• Bakı C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Hepatit və stomatologiya: həkimlərdən qorxmaq lazımdırmı?

CƏMİYYƏT

02 Aprel 2024 | 10:53

Hepatit və stomatologiya: həkimlərdən qorxmaq lazımdırmı?

Sosial şəbəkələrdə Hepatit C-yə yoluxan insanların paylaşımları tez-tez qarşımıza çıxır.  Daha çox isə diş həkiminə getdikdən sonra bu xəstəliyə yoluxulduğu iddia olunur.

Hepatit C eyni adla xatırlanan (Hepatit C virusu) virusla bağlı inkişaf edən xəstəlikdir. Xəstəlik uzun müddətdə qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur.

Virus 1989-cu ildə kəşf edilib. Əksər hallarda simptomları müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qaraciyərin liflərinin dağılması – qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir vaksin yoxdur. İnfeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilər və pasientlərin proporsiyası anti–virus dərmanlarının uzun kursu ilə virusdan təmizlənilə bilər. Hepatit C virusu altı tanınmış hepatit viruslarındandan biridir: A, B, C, D, E, G.

Ləman Qalimova: Stomatoloqa gedən şəxs alətlərin həqiqətən steril olunmasına diqqət etməlidir

İnfeksionist Ləman Qalimova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Hepatit C-yə yoluxma həm qanla, həm də qorunmasız cinsi əlaqə zamanı baş verir. L.Qalimova deyir ki, buna görə də diş həkiminə getdikdə mütləq sterilizasiyadan əmin olmaq lazımdır:

“Stomatoloqa gedən şəxs alətlərin həqiqətən steril olunub sonra istifadə edilib-edilmədiyini bilməlidir”.

Onun sözlərinə görə, manikür-pedikürə gedən şəxslər yalnız öz alətlərindən istifadə etməlidirlər: “Həmçinin partnyorundan əmin olmayan şəxslər qorunmasız cinsi əlaqədən qaçmalıdır”.

Müsahibimiz qeyd edib ki, Hepatit C-nin müalicəsi var. Bildirib ki, müalicə olunmadığı təqdirdə isə yoluxan şəxs mərhələlərlə qaraciyər xərçənginə, qaraciyər çatışmazlığına tutula bilər:

“Ona görə yoluxduqda mütləq həkimə müraciət etmək lazımdır. Xəstəlik aşkarlandıqdan sonra müalicəsi təyin olunmalıdır”.

Mərdan Əliyev:  Hepatit C-yə yoluxmada stomotoloji xidmətlərin rolu böyükdür

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Hepatit C-nin artmasını müşahidə ediriksə, bu, daha çox onun aşkar olunmasına bağlıdır:

“Çünki Hepatit C Azərbaycanda illərdir geniş yayılıb. Epidemiya şəklində olmasa da, xəstəliyin geniş yayıldığını demək olar. Sadəcə yalnız aşkar olunanda məlum olur ki, şəxsdə Hepatit C virus infeksiyası var. Çünki gizli gedən xəstəlikdir, uzun müddət heç bir simptom vermir. Əgər simptom verirsə, deməli, artıq qaraciyər sirrozu var. Həmin vaxt aşkar edildikdə ciddi məsələ hesab olunur”.

İnfeksionist qeyd edib ki, hazırda bunun artmasının bir səbəbi sığorta ilə də bağlı ola bilər: “Sığorta ilə əlaqəli müayinə və analizlərin çoxalması və yoxlanılması əvvəldən olan Hepatit C virusunu aşkar edir. Hepatit C qan təması ilə yoluxur. Burda stomotoloji xidmətlərin rolu böyükdür. Alətlər düzgün dezinfeksiya olunmursa, həmin alətlər vasitəsilə bir şəxsdən digər şəxsə asanlıqla Hepatit C virusuna yoluxa bilər”.

