• Bakı 12° C

    8.87 m/s

  • USD - 1.7

    EUR - 1.8303

    RUB - 0.0186

“Uşaq vaxtı qorxurdum ki, “vodolazlar” adam tutur” - Dalğıcla MÜSAHİBƏ

MÜSAHİBƏ

24 Iyun 2022 | 16:51

“Uşaq vaxtı qorxurdum ki, “vodolazlar” adam tutur” - Dalğıcla MÜSAHİBƏ

Yay fəslinin olmazsa olmazıdır çimərliklər. Həm sərinləmək, həm də istirahət üçün dənizə üz tutmağın vaxtıdır. Ancaq çox vaxt təhlükəsizlik qaydalarına əməl etməməklə həm özümüzə, həm də ətrafdakılara problemlər yaradırıq. Bəzən isə istirahət bədbəxtliklə bitir.

Elə Bakıvaxtı.az-ın müsahibi “Bakı” dalğıc axtarış qrupunun rəisi Elvin Mirzəyev də çimərliyə gedənlərə istirahətlərini xoş keçirmək üçün qaydalara əməl etməyi məsləhət görür.

Elvin Mirzəyev müsahibəsində çalışdığı 11 il ərzində qarşılaşdığı maraqlı hadisələrdən də danışıb.

 

- Dalğıc olmaq istəyiniz hardan yaranıb?

- Dəniz kənarında böyümüşəm, yaşayış məntəqəmiz dəniz kənarında olub. Həmçinin uşaqlıqdan balıq ovu ilə məşğul olmuşam, bu baxımdan dənizə hər zaman daha çox marağım olub.

Əslində, bu iş təklif olunanda bacarıb bacarmayacağımla bağlı çox tərəddüd edirdim. Çünki gənc olsam belə, işin mahiyyət və məsuliyyətini dərk edirdim. Xilasedici olmaq, sözün əsl mənasında, bir az çətin məsələdir.

- Gün ərzində iş zamanı ən çox nədə çətinlik çəkirsiniz?

- Gündəlik prosesdə çox çətinliklər olduğunu deməzdim, ancaq olanda da daha çox vətəndaşlarla olur. Vətəndaşların aqressiyaları ilə üzləşirik, anlaşılmazlıqlar olur, bizi başa düşmürlər. Məsələn, yollarda tıxaclar, başqa problemlər olsa da, biz hadisə yerinə maksimum dərəcədə tez çatmağa çalışırıq. Zərərçəkənlərin yaxınlarının aqressiyası, yaşadıqları problem bizi də sıxır, narahat edir.  

- İnsanlar dənizdə istirahət zamanı hansı səhv ucbatından boğulurlar?

- Öncəliklə deyim ki, bizim işimiz daha çox axtarışlarla bağlıdır, yəni sualtı axtarış əməliyyatları həyata keçiririk. Çox hallarda vətəndaşlar içkili olduqları üçün boğulurlar.

- Dənizin dibi görünmədiyi və təmiz olmadığı üçün düşünülür ki, Xəzər çimmək üçün əlverişli deyil, siz bu haqda nə düşünürsünüz?

- Mən özüm, eyni zamanda, sualtı balıq ovu ilə də məşğulam, bu da bir idman növüdür. Və deyim ki, Bakı şəhərində elə ərazilər var ki, siz orda suyun altını görsəniz, şoka düşərsiniz. Təsəvvür edin, okean kimidir, su o dərəcə təmizdir.

- Amma həmin ərazilərdə çimməyə icazə verilmir...

- Çünki ora qeyri-çimərlik ərazisidir, çimmək üçün nəzərdə tutulmayıb. Əksəriyyət çimmək üçün dənizə, rahat üzmək üçün isə hovuza gedir.

- Çimərlik üçün icazə verilən ərazilər üzmək üçün kifayət qədər əlverişlidir?

- Bəli, ən azından düşünürsünüz ki, çimərlik üçün icazə verilən ərazilərdə xilasedicilər var və həyatınız tam olaraq sığortalanıb. Çimərlik üçün icazə verilən ərazilərdə səhər saat 09:00-dan axşam saat 20:00-a qədər xilasedicilərimiz mütəmadi olaraq işləyirlər.

- Adətən vətəndaşlar xilasedicilərin gec gəldiyindən şikayətlənirlər...

- “Bakı” dalğıc axtarış qrupumuz Şıxov qəsəbəsində yerləşir. Məsələn, Buzovnada və yaxud Ələtdə suda batma halı olursa, 3 dəqiqədən gec olmamaq şərti ilə maksimum tez məntəqəni tərk edirik.

- Maraqlı peşə sahibisiniz. Yəqin, maraqlı hadisələr də çox olar?

- Sonuncu dəfə iki uşağın cəsədini axtarırdıq. 3-4 saatdan sonra məlumat verildi ki, uşaqlar evdə oturub “mutfilim”ə baxırlar. Valideynlərin də uşaqların evdə olmasından xəbəri olçayıb. Bie müddət sonra zəng edib demişdilər ki, bəs uşaqlar evdədəirlər.

- Heç yorulduğunuz anlar, “bəsdi daha” deyib, işdən uzaqlaşmaq istədiyiniz vaxtlar olub?Yoxsa özünü bu işdən kənarda təsəvvür etməyənlərdənsiniz?

- Sabah nə olacağını heç kim deyə bilməz, konkret nəsə desəm, qeyri-səmimi olar. Amma dəniz mənim həyatımın ayrılmaz bir hissəsidir, işimi sevirəm.

- Heç olubmu ki, kimisə xilas edə bilmədiyiniz üçün ailəsi sizə hücum edib?

