• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

“Azərbaycanda özümü Türkiyədəki kimi hiss edirdim”  - Lutfullah Parıltı

MÜSAHİBƏ

29 Iyun 2022 | 16:23

“Azərbaycanda özümü Türkiyədəki kimi hiss edirdim”  - Lutfullah Parıltı

Uzun illərdir İstanbulda yaşayıram, hər dəfə Sultanəhməd meydanı tərəfə gedəndə, binanın üstündə “Türk Ədəbiyyatı Vəqfi” adını oxuyanda mütləq bura gələcəm deyirdim, amma bəzən gec saat olduğu üçün qapalı olurdu, bəzən də vəqfin tətil dövrünə təsadüf edirdi. Nəhayət, 2018-ci ilin yay günündə arzuladığım Vəqfə getdim. Koridorda Türk Dünyasının böyük yazarlarının və Vəqfin qurucu başqanı Əhməd Qabaqlı hocanın böyük portreti asılmışdı. Otağın birinə yaxınlaşdım, qapını döyüb, içəri girdim, salam verdim, özümü təqdim etdim. Azərbaycandan olduğumu bilən kimi adamın çöhrəsində xoş bir təbəssüm yarandı, “xoş gəlmisiniz, buyurun əyləşin” dedi Vəqfin Maliyyə və İdari İşlər müdürü Lutfullah Parıltı. O gün, bu gün bu Vəqf mənim üçün bir ata ocağına çevrildi, Lutfullah bəy isə Türk yurdu olsa da başqa bir ölkədə yaşayan mənim üçün diqqətini və dəstəyini əsirgəməyən bir Abi oldu. Zaman keçdikcə onu daha yaxşı tanımağa başladım, ümumi mövzumuz əsasən Türklük ülküsü, Vətən, Millət sevdası və Allah eşqi olur. Sıxıntılarda üzülməməyi, sadəcə Allaha dua edib, ondan istəməyi və eyni zamanda çaba göstərməyi, birinə yaxşılıq etdiyin zaman, səni vəsilə qıldığı üçün Allaha şükr etməyi kitablardan oxusam da hacı Lutfullah abi təlqin etdi mənə. Başı çilələr çəkən, əqidəsi uğrunda yorulmadan mübarizə aparan bir dava adamıdır o, milliyyətçi ülkücüdür. Bakıvaxtı.az-a müsahibəsində onunla keçdiyi həyat yolundan danışdıq.

- Bildiyim qədərilə İstanbul Texniki Universitetinin elektrik və elektronik mühəndisi bölümündən məzunsunuz, Ədəbiyyat Vəqfində maliyyə işlərinə baxırsız, bəs ədəbiyyat sizin üçün nədir?

- 1973-cü ildə universiteti qazanıb, qardaşımla Çankırıdan İstanbula gəldik, əslən Rizəliyik, sonradan Çankırıya yerləşmişdik. o makina mühəndisliyi, mən elektrik mühəndilsiyi, böyük bacım ədəbiyyat, kiçik bacım isə kimya bölümü oxuyacaqdıq, çünkü hələ kiçik yaşlarımızdan hədəflərimiz vardı və hədəflərimizi gerçəkləşdirdik. Həmin dönəmlərdə İstanbuldakı Qübbəaltı camiəsi ilə tanış oldum, daha doğrusu, tanıdıqlarım da vardı orada,  onların həftənin iki günü - çərşənbə axşamı və cümə günləri konfransları olurdu. Qübbəaltı Vəqfi “Fətih Cəmiyyəti”nin nəzdində yaradılmşdı və ədəbiyyat camiəsindən, siyasətdən, bir sözlə sahəsinin uzmanları olanlar gəlib müxtəlif mövzularda konfranslar verirdilər. Məncə hansı ixrisasa yiyələnməsindən asılı olmayaraq, hər kəs Türk dili və ədəbiyyatını öyrənməlidir, bu, çox önəmlidir, biz də kitab oxumağı sevən insanlarıq, o zamanlar televiziya və radio məhdud olduğu üçün mütəmadi konfranslara gəlirdik və burada böyük ədəbiyyat ustadlarından Mehmet Kaplan, Faruk Akün, Cemil Meriç, Nəcməddin Hacıeminoğlu, İbrahim Kafesoğlu, indiki gənc nəslin xəyalında olan kişiləri birə-bir gördük və konfranslarını canlı dinləmə fürsətimiz oldu. Əhməd Qabaqlını da orada tanıdım, əslində biz Anadoludan gələn insanlar olaraq o zaman çəkingən davranırdıq, İstanbul kimi böyük şəhərə alışmamışdıq, birisinə nəsə soruşmağa belə utanırdıq, indiki gənclər kimi rahat deyildik. Həmin Vəqfdə Əhməd Qabaqlı və digərləri çəkingən tələbə görəndə o dəqiqə maraqlanırdı, “harada oxuyursan, haradan gəldin” və sair suallar verərək bizimlə söhbət edirdilər, biz də özümüzü çox şanslı tələbə hiss edirdik, belə böyük insanlarla ünsiyyət qurduğumuz üçün xoşbəxt idik. Mən o zaman o kişilərdən elə gördüyüm üçün bu gün eyni davranışı Ədəbiyyat Vəqfində sərgiləyirəm, buraya gələnləri gülərüzlə qarşılayıram, onlarla maraqlanıram və gedəndə də qapıya qədər yola salıram, çünkü biz belə gördük, Qübbəaltı Vəqfinə rəhmətlik Turan Yazqan, Əhməd Qabaqlı, Mehmet Kaplan və yaxud bir başqası gəldiyində biz onların paltosunu alıb asırdıq, gedəndə qapıya qədər yola salırdıq, gərəkirsə evlərinə qədər aparırdıq və bunu özümüzə xidmət və şərəf sayırdıq, çünkü onlar çox kübar, alicənab, mütəvazi kişilərdi, əslində bunlar gözəl xatirələrdir.

