Dərslərin axarını pozan əsas məsələlərdən biri də mobil telefonlardır. Bu problem təkcə bizdə yox, dünyanın bir çox ölkəsində müzakirə olunur. Hər ölkə bu məsələyə öz baxış bucağından yanaşır: kimisi dərsə girəndə telefonları yığır, kimisi sönülü saxlamağı tələb edir, kimisi isə ümumiyyətlə smart telefonlara qadağa qoyur.
Bəs Azərbaycanda məktəblərdə mobil telefonlara tamamilə qadağa qoyula bilərmi?
Elçin Süleymanov: Valideynlər bu məsələdə məktəblərə və müəllimlərə dəstək göstərməlidirlər
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirib ki, mobil telefonların tədris prosesini pozduğu artıq inkarolunmaz bir həqiqətdir. Bu mövzu ilə bağlı demək olar ki, son illərdə əksər ölkələrdə qabaqlayıcı tədbirlər görülür:
"Bəzi ölkələrdə şagirdlər dərsə girən zaman telefonlarını təhvil verirlər, bəzilərində isə dərs müddətində telefonlar sönülü vəziyyətdə olur. Elə ölkələr də var ki, ümumiyyətlə, smart telefonlardan istifadəyə qadağa qoyulur. Valideynlərlə əlaqə məqsədilə isə yalnız zəng və SMS funksiyası olan sadə telefonlara icazə verilir".
Ekspert hesab edir ki, valideynlər bu məsələdə məktəblərə və müəllimlərə dəstək göstərməlidirlər:
"Ümumiyyətlə, hər bir valideyn övladının telefonundan necə istifadə etdiyinə nəzarət etməlidir. Bunun üçün müxtəlif proqramlar mövcuddur və həmin vasitələrlə övladlarımızın hansı saytlara daxil olduqlarını, telefonda nə etdiklərini mütəmadi şəkildə izləmək mümkündür".
Onun sözlərinə görə, məktəbin maddi-texniki bazası və imkanları nəzərə alınmaqla qərar verilməlidir ki, telefonlara tam qadağa tətbiq olunsun, yoxsa alternativ mexanizmlər qurulsun. Çünki telefonlara tam qadağa qoyulması bəzi valideynlər üçün çətinlik yarada bilər; onlar övladları üçün narahat olurlar. Elə bir sistem yaradılmalıdır ki, həm valideynin narahatlığı aradan qalxsın, həm də telefonlar tədris prosesinə mane olmasın.
Zeynəb Eyyubova: Texnologiyadan istifadə tamamilə qadağan edilməməli, əksinə...
Psixoloq Zeynəb Eyyubova isə Bakıvaxtı.az-a bildirib ki, məktəblərdə mobil telefon istifadəsinin qadağan edilməsi ilə bağlı müzakirələr cəmiyyətdə haqlı olaraq ciddi maraq doğurur:
"Bir psixoloq olaraq qeyd etmək istəyirəm ki, əsas məsələ texnologiyanı uşaqlardan tamamilə uzaqlaşdırmaq deyil, onları düzgün istiqamətləndirməkdir. Texnologiya bu gün həyatımızın ayrılmaz hissəsidir və uşaqlar da bu reallığın içində böyüyürlər. Onları texnologiyadan tamamilə məhrum etmək, gələcəkdə adaptasiya çətinlikləri və marağın qeyri-sağlam şəkildə artmasına səbəb ola bilər. Buna görə də əsas məqsəd texnologiya ilə sağlam münasibət qurmağı öyrətmək olmalıdır".
O qeyd edib ki, telefon qadağası məktəbdə diqqətin dərslərə yönəlməsi, sosial münasibətlərin gücləndirilməsi və psixoloji rifah üçün faydalı ola bilər:
"Lakin bu qadağa mütləq valideynlər, müəllimlər və şagirdlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində tətbiq edilməlidir. Valideynlər övladlarına niyə bu qaydanın olduğunu izah etməli, məktəblər isə telefonun alternativini - sosial oyunlar, müzakirələr və kreativ fəaliyyətlər - təqdim etməlidirlər. Eyni zamanda, məktəbdən kənarda uşaqlara texnologiyadan düzgün istifadə vərdişi aşılanmalıdır. Məsələn, telefonla yalnız müəyyən vaxtlarda və məqsədli şəkildə istifadə etməyə öyrədilməlidir".
"Nəticə olaraq, texnologiyadan istifadə tamamilə qadağan edilməməli, əksinə, onu necə düzgün istifadə etməyi uşaqlara öyrətməliyik. Valideyn-məktəb-şagird üçbucağında açıq və anlayışlı münasibət qurularsa, uşaqların həm psixoloji sağlamlığı qorunar, həm də müasir dövrə uyğun tərzdə yetişmələri təmin olunar",- deyə Zeynəb Eyyubova vurğulayıb.
Nuriyyə Musayeva