• Bakı 21° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Tural Abbaslı: “Qayınatamla bir çox siyasi məsələlərdə fikirlərimiz üst-üstə düşmür” - MÜSAHİBƏ

MÜSAHİBƏ

23 Iyun 2022 | 14:27

Tural Abbaslı: “Qayınatamla bir çox siyasi məsələlərdə fikirlərimiz üst-üstə düşmür” - MÜSAHİBƏ

Ağ Partiyanın sədri Tural Abbaslı Bakıvaxtı.az-a geniş müsahibə verib.

Müsahibəni təqdim edirik:

Özümü biləndən elə siyasətlə məşğul olmaq istəmişəm

- Azərbaycanın gənc, həm də daha çox üzdə olan siyasətçilərindənsiniz. Həyatınızı siyasətə bağlamağınızda hansısa hadisənin, yaxud kiminsə rolu olubmu?

- Elə bir hadisə olmayıb. Anam Müsavat Partiyasının bərpa qurultayının üzvü, 1989-cu ildə meydan hərəkatında aktivlərdən olub. Biz gözümüzü siyasi hadisələrin danışıldığı, müzakirə olunduğu bir evdə açmışıq. Ona görə, belə xüsusi hadisə olmayıb ki, mən ondan sonra siyasətçi olum. Məsələn, mən artıq 8-9-cu siniflərdə partiyaya yazılmaq istəyirdim, yaşım 18 olmadığı üçün götürmürdülər. Yəni mən özümü biləndən elə siyasətlə məşğul olmaq istəmişəm. Təbii ki, uşaqlıda yanğınsöndürən də, polis də olmaq istəmişəm (gülür). Özümü dərk edəndən bəri siyasətlə məşğul olacağımı bilirdim, zatən başqa bir işlə də xüsusi məşğul olmamışam.

- Və birdən-birə partiya qurmaq qərarına gəldiniz...

- Bizi elə bil partiya qurmağa təhrik elədilər. Yəni, mən və Ağ Partiyanın qurucuları olan dostlarım uzun illər Müsavat Partiyasında olmuşuq. Mən özüm 16 il həmin partiyada fəaliyyət göstərmişəm. Sonuncu qurultayda başkanlığa namizəd oldum və seçilmədim. Seçilmədikdən sonra da biz partiyamızda qalıb davam etmək istədik. Zatən o vaxta qədər partiyanın xeyli işləri bizim çiynimizdə idi, amma sonradan yeni seçilən başkan bizə qarşı hücumlara, kampaniyalara başladı. Gördük ki, bilərəkdən bizi proseslərdən kənarda qoyurlar. Amma qurultaydan sonrakı il - 2016-cı ilədək orda qaldıq ki, qardaş, yaxşı da oldu, seçildin, eşq olsun, Allah razı olsun. Davam etmək lazımdır, hakimiyyət ordadır, bizimlə dalaşma, mübarizə bizimlə deyil. Bir-iki il də cəhd etdikdən sonra gördük ki, yox, həm bunlarla daxili intiriqaya görə öz enerjimiz gedir, həm də bunlar bizlə dalaşır. Biz də dedik, sizinki sizdə, bizimki bizdə. Bizim üçün asan bir qərar olmadı, çünki 14, 15, 16 il ömrümüzü qoyduğumuz bir partiyadan birdən birə papağımızı görürüb çıxmaq asan deyildi. Yəni, bir növ bizi təhrik etdilər. Halbuki, nə mənim, nə də Ağ Partiyanın digər qurucu dostlarımın Müsavatı tərk etmək kimi bir fikri yox idi. Biz əvvəlki partiyanın uğrunda məhkəmələrə, həbslərə belə düşmüşük. Gördük ki, yox, alınmır, dedik, çıxaq özümüz bir mübarizə yolu seçək. Yaxşı ki də, elə oldu, yaxşı ki də ayrıldıq, yaxşı ki də, bizi buna təhrik etdilər, yoxsa bu gün Azərbaycanın ən güclü partiyası olan Ağ Partiya olmayacaqdı, Azərbaycan xalqı yenə qalacaqdı partiya bileti satanların, alverçilərin ümidinə, heç olmasa, indi bir şans var da.

- Yəqin ki, qarşıdakı parlament, hətta prezident seçkilərində də iştirak fikriniz var...

