• Bakı 25° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Hindistanın Azərbaycana qarşı qərəzli mövqeyi: geosiyasi səbəblər və nəticələr

SİYASƏT

02 Sentyabr 2025 | 13:47

Hindistanın Azərbaycana qarşı qərəzli mövqeyi: geosiyasi səbəblər və nəticələr

Azərbaycan və Pakistan arasında möhkəm dostluq və qardaşlıq münasibətləri uzun illərdir ki, beynəlxalq arenada özünü göstərir. Bu münasibətlərin əsasında ortaq dini-mədəni dəyərlər, eyni zamanda strateji maraqlar dayanır.

Xüsusilə İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı mərhələdə Pakistanın Azərbaycana verdiyi siyasi və mənəvi dəstək Azərbaycan cəmiyyətində yüksək qiymətləndirilib. Eyni qaydada Azərbaycan da Pakistanın regional məsələlərdə, xüsusilə Kəşmir münaqişəsində ədalətli mövqeyini dəstəkləyib.

Məhz bu qarşılıqlı həmrəylik fonunda Hindistanın Azərbaycana qarşı getdikcə sərtləşən mövqeyi diqqət çəkir. Son aylarda Nyu-Dehlinin müxtəlif  beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarına qarşı addımlar atması bu siyasətin açıq göstəricisidir. Son nümunə kimi Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv qəbul olunmasına etirazı göstərilə bilər. Halbuki, təşkilata sədrlik edən Çin Azərbaycanın müraciətini açıq şəkildə dəstəkləyib və onun “Şanxay ruhu” prinsiplərinə uyğun olduğunu bəyan edib. Deməli, Hindistanın bu mövqeyi obyektiv hüquqi əsaslara deyil, siyasi qərəzə söykənir.

Hindistanın narazılığının kökündə əsasən iki amil dayanır.

Birincisi, Azərbaycanın Pakistanla yaxınlığı və qarşılıqlı dəstəyi Nyu-Dehlidə ciddi narahatlıq doğurur. Xüsusən də 2025-ci ilin yazında Hindistan-Pakistan toqquşmaları fonunda Azərbaycanın İslamabada açıq siyasi dəstək verməsi Hindistanın Azərbaycana münasibətini sərtləşdirib.

İkincisi, Hindistan regionda artan türk-İslam əməkdaşlığını öz maraqlarına təhdid kimi qiymətləndirir və bu əməkdaşlıq formatlarında Azərbaycanın aktiv rolunu zəiflətməyə çalışır.

Lakin bu siyasətin praktiki nəticələri yoxdur. Azərbaycan həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Türkiyə, Pakistan, Çin və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatları Azərbaycanın manevr imkanlarını genişləndirir. Hindistanın süni əngəlləri isə əksinə, onun özünün diplomatik nüfuzunu zədələyir və dar düşüncəli siyasət yürütməsini nümayiş etdirir.

Digər mühüm məqam, Hindistanın Azərbaycana qarşı addımlarının Pakistanda əks reaksiya doğurmasıdır. Son günlərdə İslamabadın Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklaması buna nümunədir. Bu, həm regional siyasi balansın necə işlədiyini, həm də Azərbaycan-Pakistan qardaşlığının real təsir gücünü göstərir. Əslində, Hindistanın təzyiq siyasəti Bakı ilə İslamabad arasında əməkdaşlığı daha da möhkəmləndirir və qarşılıqlı dəstəyi artırır.

Nəticə etibarilə, Hindistanın qərəzli mövqeyi nə Azərbaycanın beynəlxalq mövqelərinə, nə də onun strateji kursuna zərər yetirə bilir. Əksinə, bu cür davranışlar Azərbaycanın qardaş ölkələrlə həmrəyliyini gücləndirir və Hindistanın özünün məhdud geosiyasi baxışlarını üzə çıxarır. Azərbaycan üçün qardaşlıq münasibətləri hər zaman üstün dəyər olaraq qalacaq və heç bir təzyiq bu xətti dəyişdirə bilməyəcək.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR