən mənəm, pislik edə bilmirəm.

Mən bu mövzuda atamla çox mübahisə etmişəm. Amma yaşlandıqca, onu anlamağa başlamışam. Siz dediyiniz adamları tanıyıram. İndinin özündə də məni görəndə əl-ayaqları əsir, gözləri də qaçır ki, bu saat Elçin nəsə deyəcək, edəcək. Mən heç vaxt, heç kimə heç nə etməmişəm. Birbaşa Allaha inanan deyiləm, amma ilahi qüvvəyə inanıram. “Yuxarıdakı” hər şeyi görür, hər kəsə öz taleyini yaşadır. O şeyləri boş vermək lazımdır. İnsan nə edirsə, özünə edir; yaxşını da, pisi də. Biri var müharibə gedir, erməni mənim torpağımı işğal edir, mən erməninin başını tumarlayası deyiləm. Bu, başqa bir məsələdir, amma insani münasibətlərə gələndə, qan tökülməyibsə, bu, başqa işdir.

- Əksər ziyalının övladları dövlət qurumlarında yüksək post tutublar, çalışıblar, çalışırlar. Siz isə illərdir, mətbuat sahəsində jurnalist kimi fəaliyyət göstərirsiniz. Niyə dövlət qulluğunda çalışmadınız. Bunu istəmədilərmi, yoxsa siz özünüz bu yolu seçdiniz?

- Dövlət vəzifəsində ona görə olmamışam ki, sərbəstliyi xoşlayıram. 24 saatın fiziki cəhətdən 15-16 saatını işləməyə razıram, amma ürəyimcə iş olanda. Sovet dövründə dövlət strukturlarında çalışırdıq. Səhər 9-dan, axşam 6-ya qədər işdə olurduq. Onun cəmi 2-3 saatını işləyirdik, qalan vaxt laqqırtı idi. Amma jurnalistikanın gecəsi-gündüzü yoxdur. Bu mənada 9-dan 6-ya qədər işdə oturmaq istəməmişəm.

- Niyə parlamentə seçilmək, deputat mandatı qazanmaq istəmədiniz, istəmirsiniz?

- İstəmişəm, amma mövcud şəraitdə mümkün olmayıb. İncəliklərə getmirəm, özünüz bilirsiniz.

Ayyət Əhməd


SON XƏBƏRLƏR

26 Iyul 2024