- İstənilən partiyanın məqsədi hakimiyyətə gəlməkdir, amma bəzən partiyalar arzu və potensialları üst-üstə düşmədiyi üçün olduqları yerdə qalırlar. Biz, nəinki parlamentdə təmsil olunmaq, hakimiyyətə gəlmək, iqtidar, prezident olmaq, hakimiyyətin bütün strukturlarında qalib gəlmək uğrunda savaşırıq. Yəni, biz burda oturaq, iki-üç nəfərə də deputat alaq, başımızı girləyək düşüncəsində deyilik. Zatən elə olsa idik, bu qədər əziyyət çəkməzdik. Bu gün, bəlkə də, bizdən çox əziyyət çəkən ikinci partiya yoxdur. Bizim məqsədimiz var, o məqsədə doğru hərəkət edir, işləyir, çalışır, vuruşuruq. Nəsib olub olmayacağını isə Allah bilər. Allah da istəyənə yox, işləyənə verir, biz də işləyirik. Bizim məqsədimiz müxalifət naziri olmaq yox, qismət olsa, hakim partiya olmaqdır.

- Tural Abbaslı hakimiyyətə gəlsə Azərbaycanda nə dəyişər?

- Bu, geniş sualdır. Buna təhsil, iqtisadiyyat, səhiyyə, milli-mənəvi dəyərlər, xarici siyasət – hər sahə aiddir. Bu o qədər geniş sahəni əhatə edir ki, konkret “çörəyi 1 qəpik, suyu 2 qəpik edəcəm” deməklə olmur. Məsələn, Ərdoğan 2001-ci ildə hakimiyyətə gələndə və ya gəlməmiş ona sual versəydilər ki, gəlsəniz nəyi dəyişəcəksiniz, deyə bilməzdi axı ki, gün gələcək mən deyəcəm dünya beşdən böyükdür, gün gələcək bizim dronlar dünya gedişatını dəyişəcək. Bizim də niyyətimiz odur ki, Azərbaycanı dünyanın ən güclü rifahlı, təhlükəsiz ölkələrindən biri edək. Buna gələndən sonra nail olub-olmayacağımızı da zaman göstərəcək. Təbii ki, gəlib indikindən daha pis vəziyyətdə qoyacağıqsa, heç gəlməsək, daha yaxşıdır. O baxımdan, planlar böyükdür, yəni biz hakimiyyətə gəlsək, özünü dərk edən, özü ilə fəxr edən, qürur duyan, tamhüquqlu bir dövlət olmaq uğrunda mübarizə aparacağıq. İndi də zatən müxalifət kimi o istiqamətdə mübarizə aparırıq, amma iqtidar kimi olduqda sahələr daha da genişlənəcək.

Hamı gözləmə moduna keçib ki, toz-duman yatsın görək nə olacaq

- Tutaq ki, sabah sizə hökumətdən hansısa bir iş təklifi gəldi. Maraqlıdır, gedərsiniz?

-  Biz müxalifət partiyasıyıq. Bizə işçi kimi “gəl, filan yerdə işlə” kimi təklif gələ bilməz. Bu, artıq Yeni Azərbaycan Partiyası ilə koalisiya olur. İndi elə bir təklif yoxdur, mən bilən heç onların da elə fikri yoxdur (gülür). Amma gəlsə, təbii ki, zamana görə düşünmək olar. Misal üçün, MHP və AKP koalisiyaları var və yaxud Almaniyada, Avropa ölkələrinin çoxunda koalisiya hökumətləridir. Yəni, koalisiyalar təbiidir, həmin zamana, məqama uyğun olaraq elə bir təklif gələrsə və bizim, dövlətin maraqlarına uyğun gələrsə, niyə də yox?! Məqsəd Ağ Partiya olaraq bizim tam hakimiyyəti ələ almağımız deyil ki! Məqsəd həm də tövlətin inkişafıdır. Əgər dövlətin inkişafına töhfəni koalisiya şəklində veririksə, niyə də olmasın?! Yəni, bütün variantlar mümkündür, amma bunlar nəzəri olduğu üçün çox da üzərində dayanmırıq.

- Əvvəllər partiyaların fəaliyyəti daha qabarıq görünürdü, dəyirmi masalar keçirilir, birliklər yaranırdı. İndi isə hər kəs öz qərargahına çəkilib, sanki baş verənlərin bunlara aidiyyatı yoxmuş kimi davranırlar.

-  Əvvəla, siyasi proses yoxdur. Yəni, siyasi aktivlik olmaldır ki, məsələn, referendum, parlament, bələdiyyə seçkiləri - partiyalar onun ətrafında hərəkətlilik yaratsın. Dünya siyasi səhnəsində “Ərəb baharı”, “Narıncı inqilab” var idi, belə fonlarda nəsə ola bilər ki, partiyaların hərəkətliliyi və ya bir-biri ilə ünsiyyəti daha sıx olsun. Ancaq hazırda seçki ili deyil və seçki olmayan illər də partiyalar üçün ölü illər sayılır. Ona görə, heç bir aktivlik filan yoxdur.

