Ağdamda vətəndaş keçmiş rəhbərindən etdiyi şikayətlərə görə məhkəməyə verilib. Buna səbəb isə 46 yaşlı Xaliq İsmayılovun həmin müraciətlərdə təhqirlərdən istifadə etməsidir.
Bakıvaxtı.az xəbər verir ki, Ağdam Mexaniki Suvarma İdarəsinin Avtonəqliyyat şöbəsinin rəisi Elşən Orucov onun Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.
Müəyyən edilib ki, Xaliq əvvəllər qeyd edilən idarədə işləyib və bir müddət əvvəl işdən çıxarılıb. O, daha sonra yuxarı instansiyalara keçmiş iş yeri barəsində şikayətlər ünvanlayıb. X.İsmayılov şikayət məktublarında Elşən Orucov barəsində “donuz” ifadəsini işlədib.
Kollektiv qarşısında şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldıldığını deyən müdir keçmiş işçinin buna görə məsuliyyətə cəlb edilməsini tələb edib.
X.İsmayılov ifadəsində əməlindən peşman olduğunu bildirib və “donuz” adlandırdığı Elşən Orucovdan üzr istəyib.
Ağdam Rayon Məhkəməsinin hökmü ilə Xaliq İsmayılov 1000 manat cərimə edilib. İş üzrə sərf edilmiş 100 manat ekspertiza xərcinin də ondan tutulması hökmdə qeyd edilib.