Baltik dənizində baş verən təxribat hadisələri Skandinaviya ölkələrində dərin narahatlıq yaradıb. İsveç əvvəllər müharibə vəziyyətində bukletlər paylayıb və çətin anlarda nə etməli olduqları barədə ictimaiyyəti məlumatlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, İsveç yeni addım atmağa hazırlaşır. "Associated Press"in məlumatına görə, İsveçdə qəbiristanlıq işlərinə cavabdeh olan qurum mümkün müharibə vəziyyətində minlərlə insanın dəfn oluna biləcəyi qəbiristanlıq axtarmağa başlayıb.
Dərc edilmiş hazırlıq hesabatlarına görə, əhalinin 5 faizi üçün kifayət qədər dəfn yerləri təşkil ediləcək. İsveçdə məzar işlərinə cavabdeh olan qurumun məsləhətçisi Katarina Evenseth deyib ki, "adi vaxtlarda belə böyük şəhərlərdə qəbiristanlıq qıtlığı olur. Müharibə olacağı təqdirdə daha çətin vəziyyət yaranacaq". O, məzar yerləri üçün hazırlıq görülməli olduğunu diqqətə çatdırıb.
İsveç keçən mart ayında NATO-ya üzv olmaqla müharibəyə qarşı mövqeyini gücləndirib. (News24.az)