Ölkədaxili siyasi dəngələr də dəyişir. Məsələn, yeni partiyalar qurulur, köhnə partiyalar sıradan çıxır, bəziləri güclənir, yeni oyunçular gəlir. Bizim müşahidəmiz onu deməyə əsas verir ki, hamı gözləmə moduna keçib ki, toz-duman yatsın görək nə olacaq. Ondan sonra artıq hər kəsin rəngi bəlli olandan sonra hərə özünə müttəfiq də seçəcək, əməkdaşlıq da quracaq. Amma biz mütəmadi olaraq Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Xalq Partiyası ilə birgə məsləhətləşirik. Təbii ki, hansısa koalisiya filan yaratmırıq, onsuz nəyin ətrafında yaradacağıq?! Seçki yox, bir şey yox. Amma belə ünsiyyətlərimiz olur, digər partiyalarla da əlaqələrimiz var. Müttəfiqlik, saziş, vahid namizəd söhbətləri hələ yoxdur bizdə (gülür).

Qayınatamla indi də münasibətlərimiz bir az siyasidir

- Qayınatanız İkram İsrafil keçmiş deputatdır, onunla söhbətləriniz daha çox siyasətçilərin müzakirəsi kimi olur, yoxsa kürəkən qayınata kimi? Olur ki, fikir ayrılığı yaşayasınız?

- İkram bəylə cəmi altı aydır qayınata kürəkənik, amma 16-17 il siyasi partiyada həmkar olmuşuq. O, parlamentin üzvü, mən Gənclər Təşkilatınız sədri idim, yəni eyni təmsilçiliyimiz var idi. Bizim hələ indi də münasibətlərimiz bir az siyasidir. Ola bilsin, onun gözündə mən hələ kürəkən Tural deyiləm, mənim də gözümdə o qayınata kimi deyil. Mən ona İkram bəy, o da mənə Tural bəy deyir, amma zamanla olacaq, yəqin.

Daha çox siyasətdən danışırıq, müzakirə aparırıq. Fikirlərimiz üst-üstə düşməyən məqamlar var, o, başqa bir partiyanın üzvü, mən başqa partiyanın sədriyəm. Ona görə, bir çox siyasi məsələlərdə fikirlərimiz üst-üstə düşmür, amma bu, mübahisəyə çevrilmir. Hər halda yaşda da məndən böyükdür, qohumdur, qayınatadır, nə mübahisə edəcəm?! (gülür)

-İlk magistr təhsilinizdən qovulmusunuz, ikincini isə hələ tamamlamamısınız. Səbəb nədir?

- Mən 2011-ci ildə həbs olundum. O zaman magistratura pilləsini bitirməyə iki imtahanım qalmışdı. Mən zatən bitirmişdim, imtahanları verib diplom işinə çıxacaqdım. Həmin iki imtahanın birində 8 gün, o birində isə 2 il 6 ay həbs cəzası aldım. İstəsəm də, istəməsəm də, imtahanlarda iştirak etmədim. Kürdəxanı türməsində 4-cü günüm idi, o dönəmin möhtəşəm akademiki Abel müəllimdən (BDU-nun keçmiş rektoru Abel Məhərrəmov – red.) mənə bir möhtəşəm məktub gəldi ki, siz təhsil haqqını ödəməyib, imtahanı vermədiyiniz üçün Bakı Dövlət Universitetinin magistratura pilləsindən kənarlaşdırılırsınız. Belə bir əsas gətirdilər. Çıxandan sonra məhkəməyə müraciət etdim. Abel Məhərrəmov qəzetdə müsahibə vermişdi ki, gəlsin ərizə yazsın, mən də məhkəmə yolu ilə etdim. Sonra 2013-cü ildə seçkilərə başımız qarışdı, bir naşükür namizəd var idi, onun kampaniyasında Milli Şuranın təsisçiləri kimi əsas fiqurlardan biri mən idim. Başımız ona qarışdı, məhkəmə də keçən ilə qədər qaldı. Keçən il də müraciət etdim, qaldığım pillədən bir az da əvvəldən başladıq. Bu il inşallah, bitirəcəm və Allahın izni ilə magistr diplomumu alacam.

- Yəqin ki, magistrdan sonra doktorantura oxumağı düşünürsünüz?

- Görək də, hələ tam dəqiq qərar verməmişəm (gülür). Gərək gedəsən, gələsən, yazasan, bizdə də iş qrafiki gərgin olur. Yəni, müsahibələr verirsən, partiyanın işləri, görüşlər, şikayətçilər var. Bu baxımdan, vaxt ayırmaq bir az çətin olur, amma istəyərəm davam edim.

