• Bakı 19° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Mustafa Cəmiloğlu: “Bu savaş 8 il öncə Krımdan başladı, Krımda da bitəcək”

MÜSAHİBƏ

06 Iyul 2022 | 16:00

Mustafa Cəmiloğlu: “Bu savaş 8 il öncə Krımdan başladı, Krımda da bitəcək”

Krım türklərinin əfsanəvi lideri Mustafa Cəmiloğlu (Krımoğlu) Türkiyədə keçirilən “On beş sıfır yeddi” film festivalı çərçivəsində “Mustafa” filminin təqdimatında iştirak etmək üçün İstanbuldadır. ”Atlas” kinoteatrında keçirilən təqdimatdan sonra Mustafa Cəmiloğlu Bakıvaxtı.az-ın suallarını cavablandırı. Təbii ki, mövzumuz Rusiya-Ukrayna savaşı oldu.

- Mustafa bəy, İstanbula xoş gəlmisiz. Bilirəm, yorğunsunuz, zamanınızı çox almayacam, qısaca Rusiya-Ukrayna savaşı ilə bağlı nə düşündüyünüzü bilmək istərdik...

- İkinci dünya müharibəsindən sonra hal-hazırda Ukrayna torpağında ən qanlı, acımasız savaş davam edir və Ukraynanın dünyanın dəstəyinə böyük ehtiyacı var. XXI əsrin Hitleri Putin bizim ölkəmizi tamamən işğal edib, özünə uyğun kukla hökumət yaratmaq istəyir. Planlarına görə, 24 fevralda başlayan savaşda üç gün içərisində Kiyevi ələ keçirib, orada “hökumət” qurub, öz istəklərini bizə diktə edəcəkdi. Dünyanın ən böyük silah istehsal edən ölkələrindən ikincisi olduğundan, hesab edirdi ki, elə də olacaq. Rusiyanın 1,5 milyonluq ordusu var, amma əsgərlərinin motivasiyası yoxdu. Tək motivasiyaları işğal etdikləri yerlərdə oğurluq, qəsb etmələrinə rus hökumətinin icazə verməsidir. Bizim əsgərlərimiz isə vətən üçün, millət üçün savaşırlar. Rusiyanın itkisi bizimkindən 5-10 dəfə daha çoxdur. Üzücü olan bilisiniz nədir? Əsir olan rus əsgərlərinə baxırıq, çoxu milli azlıqlardan - Dağıstandan, Tatarıstandan, yakutlardan və gənc uşaqlar, heç bir təhsil almayıblar, bəziləri nə üçün gəldiklərini belə bilmir, insanları rəsmən ölümə göndərirlər. Ukrayna xalqı isə dirəniş, qəhrəmanlıq, fədakarlıq göstərir, doğrudur, savaş hələ də davam edir, əslində bu savaş 8 il öncə başlayıb, Krım işğal ediləndə və ən böyük zərəri də Krim xalqı gördü. 1944-cü il sürgünündən bu yana Krım türkləri öz vətənlərinə dönmələri üçün, diktator rejimə qarşı demokratik ölkə qurulması üçün mücadilə verdi. Biz bu mücadiləyə inanaraq başladıq, biz görməsək də, gələcək nəsillərimiz görəcək deyə ümid edirdik, amma Allah böyükdür, Sovetlərin dağıldığını da gördük, vətənimizə də döndük. İndi Krım yarımadasında Sovet rejimindən daha betər işğalçı rejim var, heç bir demokratik özgürlüklər yox, insanları qaçıraraq öldürürlər, həbslərə atırlar. Bizim təxminlərimizə görə, son illər 30 minə yaxın Krım türkü öz torpaqlarını tərk ediblər. Rusların niyyəti Stalinin zamanında bacara bilmədikləri işi indi tamamlamaqdır, Krım torpaqlarında rus dövləti yaratmaq, Putin bunu istəyir. Amma təbii ki, yenə bacara bilməyəklər, savaşı biz qazanacağıq, Ukraynaya bütün dünya dəstək verir, bu mənada Türkiyəyə də minnətdarıq, çünkü rusların Kiyevin hava limanına girdikləri zaman Türkiyənin baydaqdarı olmasaydı, böyük ehtimal biz uduzardıq.

- Sizcə, bu qədər sanksiyalara rəğmən Rusiya nə qədər ayaqda dura biləcək?

- Rusiya normal demokratik ölkə olsaydı, insanlar ayağa qalxardı, etiraz edərdi, Putin yıxardılar, amma orada terrorist rejim mövcuddur. Doğru vurğuladınız, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar çox ciddidir, bu günə kimi heç bir ölkəyə belə ciddi sanksya tətbiq edilməyib. Bizim təxminlərimizə görə, bu ilin sonuna qədər Rusiya iqtisadiyyatının beli qırılaacaq.

- Rusiya çokəcək?

- Bunun iki yolu var, ya Putun rejimi yıxılacaq, yerinə normal, öz ölkəsini düşünən bir yönətim gələcək, ya da Rusiya dağılacaq, ən yaxşısı təbii ki, Rusiyanın dağılmasıdır. Əgər Rusiya dağılmasa, oradakı millətlər özgürlüyünü qazanmasa, bu ölkə dünya üçün daim təhlükə olacaq. Bizim NATO-ya girməyimizə çox mane olurlar, amma Avrpa Birliyinə bu yaxınlarda qəbul olunacağıq.

- Sizcə, savaşın sonu necə olacaq?

- Hal-hazırda Ukrayna torpaqlarının yüzdə iyirmisi işğal altındadır, savaş davam edir, ən ağır döyüşlər Donetsk tərəfdə gedir. Ruslar bəzən irəli gedirlər, bəzən geri çəkilirlər, amma mənim fikrimcə, biz avqust ayının ortalarında, ya sonunda hücuma keçəcəyik, Xerson bölgəsini boşaltacağıq. Qısaca, Ukrayna tamamilə torpaq bütünlüyünü qazanana qədər savaş bitməyəcək. Çox şükür, bu gün Ukrayna xalqı dirənir və Krım tatar gəncləri onlarla bir sıradadır. Bizim inancımıza görə, bu savaşın sonunda Krım yarımadası rus işğalçılarından azad ediləcək, bu savaş 8 il öncə Krımdan başladı, Krımda da bitəcək.

Yaqut Misirxanlı

İstanbul


SON XƏBƏRLƏR