ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə xitam verilməsi Cənubi Qafqazda yeni siyasi reallıqların qəbul edildiyinin göstəricisidir.
Uzun illər de-fakto fəaliyyətsiz qalan bu qurumun de-yure saxlanılması münaqişənin beynəlxalq gündəmdə qalması və müxtəlif dövlətlərin müdaxilə cəhdləri üçün əsas yaradırdı. Bununla, həm Ermənistan öz ərazi iddialarını beynəlxalq platformalarda gündəmə gətirmək üçün əlavə imkan qazanır, həm də bölgəyə kənar güclərin təsirini legitimləşdirmək üçün vasitə mövcud olurdu.
Minsk qrupunun bağlanması bir tərəfdən Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi hərbi-siyasi qələbənin beynəlxalq müstəvidə tanınması deməkdir. Artıq Qarabağ məsələsi beynəlxalq təşkilatların müzakirə predmetindən çıxarılaraq yalnız regional çərçivədə - Azərbaycan-Ermənistan münasibətlərində həll olunmalı bir məsələ kimi qəbul edilir. Bu, həm də Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinin qlobal miqyasda təsdiqlənməsi anlamına gəlir.
Digər tərəfdən, Minsk qrupunun bağlanması ilə regiondakı geosiyasi balans da dəyişir. ABŞ və Fransanın həmsədr qismində təsir imkanlarının hüquqi zəmini tamamilə aradan qalxır. Bu isə Cənubi Qafqazda Qərbin proseslərə yönəldici təsirini daha da zəiflədir, eyni zamanda, Türkiyə və Rusiyanın mövqelərinin güclənməsinə gətirib çıxarır. Azərbaycanın da regiondakı müstəqil aktor kimi rolu artır və diplomatik manevr imkanları genişlənir.
Nəticə etibarilə, ATƏT-in Minsk qrupunun bağlanması yalnız formal bir qərar deyil, həm də Qarabağ məsələsinin tamamilə yeni siyasi mərhələyə keçməsini təsdiqləyir. Bu addım münaqişənin beynəlxalq gündəlikdən çıxarılması ilə yanaşı, Azərbaycanın regional lider mövqeyinin möhkəmlənməsinə, Ermənistanın isə təcrid olunmuş vəziyyətdə qalmasına səbəb olur.
Ruslan Zəngəzur