“Tarixə düşənlər” rubrikamızın budəfəki qonağı “Xəzər” Univeristetinin rektoru, professor Hamlet İsaxanlıdır.
Bakıvaxtı.az alimlə söhbəti təqdim edir.
Əslində universitetlərdə normal təhsil verilsəydi...
- Son günlər müxtəlif fənlərlə bağlı müəllimlərin sertifikatlaşdırılması ciddi müzakirə predmetinə çevrilib. Uzun illər müəllimləri olduqca sadə, primitiv suallara cavab verə bilməyiblər...
- Bəzi ali məktəblər keyfiyyətsiz təhsil veriblər. Müəllimlərin bir hissəsi müəllim keyfiyyətinə malik deyil. Savad və başqa cəhətdən zəifdirlər. Əslində universitetlərdə normal təhsil verilsə idi, sertifikasiyada belə acınacaqlı nəticə ortaya çıxmazdı. Müəllim diplom almağa layiq olmalıdır. Ayrı cür mümkün olmamalıdır. Ali məktəb təhsil veribsə, o müəllim sertifikasiyadan lazımi balı toplayacaq. Söhbət ondan gedir ki, çoxlu sayda müəllim ordusu formalaşıb ki, onların bir hissəsi universiteti zəif nəticələrlə bitirib. Ona görə də sertifikasiya zərurətə çevrilib və müəllimləri fərqləndirmək üçün ayrı bir yol yoxdur. Sertifikasiya məcburiyyət kimi həyata keçirilir.
- Sertifikisiya imtahanı ilə ələmələr, durulaşdırmalar aparılır. İlk imtahandan az bal toplayan müəllimlərə ikinci dəfə şans imtahanı təşkil olunur. Şans imtahanından da zəif nəticə göstərənlər olur və onlar dərs demək hüququndan məhrum olurlar. Bu hal cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi hallarda buna sosial rifah hadisəsi kimi yanaşılır və nazirliyin addımı tənqid olunur. Bir tərəfdən təhsilinin inkişafı, sağlamlaşması tələb olunur, digər yandan sağlamlaşma istiqamətində atılan addım süngü ilə qarşılanır. Nə etməli?
- Məktəblərin və bu cür müəllimlərin sayı həddindən artıq çox olduğu üçün bəzi işləri inqilabi şəkildə etmək olmur. Yəni qısa bir zamanda tədbirlər görüb, bu qədər adamı işsiz qoymaq, dəyişiklik etmək ağrılı prosesdir. Ona görə ki, say külli miqdardadır. Həm də o müəllimlər məktəblərdən çıxarılarsa, məktəblər boş qala bilər ki, bunu da etmək düzgün deyil. Ümumiyyətlə, işlə təmin olunma, keyfiyyətin yoxlanılması addım-addım gerçəkləşməlidir. Birdən-birə hər şeyi sındırmaq olmur. Söhbət bundan gedir.
- Azərbaycan təhsilini repetitorluqdan necə xilas etməli, sizin buna dair bir təklifiniz, reseptiniz, modulunuz varmı?
- Buna dair hazır bir formula kəşf etmək asan iş deyil. Bu, daha çox sosial məsələdir. Bir tərəfdən keyfiyyət lazımdır, digər tərəfdən keyfiyyətli təhsil verən müəllimə keyfiyyətli əmək haqqı verilməlidir. Bunun sadə həlli yoxdur. Müəllimlərin maaşı istənilın halda artırılmalıdır. Müəllim çağdaş dövrün bazarına uyğun əmək haqqı almasa, o, necə yaxşı işləyə bilər?! Müəllim dərsdən sonra özünə qazanc yeri axtaracaqsa, keyfiyyət gözləmək olmaz. Onu da deyim ki, müəllimlərin maaşı tək Azərbaycanda deyil, əksər ölkədə problemdir. Tək-tək ölkələrdə bu problem həll olunub. Çətin məsələdir.
Universitetlər zəif oxuyanlara güzəşt etməməlidir
- Orta məktəblərdə kişi müəllimlərin sayı sürətlə azalır. Bəzi hallarda bu, bir nonsens kimi dəyərləndirilir. Siz necə qiymətləndirirsiniz?
- Bəzi deputatlarımız da iddia edirlər ki, kişi müəllimlərimiz yoxdursa, vəziyyət ürəkaçan olmayacaq. Bu, cəmiyyətin özündən irəli gəlir. Bir ara kişilər müxtəlif sahələrə üz tutublar ki, orada daha yaxşı pul qazansınlar. Qadınlar isə düşünüblər ki, onlar üçün ən yaxşı peşə müəllimlikdir. İndi müəllimlik qadınlaşıb, amma metodik cəhətdən kifayət qədər güclü qadın müəllimlər var. Bu proses davam edəcək. Yaxın zamanlarda statistik dəyişikliklər gözlənilmir. Yenə deyirəm, keyfiyyətli təhsil istəyiriksə, ali məktəblərin keyfiyyətli təhsil verməsinə müyəssər olmalıyıq.
- Bunun üçün ali məktəblər nə kimi prioritet hədəflər qoymalıdır?
- Universitetlər zəif oxuyanlara güzəşt etməməlidir. Zəif oxuyanlar bitirib, diplom ala bilməsə, ali məktəbi yalnız yüksək qiymətlərlə oxuyanlar bitirsə, orta məktəblərdə belə problemlər müşahidə olunmaz. Problemi ali məktəblərin verdiyi təhsilin keyfiyyətində axtarmaq lazımdır.
