Xəbər verdiyimiz kimi, İran parlamenti ABŞ-nin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Hörmüz boğazını bağlamaq qərarına gəlib.
Bəs, Hörmüz boğazının bağlanması enerji qiymətlərinə necə təsir edəcək? İnflyasiya baş verəcəkmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Elman Sadıqov bildirib ki, İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul etsə də, məsələni yekun təsdiq üçün Milli Təhlükəsizlik Şurasının öhdəliyinə buraxıb. Yəni bu qərarın icrası yalnız həmin Şura tərəfindən təsdiq edildikdən sonra mümkündür.
ESadıqov qeyd edib ki, hətta həmin Şura bunu təsdiq etsə belə Hörmüz boğazının bağlanma mexanizmi düşündürücüdür:
“Yəni, İran bunu necə həyata keçirəcək? Gəmilərlərmi qarşısını kəsəcək? Boğaz bağlandı deməklə işmi olur? Hazırda Amerika və İsrailin orada çox böyük bir nüfuzu və təsiri var. İran deməklə bu məsələ həyata keçəcəkmi?”
Onun sözlərinə görə, ən pis halda boğaz bağlansa belə, İran özünə yeni düşmən ölkələr qazanacaq. Müsahibimiz izah edib ki, Çin, Avropa İttifaqının bir sıra ölkələri İrana qarşı nisbətən yumşaq mövqe göstərirlər və münaqişənin diplomatik yolla həllinin tərəfdarıdırlar. Ekspert nəzərə çatdırıb ki, birdən-birə boğazı bağlamaqla hədələmək həm də qlobal iqtisadiyyatı şantaj etmək deməkdir ki, burada hər kəs zərər görə bilər.
Elman Sadıqov:Boğaz bağlansa, bu, qısamüddətli olacaq, amma...
“Onun bağlanması yalnız bölgə ölkələrinə deyil, qlobal iqtisadiyyata da zərbə vurar. Burada ən böyük amillərdən biri də elə Amerikanın özü üçün ən böyük təhlükələrdən biri infilyasiyadır. İnfilyasiya arta bilər.
Bu halda ən ciddi risklərdən biri də ABŞ üçün inflyasiyanın artması olacaq. Ola bilər ki, neftin qiyməti 100 dollara, 120 dollara qalxsın. Amma bunun ömrü qısanmüddətli olacaq”.
E.Sadıqov bildirib ki, lakin bu artımın qısamüddətli olacağı düşünülür. Çünki boğazda yığılan tankerlər sonradan bazara çıxdıqda, qiymətlərdə kəskin ucuzlaşma baş verəcək.
Müsahibimiz vurğulayıb ki, Hörmüz boğazınında gəmilərin yığılması ehtimalını götürsək, həmin gəmilər sonra dünya bazarına çıxdıqda neftin qiymətinin kəskin şəkildə ucuzlaşması baş verəcək.
Elman Sadıqovun dediyinə görə, bundan sonrakı periodda neftin qiymətinin ucuzlaşması, İran neftinin dünya bazarına çıxarılması məsələsi var.
“Bu səbəbdən Hörmüz boğazının bağlanması qısamüddətli şok effekti ola bilər. Boğaz bağlansa, bu qısamüddətli olacaq, amma İrandakı proseslər daha sürətlə cərəyan edəcək”.
Mina Mikayılova