İnanmıram ki, universitetlərimiz məni auditoriyaya buraxmağa maraqlı olalar

- Çox vaxt təhsili doktoranturaya qədər davam etdirən şəxslərin məqsədi müəllim olmaq olur, sizin necə, belə bir fikriniz var?

- Mən indi də müəllim işləmək istəyirəm. Çünki auditoriya hazır elektoratdır, qarşısında çıxış edirsən. Amma mən inanmıram ki, universitetlərimiz məni auditoriyaya, gənclərin qarşısına buraxmağa o qədər maraqlı ola (gülür).

- Yəni deyirsiniz, auditoriyada olsanız, gənclərin fikirlərinə təsir edərsiniz?

- Zatən etmişik. Bu gün Azərbaycanda ən çox gənclərin toplaşdığı partiya bizik. Ümumiyyətlə, ən gənc partiya bizik. Bizdən başqa digər partiyalara heç üzv getmir. Bizə gələn üzvlərin 90%-i gəncdir. Digər partiya sədrləri ilə müqayisədə ən gənc partiya sədri də mənəm və “Z quşağı” dediyimiz gənclikdən üzü bəri azdan-çoxdan Vatsap, Teleqram, Tvitter, trend nədi bilirik. Düşünürəm ki, bu məsələlərdə Ağ Partiya olaraq digərlərindən daha öndəyik.

Müəllimliyin bir ülvi dəyəri də var, axı! Misal üçün, sən bir dərs desən, auditoriyada olan 30 tələbə sona qədər deyəcək ki, filankəs bizim müəllimimiz olub. Müəllimlik hörmətli peşədir, çalışmalıyıq ki, hörmətli də qalsın. Gənclərə öyrədəsi nəyimsə yoxdursa, xala xətrin qalmasın deyə gedirəmsə, heç getməmək yaxşıdır. Məsələn, YAP-nın rəhbərliyi hamısı universitetlərdə müəllim, kafedra müdirlədir. Amma heç kim çıxıb demir ki, filankəs mənim müəllimimdir. Elə müəllim olmaq yox, əgər nəyisə öyrədə bilərəmsə, gələcəkdə niyə də olmasın?!

Yüz il əvvəl insanın qulağı dahamı iri idi, buynuzumu var idi ki, indi yoxdur, müasirdir?!

- 14 yaşlı qız uşağı ərə veriləndə demişdiniz ki, “mənim nənəm də 14 yaşında evlənib, burda nə var ki?!” Bu fikriniz birmənalı qarşılanmadı. Əksəriyyətdə hətta “Bu hakimiyyətə gəlsə, erkən nikah tərəfdarı olar” fikri formalaşmışdı…

- Müxtəlif yanaşma tərzləri var. Bizdə insanlarımız kampaniyaçılıq düşüncəsindədirlər. Heç araşdırmırlar da. Misal üçün, Avropanı araşdırın, üzr istəyirəm ifadəmə görə, xanımların intim əlaqə yaşı və evlənmə yaşı arasında 2-3 il fərq var. Mən sual verirəm, aradakı o fərq nədir? O müddətin adını nə qoyaq? Biz deyirik, bu ad evlilik olsun, bunlar nə deyir?! Nə olacaq onun adı?! Bizim dəyərlər var da. Mən inanclı insanam, bizə görə təkamül yoxdur, Allah Adəm və Həvvanı yaradıb, insanlıq da ondan törəyib. İnsandan bioloji baxımdan heç bir dəyişiklik yoxdur. Yüz il əvvəl insanın qulağı dahamı iri idi, buynuzumu var idi ki, indi yoxdur, müasirdir?! Yəni, qadın qadındır, kişi kişidir. Nə dəyişib?! Sizcə 100 il qabaqkı qızla sizin aranızda nə dəyişib? İndi 14 yaşlı qız 100 il qabaqki 14 yaşlı qızdan daha çox bilir. Düzdür, ya yox?!

- Axı, əvvəlki dövrlə indiki dövr bir deyil, o vaxt təhsil yox idi...

- Olsun da təhsil, bəyəm 14 yaşında evlənmək təhsilsizliyin göztəricisidir ki? Bəli, gənc bir qızın öz ayaqları üzərində dayanması üçün öncə təhsil alması lazımdır.

6 aydır evliyik, amma mənim yoldaşım hələ də Baloniya Universitetində magistratura pilləsində təhsil alır.

- Amma sizin yoldaşınız 14 yaşında evlənməyib...