- Xeyr, belə halla rastlaşmamışam. Məsələ burasındadır ki, bəzən vətəndaşlar aqressiv yanaşır, kobud sözlər deyirlər, amma cəsədi tapıb təhvil verdikdən sonra gəlib halallıq istəyir, o an əsəbi olduqlarını deyirlər. Artıq bu mənim üçün normal hal kimidir. Maksimum dərəcədə anlayışla qarşılayıb, düzgün yönəldirik.

- Bəzən deyirlər ki, dalğıclar suyun altında dayanır, insanı ayağından çəkib, sonra xilas edibmişlər kimi adama sahilə çıxarırlar...

- Çox absurd fikirdir (gülür). Hətta mən uşaq vaxtından bu sözü eşidirəm, özüm də qorxurdum ki, “vodolazlar” adam tutur. Bu fikrin reallıqla heç bir əlaqəsi, əsası yoxdur.

- Olubmu ki, kimisə xilas edəndə özünüzün boğulma riskiniz olsun?

- Boğulma riski deməzdim, amma bir balaca çəkinmişdim. Çünki bədəndə qan dövranı dayanmışdı. Hadisə 2013-cü il yanvarın 1-də milli parkda Bulvar ərəzisində istirahət günümdə baş vermişdi. Qız özünü dənizə atmışdı, ətrafda çox adam var idi, hətta dostum düşməyimə icazə vermirdi. O qızı xilas edəndə biz, hardasa 4 dəqiqə suda qaldıq. Hiss edirdim ki, mənim də qanım donur, əllərimin hərəkəti dayanmışdı. Amma yenə də qızı buraxmadım.

Dostum deyir, sən qəhrəmansan?! Deyirəm, yox, mən xilasediciyəm, qəhrəman deyiləm (gülür).

- Çimərlik mövsümü başlamazdan əvvəl sualtı monitorinqlər keçirilir, ən çox nələrə diqqət olunur?

- Son zamanlar dənizdə suyun səviyyəsi azalıb, suyun altında dəmirlər, qayalar olur. Bu da vətəndaşlara çimmək üçün çətinlik yaradır.

Elə ərazilər var sualtı axın o qədər güclüdür ki, gözlə görməsəniz, inana bilməzsiniz. Təsəvvür edin, həmin ərazilərdə suyun altı çay kimi axır. Ya da görürsünüz ki, su sinədəndir, ancaq birdən suyun dərinliyi 2 metrə düşür. İnsan da özünə əmin olub gedib üzə bilmir, nəticədə xoşagəlməz, bədbəxt hadisə baş verir.

- Dənizdə boğulmamaq üçün nələrə diqqət etmək lazımdır?

- Uşaqları dəniz ərazisinə buraxmaq olmaz. Eyni zamanda, küləkli havada və içkili vəziyyətdə çimərkən insan özü özünə təhlükə yaradır. Biz sualtı axınlar çox olan yeri təyin edir və orada xəbərdaredici lövhələr qururuq ki, burada çimmək qəti qadağandır.

Son günlər bir o qədər güclü olmasa da, şimal küləyi olur. Xilasedicilər 100% gücləndirilmiş iş rejiminə keçiblər.

- Dənizdə təhlükəsizliyi maksimum qorumaq üçün hara qədər suya girmək lazımdır?

- Düşünürəm ki, öz boyunu aşmamaq şərti ilə 1.70 sm-ə qədər suya girmək təhlükəsizdir.

- Kimsə dənizdə boğulursa və ətrafda dalğıc yoxdursa, adi vətəndaşlar nə edə bilər?

-  Kimisə xilas etmək üçün insan birinci öz təhlükəsizliyini təmin etməli, özünü sığortamalıdır. Çünki suda boğulan adam həyatda qalmaq, ciyərinə bir dəfə də olsa hava getməsi üçün mücadilə edir, ona görə də, sizi batıracaq. Düşünməyəcək ki, siz ona kömək edirsiniz. Ən əsası onun tutmalarından azad olmaq lazımdır. Düzgün yanaşmasanız, mütləq özü ilə bərabər sizi də batıracaq. Məsələn, praktikamda heç vaxt batan adamla qabaq qabağa gəlib onu tutmuram. Mən üzürəm və ona 3-4 metr məsafə qalmış suya baş vurub ayaqlarından tutub fırlayıram. Yəni, onun kürək hissəsi mən tərəfə olur. Bu vəziyyətdə o məni tutub saxlaya bilmir.

Mən hər zaman deyirəm, üzə bilmirsənsə, özünü suya buraxıb təkan verə-verə özünü qabağa ata bilərsən.

- Boğulan şəxsi sudan çıxardıqdan sonra həkim yoxdursa, ilkin tibbi yardım necə edilməlidir?

- Boğulan şəxsin ağzından yad cismlər təmizlənməlidir. Çünki boğulan adamın ağzına ot, yad cismlər getmiş ola bilər. Daha sonra mədədə və ciyərlərdə olan su boşaldılmalıdır. Təksinizsə, kürəyindən, iki nəfərsinizsə, bir nəfər ağzından, bir nəfər isə kürəyindən tutub suyu boşaldır. Suyu boşaltdıqdan sonra onu qırtlaq düz olacaq formada arxası üstə çevirib süni nəfəs verilməli və dirsəkləri qatlamamaq şərti ilə ürək masaj edilməlidir.

Uşaqlara ürək masajı iki barmaqla edilir. Boğulan adamı şoka düşməyə qoymaq olmaz, həkim gələnə qədər ayıtlmaq, getməməsi üçün söhbətə tutmaq lazımdır.

Aytac Aslan


SON XƏBƏRLƏR

07 May 2024