Müsahibimiz vurğulayıb ki, Hepatit C-yə yoluxmada daha vacib rolu isə hazırda narkomaniya oynayır. Onun sözlərinə görə, narkomanların vena daxilinə bir iynədən ortaq şəkildə istifadə etməsi Hepatit C-nin yoluxmasında əsas rol oynayır:

“Bu, simptomsuz gedən bir xəstəlikdir. Təxminən, 10-15, bəzən 20 il sonra şəxsin qaraciyər sirrozu inkişaf edir. Bu, şəxsin fərdi həssaslığından da asılıdır. Qaraciyər sirrozundan sonra qaraciyər xərçəngi əmələ gəlir. Kifayət qədər təhlükəli xəstəlikdir, amma müalicəsi var. Əgər vaxtında aşkar olunub müalicə olunarsa, adətən, problem olmur, tam sağalma müşahidə edilir. Virus əleyhinə xüsusi, yalnız Hepatit C-yə təsir edən antiviral dərmanlar var bu dərmanlarla 3 aylıq müalicə kursu ilə xəstə tam sağalır”.

M.Əliyev əlavə edib ki, Hepatit C qan təması yolu ilə yoluxur o deməkdir ki, xəstə şəxsin qanı sağlam şəxslə təmasda olur:

“Narkomaniya, stomatoloji xidmətlər və əməliyyatlar vasitəsilə yoluxma müşahidə edilir. Bəzən əməliyyatda da dezinfeksiya şərtlərinə düzgün əməl olunmur. Ginekoloji xidmətlər, abort buna səbəb ola bilər. Bu vasitələrdən yoluxma ehtimalı yüksəkdir. Digər tərəfdən, manikür, pedükürlərdən də yoluxma ehtimalı var. Çünki orda da kəsilmə olduqda qanla təmas ola bilir. Hətta lazer epilasiya zamanı da yoluxma baş verə bilər. Son dövrlər olan “Aleksandrit” lazer epilasiyası aparatı yox, ondan əvvəlkilər vasitəsilə yoluxma mümkündür. Çünki orada qan təması mümkündür”.

Həmsöhbətimiz bildirib ki, əvvəllər tattudan da yoluxmalar çox olub, indi də mümkündür: “Əvvəllər qan köçürmələr də xüsusi rol oynayıb. İndi qan köçürmələrdə daha dəqiq müayinə üsullarından istifadə olunduğu üçün düşünmürəm ki, yoluxma mümkün olsun. Bir də hemodializ xəstəkərində yoluxma ola bilər, çünki orda da aparatlar vasitəsilə qan təmizlənməsi prosesi gedir”.

Rüfət Nağızadə: Elə klinikalar var ki, orda heç autoklav aparatı yoxdur

Stomatoloq Rüfət Nağızadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda bütün klinikalarda alətlərin sterilizasiyası düzgün aparılmır. Onun sözlərinə görə, elə klinikalar var ki, orda heç autoklav aparatı yoxdur:

“Əvvəlki xəstədə istifadə edilən bütün alətlər aparata qoyulmalı, mayelərdə qalmalıdır ki, orada heç bir mikrob, bakteriya qalmasın. Əfsuslar olsun ki, bir çox klinikada belə olmur. Özünüz də görürsünüz ki, bəzən paketlənməmiş latoxun içində gətirirlər. Bu, birbaşa məsuliyyətsizlikdir”.

Həkimin sözlərinə görə, xərc olmasın deyə autoklavı almayan klinikalar var:

“Amma şükürlər olsun ki, əksət klinikalarda autoklav sistemi var. Tibb bacıları alətləri tam düzgün qaydada sterilizasiya edirlər. Bunun özü də böyük uğurdur. Çalışmaq lazımdır ki, problemli klinikalarda da belə olsun. Bu hallar artsa, Hepatit C daha da çoxalacaq və millətimizin sayı azalacaq. Bu, qətiyyən yaxşı bir şey deyil. Təmizlik çox vacibdir. Bizim sahəmizdə HPV xəstəliyinin yayılması dəhşət çoxdur”.

Aytac Aslan


SON XƏBƏRLƏR

01 Dekabr 2024