- Evlənə də bilərdi kimsə. Baxın, zatən qanunvericiliyimizdə 18 yaş var. Yenə deyirəm, Amerikanın elə ştatları var, orda intim əlaqə yaşına baxın. Zatən Azərbaycanda 90% insan 18 yaşdan sonra evlənir, Azərbaycanın elə bir problemi yoxdur. Bəzən belə amillərdən istifadə edib milli-mənəvi dəyərlərin üzərinə gəlirlər. Mənim müdafiə etdiyim kiminsə 13-14-15 yaşında evlənməyindən daha çox o faktlardan istifadə edib dəyərlərin üzərinə gəlinməsidir. Misal üçün, burda 2-3 ərəb gəlib tərbiyəsizlik edib deyə bütün İslam dünyasının üstünə düşürlər ki, bu da mənim müsəlmanım. Heç demirlər ki, İbn Sina da müsəlman idi. Burda da məqsəd 14 yaşlı qız evləndi deyil, milli-mənəvi dəyərləri geridəqalmışlıq kimi göstərməkdir. Biz də mühafizəkar partiyayıq axı. Bu müzakirələr peşəkar həkimlər, psixoloqlar, sosioloqlarla aparılsa, daha gözəl olar. Misal üçün, siz boşanmaların statistikasını aparmısınız? Bilirsiniz, neçə faizi ali təhsillidir? Bilirsiniz, neçə faizi gənc ailə qurub? Bu rəqəmlər olmadan kiminsə nəyisə deməyi bir az ciddi deyil. Bizim üçün nə lazımdır, sağlam ailə olsun, yetişmiş, düşüncə tərzi formalaşmş ata ana olsun.

- Yəni siz, həqiqətən, inanırsınız ki, 14 yaşlı bir qız yetişmiş, düşüncə tərzi formalaşmış ana olacaq?

- Yox, mən düşünmürəm. Amma düşünürəm, 18, 25 yaşında da yetişmiş olmaya bilər. Onda nə edək, 40 yaşında evləndirək hamısını?! Yenə deyirəm, mənim “14 yaşlı qızlar evləndirilsin” kimi bir davam yoxdur.

- Amma normal baxırsınız və etiraz da etmirsiniz...

- Etiraz etmirəm deyəndə ki, qanunvericiliklə qadağandır, sabah qanun dəyişərsə, o başqa məsələ. Amma milli-mənəvi, dini dəyərlərimizə zidd olmayan heç bir hərəkəti mən qadağan edə bilmərəm.

Sağlam qadın sağlam cəmiyyət deməkdir, amma bu o demək deyil ki…

- Çıxışlarınızdan belə anlaşılır ki, qadın evdə oturmalı, yeməyini bişirməli, ərinə baxmalıdır, bəs öz həyat yoldaşınız necə, işləyirmi?

- Mən dediyimdən məsulam, insanların anladığından yox. Məsələn, mənim anam, məni böyüdən qadın elmlər namizədidir. Necə ola bilər mən deyim ki, qadınlar evdə otursun.

- O da var ki, çox vaxt uşaq yaşda evləndirilən qızları elə təhsil almasın deyə ərə verirlər…

- Mən bir çox ailələr tanıyıram, qızı verməmiş şərt qoyurlar ki, evlənəndən sonra universitetini davam etdirməlidir.

- Bəs o şərtə əməl edilir sonra?

