• Bakı 10° C

    16.08 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Elektron qolbaq daşıyan şəxs işləyə bilər? - AÇIQLAMA

CƏMİYYƏT

14 Aprel 2025 | 12:31

Elektron qolbaq daşıyan şəxs işləyə bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, aprelin 11-də Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzaya səbəb olan avtomobilin sürücüsünün ayağında elektron qolbaq olduğu bildirilir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu isə əksəriyyət insanda “Elektron qolbaq daşıyan şəxsin işləməsinə necə icazə verilib” saulını formalaşdırıb. Maraqlıdır, elektron qolbaq daşıyan şəxslərin iş fəaliyyəti necə tənzimlənir?

Vəkillər Kollegiyasının üzvü, vəkil Dədəkişi Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxsə tətbiq olunan məhdudiyyətlər onun işləməsinə və ya hər hansı fəaliyyətlə məşğul olmasına maneə yaratmırsa, o, işləyə və ya digər fəaliyyətlərlə məşğul ola bilər".

Onun sözlərinə görə, elektron nəzarət vasitələrinin tətbiqi "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncam ilə bağlıdır. Bu sərəncamla ölkədə şəxslərin azadlıqdan məhrum edilmədən islahı məqsədilə cəzaların tətbiqi genişləndirilib və həmçinin istintaq müddətində təqsirləndirilən şəxslərin həbsdə saxlanmadan üzərlərində nəzarətin təmin edilməsi üçün alternativ tədbirlərin tətbiqi imkanları artırılıb.

D.Vəlizadə deyib ki, hazırda mövcud qanunvericiliyə əsasən, aşağıdakı hallarda elektron nəzarət vasitələrindən istifadə edilir:

"1. Qətimkan tədbiri zamanı elektron nəzarət vasitələrindən istifadə

Öncə qeyd etmək lazımdır ki, qətimkan tədbirləri (həbs, ev dustaqlığı, girov və s.) cinayət işinin istintaqı zamanı şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və məhkəmə qərarının icrasını təmin etmək məqsədilə tətbiq edilir. Bu tədbirlərdən biri olan ev dustaqlığı zamanı elektron nəzarət vasitələri (qolbaq) tətbiq edilərək, şəxsin müəyyən edilmiş ərazidən kənarlaşmaması və ona qoyulmuş vəzifələrin icra edilməsi təmin edilir.

2. Cəzanın icrası zamanı elektron nəzarət vasitələrindən istifadə

İctimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə, həmçinin məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Bu vasitələrlə həmin məhkumların müəyyən edilmiş vəzifələri yerinə yetirməsi, icra məmurları tərəfindən izlənilir. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur".

Dədəkişi Vəlizadə, vəkil

Vəkil bildirib ki, göstərilən hallarda (ictimai işlər növündə cəza istisna olmaqla) məhkəmə tərəfindən şəxsin üzərinə müəyyən vəzifələr qoyula bilər və ona müəyyən ərazini tərk etmək qadağan edilə bilər. Əgər bu məhdudiyyətlər şəxsin işləməsinə və ya hər hansı fəaliyyətlə məşğul olmasına maneə yaratmırsa, o, işləyə və ya digər fəaliyyətlərlə məşğul ola bilər.

Gülşən Şərif


SON XƏBƏRLƏR