Azərbaycanda iqtisadi və digər vəziyyət normal olsa, insanlarımız niyə xaricə getsin ki?!
- Gənclərimizin xarici ölkələrə olan “beyin axını”na dair də SOS siqnalı çalınır. Bildirilir ki, proses bu cür davam edərsə, bir neçə il sonra ölkədə ciddi kadr çatışmazlığı yaranacaq. Belə çətinlik yaşana bilərmi?
- “Beyin axını” təkcə Azərbaycanda müşahidə olunmur, bütün dünyada var. Buna qarşı mübarizə həddindən artıq çətindir. Uzun illər, hindistanlılar və çinlilər bütün dünya ölkələrində təhsil alıblar. Qərb dünyasına gedəndə görürsən ki, Çin şəhərləri var. Hər yerdə müxtəlif sahələrdə hindistanlılar mövcuddur. İngiltərədə həkimlərin çoxu hidistanlı və pakistanlıdır. Onlar gəlib, təhsil alıb, orada qalırlar. O insanları qınamaq olmur. Onlara qadağalar da qoya bilməzlər. Amma dövlət öz xətti ilə oxumağa göndərdiyi şəxslərin geri dönüşünü təmin və tələb edə bilər. Bu arada deyim ki, Azərbaycan hökuməti 1990-cı ildə göndərdikləri bütün şəxslərlə müqavilə bağladı ki, onlar gəlib Azərbaycanda işləsinlər. Eyni zamanda həmin şəxslərdən kimsə sanballı universitetə doktorantura oxumağa gedirdisə, onları məcbur edibdilər ki, yerli universitetlə müqavilə bağlasın, qayıdanda öz universitetimizdə işləsin. Biz “Xəzər” Universitetində 46 nəfər doktorantı özümüz seçmişik. Onlar bizə müraciət edirlər, biz də seçirik ki, onlar doktoranturanı qurtarıb, Azərbaycana qayıdıb, bir müddət işləsinlər.
Azərbaycanda iqtisadi və digər vəziyyət normal olsa, insanlarımız niyə xaricə getsin ki?! Azərbaycan gözəl ölkədir. Təbiəti, insanları, şəhərləri çox gözəldir. Bakı kimi gözəl şəhər dünyada çox deyil. Hər kəs öz vətənində, ata-ana və dostları olan yerdə işləmək istəyər. Doğma insanların, doğma dilin əhatəsində olmaq istəyərlər. Bu mənada xaricə gedən adamları qınamaq olmur, onlar bir az daha yaxşı təhsil almaq, daha yaxşı pul qazanmaq istəyirlər. Amma onların müəyyən hissəsi gəlib, Azərbaycanda iş tapa bilmir. Yerli universitetlər o kadrların ən azı bir hissəsini universitet müəllimi kimi qaytara bilər.
Saxta yollarla alim olmaq təəssüf ki, olub və indi də var
- Doktorluq məsələsinə toxundunuz. Azərbaycanda doktoranturaya qəbulda dəyişiklik edildi. Doktorantların elmi məqalələrindən tutmuş, elmi işinə qədər müəyyən kosmetik dəyişikliklər edildi. Sizcə, bu addımlar doktorluq işinin yazılmasındakı plagiatın qarşısını almaq və Azərbaycan elmini dünyaya çıxarmaq üçün yetərlidirmi?
- Saxta yollarla alim olmaq təəssüf ki, olub və indi də var. Ali Attestasiya Komissiyası bunun qarşısını ala bilmir. Bu, heç mümkün də görünmür. Məlum sahədəki əyriliklər get-gedə artır. Magistrantlar mərkəzi imtahan verdikdən sonra universitetə doktorant olaraq qəbul olunurlar. Universitetlər qərara alırlar ki, bu doktorant universiteti bitirdi, onlar da diplomu dövlətdən alıb, verirlər. Amma hesab edirəm ki, bu işi ali məktəblərin öz məsuliyyətinə vermək lazımdır. Çünki hər doktorantın arxasında təmsil olunduğu ali məktəbin adı dayanır. Bu gün elə universitetlərimiz var ki, oranı bitirənlər daha tez və rahat iş tapırlar. Çünki onun nüfuzu daha çoxdur. Azərbaycandakı sistem nə Amerika, nə İngiltərə, nə də Avropada var. Gürcüstan, Baltikyanı ölkələr, Qazaxıstan və başqa ölkələr də bu işi universitetlərin özlərinə həvalə ediblər. Bu mənada düşünürəm ki, hər şeyi mərkəzləşdirib, kontrol etmək müsbət effekt vermir. Ən düzgünü odur ki, universitetlərin bir hissəsini akkreditasiya etsinlər, səviyyəli alimləri olan, beynəlxalq əlaqələri güclü olan, tədqiqat və çap gücü olan universitetlərə doktoranturada böyük yerlər verilsin. Bu keyfiyyətləri olmayan univeristetlərə isə ya yer az verilsin, ya da heç verilməsin. Universitetlər də öz doktorantlarına diplomlar versin. Bir az sonra bilinəcək ki, filan universiteti bitirən doktorantların keyfiyyəti qənaətbəxş olmur. Belə olan halda da heç kəs orada doktorant olmaq istəməyəcək. İşi mərkəzləşdirməklə deyil, rəqabət əsasında qurmaq lazımdır. Bu məsələ ilə bağlı dünya təcrübəsi var, dünya təcrübəsində bu proses rəqabətlə həyata keçirilir.
Aydın Baxış