- Böyük əksəriyyəti edir, niyə də etməsin?! İndi xanımların təhsil alması daha lazımlıdır ki, sabah ailədə bir şey olanda özü özünü dolandıra bilsin. Biz sağlam cəmiyyət böyütmək istəyirik. Sağlam qadın da sağlam cəmiyyət deməkdir, amma bu o demək deyil ki, qadın sovet dönəmindəki kimi traktor sürəcək, neft quyularında işləyəcək. Deyirlər e, qadınların hüquqları əzilir, pozulur. Azərbaycan tarixində elə bir şey olmayıb, axı. Biz ailədə 3 qardaş, bir bacı idik, anamın sözü hamıdan çox keçirdi, indi də keçir. Zatən bir çox ailələrdə belədir. Bizdə o problem yoxdur, süni şəkildə bizə sırınmağa çalışılan bir məsələdir. Biz qadınları qorunmalı olan bir dəyər bilirik. Necə ki, bahalı maşınları, telefonları qoruyurlar, biz də onu qoruyuruq. Heç eşitmisiz, kimsə qardaşını söyüblər deyə başqasını bıçaqlayıb türmədə yatsın? Amma qadına söz deyiləndə adam öz həyatını puç edib türmədə yatır. Mən düşünürəm ki, hələ Avropa, Amerika bizim qadına qoyduğumuz dəyəri öyrənsin, sonra gəlsin bizə ağıl versin. Məsələn, kiminsə qabağına çay, yemək qoyub aya 350 manat alan qadına deyirlər ki, bu azad qadındır, amma evində ərinin qabağına çay qoyanda deyirlər, qadın azadlığı pozulur. Zatən bizim dinimizdə də, milli-mənəvi dəyərlərimizdə də qadınlar Amerikadan da, Avropadan da çox yüksək tutulub. Baxın, bizdə qadınlara səsvermə hüququ neçənci ildə verilib, Amerikada neçənci ildə verilib, müqayisə edin. Bizim nağıllarımızı oxuyun, ordakı xanım obrazlara baxın. Bir də Avropadakı qadın obrazları oxuyun, görün orda qadın məsələsinə necə yanaşılır? Mən düşünürəm, bunlar hamısı mühafizəkar tələblərlə kosmopolit dəyərlərin toqquşmasıdır. Təəssüf ki, kosmopolit dəyərləri müdafiə edənlər, dünya mediasını və ictimai fikrə nəzarətetməni əlində saxladıqları üçün o fikrə üstün gəlirlər. Misal üçün, psixi bir xəstə əlinə xəncər alır, küçədə iki nəfəri öldürür, bunun müsəlman olduğu bəlli olan kimi deyirlər ki, terror hadisəsidir. Amma Çikaqoda amerikalının biri rok konsertində snayperlə 60-a yaxın adam güllələyir, ona deyirlər atıcı, terrorist olmaz. Bizim, əslində, üsyanımız da, bunadır.

Biz “cool”luq, yaxşı oğlanlıq filan, bu mərhələləri keçmişik

- Kənardan özünüzə baxanda, öz dediklərinizə inanırsınız?

 - Təbii ki! Gedin sorğular keçirin, bəzən insanlar öz dünyalarına qapanırlar. Qəlyan çəkənlərin, tik-tokçuların, tvitterçilərin öz “kruq”u var və elə bilirlər ki, dünya odur. Misal üçün, 2-3 il əvvəl 20-21 yaşlı qohumlarımdan biri telefona baxırdı, dedim, ver bir Feysbuka baxım görüm nə var, nə yox, 10 dəqiqədə bir siyasi status belə qarşıma çıxmadı. Feysbuk alqoritmi elədir ki, maraq dairən uyğun şeylər qarşına çıxarır ancaq. Yəni bizə elə gəlir ki, dünya elə bu dəqiqə ancaq bu dərdi danışır. Elə deyil, bu dəqiqə Azərbaycan əhalisinin 90%-i başqa düşüncədədir. Əslində, bu gün siyasi arena məhz bunu başa düşmür ki, niyə Tural Abbaslını xalq bu qədər dəstəkləyir?! Çünki biz o qıraqda qalan 90%-i hesablamışıq. Biz hansısa partiya sədrinin, redaktorun, səfirin, səfirliyin işçisinin xoşuna gəlməyə çalışmırıq. Biz o 90% siyasətdən kənar sadə insanların xoşuna gəlməyə çalışırıq.

Məsələn, heç elə olub ki, sizdən taksidə pul almasınlar? Bayaq mən düşəndə taksidə yenə bizdən pul almadılar, dedi, bəy, sizin elə bir sözünüz bəsdir. Mənə 2-ci bir partiya sədri göstərin desin ki, taksiyə mindim, pul almadılar. Ondan qabaq dükana girdim su almağa, yenə pul almadılar. Bu yaxınlarda Şuşaya getmişdik, qayıdanda yolüstü oturduq. Orda mənimlə eyni masada millət vəkilləri də oturmuşdu, ofisiantlar çayı gətirib birinci mənə süzüb sonra ortalığa qoyurdular ki, hərə özünə süzsün. Yəni, mən bunlaramı baxıb özümün, partiyanın siyasi xəttinin düz olduğunu yoxlamalıyam, yoxsa rəqiblərimə, “cool” görünən uşaqlaramı?! Mən 1982-ci il də Bakıda doğulmuşam. Əvvəl “Kubinka”da, sonra “Basin”də, sonra isə “Sovetiski” də yaşamışam. Yəni, onların can atdığı yerlər var e, biz onları çoxdam görüb gəlmişik. Biz “cool”luq, yaxşı oğlanlıq filan, bu mərhələləri keçmişik. Deyirlər, yaxşı yazıçı olmayandan yaxşı tənqidçi alınar, ona görə həyatda bir uğura nail ola bilməyənlərin işi gücü ona-buna lağ etməkdir. Biz də bununla oturub-dura, kiminsə xoşuna gəlmək üçün deyə bilərik ki, ey mənim müsəlman və ateist qardaşlarım, amma mənim ateist qardaşım yoxdur, qardaş. Mən müsəlmanamsa, müsəlmanın qardaşı müsəlman olar. Ateist dostun, vətəndaşın olar. İslamda deyir ki, sənin qardaşın müsəlmandır. Mitinqə camaat mənə yaxşı əl çalsın deyə, “ey ateist qardaşlarım” deyə bilmərəm. Və yaxud 100 illik mühafizəkar partiyanı aparıb liberal partiyaya salım ki, nədi-nədi Avropaya gedəndə mən orda üç nəfər Coni ilə şəkil çəkdirəcəm. Mənim belə bir problemim yoxdur. Zatən Ağ Partiya olaraq hər zaman demişik, bizi hakimiyyətə gətirəcəksə, xalq gətirəcək. Biz əgər, conilərin, merilərin ümidinə qalsaq, onların bizi gətirəsi fikirləri yoxdur. Biz, təbii ki, tənqidlərə baxır, obyektiv olanda nəzərə alırıq. Qeyri-obyektiv tənqid olanda deyirik ki, buyur, davam elə, özün özünü aldat. Bu günədək nə qədər qarşıdurmam olubsa, sonra onlar peşman olub gəlib üzr istəyiblər ki, o vaxt sən haqlı imişsən. Yəni, hələ mən heç kimə gedib deməmişəm ki, sən düz deyirmişsən, qardaş. Bu, qətiyyən özündən razılıq-filan deyil, biz o mərhələni də keçmişik. Biz ən aşağıda olanda da ümidsizliyə qapılmışıq, nə də ən populyar siyasətçi olanda eyforiyaya qapılmışıq. Çünki İslamda ümidini itirən Allahını itirmiş olur. Bizim yaşam tərzimiz yenə eynidir. Məsələn, keçən dəfə yoldaşımla parkda oturmuşam, biri yaxınlaşıb ki, bəy, olar sizi öpüm, siz ki mühafizəçisiz xalqın içində gəzirsiniz. Dedim, biz kimik ki, xalqın içində gəzməyək? Yəni, biz yenə həmin insanlarıq, mən yenə ev geyimində gedib məhəllədə çörəyimi alıram. Bəzən dostlar deyir ki, bəy, tanıyırlar sizi, deyirəm nə edək indi, özümüzü dartıb oturaq?! Əksinə, komfortu itirirsən ki, hər yerdə qalstukda gəzməli olursan (gülür). Yəni biz başımızı aşağı salıb işimizi görürük. Yunis Əmrə demiş, bilməyənlər bilsin bizi, bilənlərə salam olsun. Sevməyən zatən sevməyəcək. Siyasətdə də, seçkilərdə də elə bir qanun var ki, seçicilər üç kateqoriyada olur: sənin əleyhdarların, tərəfdarların, bitərəflər. Əleyhdarların heç vaxt sənə səs verməyəcək, tərəfdarların, onsuz da, sənindir, bu iki kəsimlə işləməyə dəyməz. Bitərəflərlə işləməlisən ki, ordan səs alasan. İndi mənim durub əleyhimə olanlara özümü sevdirmək kimi bir niyyətim yoxdur. Biz meydanlarda tutulanda bizə qaragüruh deyirdilər. Biz konfranslarda qalustukla danışanda deyirdilər ki, bunlar ütülü, konstruktivdirlər. Biz radikal olanda deyirdilər başları xarabdır. Yəni, onsuz da deyəcəklər, ona görə bizi narahat etmir.

 

Yəqin Cahangir Əsgərov Avropada hansısa holdinqi almaq istəyir, yetim vətəndaşlardan alır pulu

- Sizcə, bahalaşmanın qarşısını almağın yolu nədir?

- Cavab sadədir: iqtisadiyyat şəffaf və rəqabətli olmalı, monopoliya və inhisar yığışdırılmalı, milli-iqtisadi siyasət yürüdülməlidir ki, insanların rifahı artsın. Kefindən oğurluq edən görmüsünüz?! Kefindən oğurluq edən hakimiyyətdəkilərdir. Məsələn, 500 minlik maşın almaq, 2-3 milyonluq villa tikdirmək üçün oğurluq edən hakimiyyətdəkilərdir. Kasıb təbəqənin böyük əksəriyyəti imkansızlıqdan oğurluq edir, o cinayətə əl atır. Məsələn, həbsdə olanda yanıma gətirilənlərdən birindən nə ilə bağlı tutulduğunu soruşanda dedi, bir kilo heroinlə tutulmuşam. Dedim sən hara, heroin hara, onun qiyməti bir 20-30 min manatdır, sənin vidindən cin ürkür. Dedi, mənim qardaşım həbsdədir, onun yanına yemək filan göndərə bilmirik, ona görə 10 min manat qarşılığında kuryer kimi sərhəddən keçirməli idim. Sizcə, imkanlı olan kimsə gedib o riski alar?! İslamda da deyilir, oğrunun əli o halda kəsilir ki, oğurluğu nəfsindən edib. Bu arada, onu da deyim ki, biz belə sosial problemlərdən danışanda deyirlər ki, bütün gün bundan danışırlar. Nədən danışaq bəs?! Mənim vətəndaşımın dərdi su pulu, işıq pulu, qaz pulu, çörəkdir. Mən nədən danışım, kosmosun fəth olunmasından, Marsda suyun olub olmamasından?! Mənim vətəndaşıma nə maraqlıdırsa, mən onun dərdini danışıram. Özləri danışa bilmirlər, çünki xalqın içində deyillər, xalqın dərdini bilmirlər. O nə bilsin ki, məni gündə yolda 3-4 veteran saxlayır ki, bəy, bizim bu 80 manatlar qalxacaqmı? Və ya nə bilsinlər ki, hər dəfə məni saxlayıb soruşurlar ki, pensiya yaşı nə vaxt endiriləcək? Mən bunu danışmalıyam da. Rusiya Ukraynanı ya tutacaq, ya da tutmayacaq, mən onun dərdini çəkməməliyəm, mən onu düşünməliyəm ki, savaşın nəticəsində unun qiyməti nə qədər qalxıb. Biz deyəndə ki, fəhlənin, kuryerin, müəllimin tərəfindəyik, deyirlər ki, bu elitanı istəmir. Bu nə düşüncə tərzidir?! Əhalinin böyük əksəriyyəti kimdirsə, birinci onların qayğısına qalmaq, onların partiyası olmaq lazımdır. Yoxsa biz 3-4 nəfər qalstuklu professoru yığası deyilik ki, halbuki onların da dərdi fərqli deyil.

- Problemlərdən biri də quru sərhədlərin hələ də bağlı olmasıdır, buna münasibətiniz nədir?

- Burda heç bir məntiq yoxdur. Bu, Cahangir Əsgərovun, oliqarxların daha da varlanması, monopoliyanın saxlanmasıdır. Sərhədlər açılanda vətəndaşlar hərə öz üzərinə düşən limiti gətirir, bazarda məhsul, dövriyyə olur. Bəs bu oliqarxlar yağı, qəndi, kolbasanı necə satsınlar?! Böyük əksəriyyət iqtisadi səbəblərdir, burda heç bir epidemoloji səbəb yoxdur. Necə olur ki, təyyarə ilə gələn virus gətirmir, amma maşında gələn gətirir? Güman edirəm ki, iyul ayında bu proses yekunlaşar. Həmin sərhəd buraxılış məntəqəsi olan rayonların böyük əksəriyyəti o məntəqələrin hesabına dolanır, Cənubda İranla, Qərbdə Gürcüstanla, Şimalda Rusiya ilə. Zatən Naxçıvanda açıqdır, bunun özü də bir iqtisadi dövriyyənin olmasıdır.

- Naxçıvandan söz düşmüşkən, Muxtar Respublikaya aviabiletlərin qiyməti də qalxıb. Bununla bağlı nə düşünürsünüz?

- Burda dövlət öz ayıbını vətəndaşların üstünə atır. Burdan ən uzaq Qazaxdır, 15 manat verib avtobusla gedirsən. Naxçıvana isə hələ artımdan qabaq 50 manat idi. Sən quru sərhədlərini bərpa elə, bu da otursun avtobusla getsin. Yox, quru sərhədləri bərpa edə bilmirsənsə, biletin pulunu niyə vətəndaşa yükləyirsən ki?! Sən 15 manat et, qalan pulu da dotasiya ilə ver. Onsuz da bir çox şeylər dotasiya ilə işləyir. Nə yaxşı Cahangir Əsgərova milyardlarla pul verirlər? Verilsin elə Naxçıvan reysinə də. Naxçıvana nə qədər adam gedir ki?! Qoy 3-4 təyyarəmiz ziyana işləsin, dövlətin işi vətəndaşa xidmət etməkdir.

Yenə deyirəm, qiymət artımının heç bir məntiqi yoxdur. Yəqin, Cahangir müəllimin Avropada hansısa holdinqə gözü düşüb, onu almaq istəyir, yetim vətəndaşlardan alır pulu.

Aytac Aslan


SON XƏBƏRLƏR