Sonralar böyük bacım Qübbəaltı Vəqfinin müdürü də oldu, daha sonra Qübbəaltı Akademiyası quruldu və qurucuların arasında Əhməd Qabaqlı da var idi. O zaman Samiha Ayverdi, Ekrem Hakkı Ayverdi, İlhan Ayverdi və Əhməd Qabaqlı bunlar dördlü qrup kimi hər zaman bərabər idilər, amma ətrafında bir çox başqa aydın insanlar da vardı və əsasən “Fətih Cəmiyyəti”nin başqanı Əkrəm əminin evində toplanırdılar, biz gənclər də onlara xidmət edirdik və bundan şərəf duyurduq. Onlar çox cəsarətli kişilər idi. 1980-ci ildə çevriliş oldu bilirsiniz, amma onlar çəkinmədən çevriliş edənləri öz məqalələrində tənqid edirdilər. Samiha ana, biz ona ana deyərdik, Qübbəaltı Vəqfinin başqanı idi, həmin yazıları qəzet səhifələrindən kəsib toplayırdı və biz gələndə verirdi ki, oxuyun bu yazıları, məlumatlı olmağımızı istəyirdi. Mənim ədəbiyyat sevgim də bu ortamda olduğum zamandan başladı.

- Ədəbiyyatda ən çox şeirimi sevirsiz, yoxsa nəsr əsərlərini?

- Şeir oxumağı sevmirəm, amma dinləməyi sevirəm, o da gözəl şeir deyəni, intonasiya ilə, məsələn, rəhmətlik Sərvət Qabaqlı çox gözəl şeir deyirdi, onu dinlədiyim zaman şeiri daha çox sevirdim.

- Hətta bildiyim qədərilə siz həm də Sərvət Qabaqlı ilə qohumsunuz...

- Bəli, 2011-ci ildə böyük qardaşımın qızı ilə Sərvət bəyin oğlu evləndi, mən qardaşımla eyni zamanda bacanağam, xanımlarımız bacıdır. Qardaşım sosial həyatla çox da maraqlanmırdı, ona görə də əksər zaman Sərvət bəyin yanında mən olurdum. Sərvət bəylə bərabər vəqfləri zəyarət edirdik, müxtəlif tədbirlərə qatılırdıq, sonra 2012-ci ildə Azərbaycana da bərabər getdik. Bir məqamı qeyd etmək istəyirəm, Azərbaycanda bizim Qoşqar Qarayev adlı bir müştərimiz vardı, 90-cı illərdə İstanbula gələndə tanış olmuşduq, nəşriyyat işi ilə məşğul olurdu, o vaxt rəhmətlik Heydər Əliyev haqqında yazılan kitabları gətirirdi, biz burada çap edirdik, onu da deyim ki, xətalı olmasın deyə bu kitabların nəşrində xüsusi diqqət və həssaslıq göstərirdik. Qoşqar bəy uca boylu, cüssəli və çox nəşəli bir adam idi, amma danışıqlarını anlamırdım, çünkü rusca danışırdı, hətta bu durumdan çox narahat olurdum. 2012-ci ildə Sərvət bəylə Azərbaycana gedəndə isə gördüm ki, insanların danışığında xeyli irəliləyiş var, daha sonra 2 dəfə də getdim, onda isə özümü Türkiyədəki kimi hiss edirdim.

- Azərbaycanda indi də rusca danışan çoxdur...

-  Doğrudur var, amma əvvəlki kimi deyil.

Yadıma düşmüşkən, Azərbaycanda olanda müsiqilərini dinlədikcə bir şeyin daha fərqinə vardım, bizim burada bir çox müğənnilərin ifa etdiyi mahnıların çoxu oradan gəlib. 

- Bəli, amma ifa etdikləri mahnının sözlərinə çox vaxt anonim yazırlar

- Çox təəssüf...

-  Azərbaycanda haraları gəzdiniz?

- İlk getdiyimiz zaman mərhum şair Almas İldırımın əqrabalarını ziyarət etdik, sonra nəqliyyat şirkətinin sahibi iş adamı dostumuz vardı Şahid Həbibulla (artıq rəhmətə gedib) onunla görüşdük, bizi Bakının Qala kəndindəki “Qala Arxeoloji Etnoqrafik Muzey Kompleks”inə apardı, orada vaxtilə Nobelin Bakıda mindiyi fayton sərgilənirdi, hətta mənə dedilər ki, Nobelin nəticələri bu maşını külli miqdarda pul müqabilində almaq istəyiblər, amma Şahid bəygili satmayıb. O adamın bir də samovar müzeyi vardı, o da çox maraqlı idi, sağ olsunlar bizi bütün Bakını gəzdirdilər. Azərbaycanda ikən Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı, H.Cavidin ev muzeyini, Xızı rayonunda C.Cabbarlının ev muzeyini ziyarət etdik. Çox şükür, Azərbaycan əsgərinin şücaətilə indi Qarabağ da işğaldan azad olub, inşallah mədəniyyət beşıyı Şuşanı ziyarət emək istəyirəm.

- Lutfullah abi, əmək fəaliyyətinə haradan başlamısız?

- Mən 1980-ci ildə məzun oldum, bir neçə ay sonra da ilk Ədəbiyyat Vəqfinin olduğu yaşılay binası ilə eyni küçənin çarpaz küncündə yerləşən, bütün qəzetlərin qurulmasına hər cür texniki dəstək verən “Metro mümessilik” adlı bir firmada işə girdim. O vaxt “Tərcüman” qəzeti bizə yaxın idi, sonra Topqapıya daşındı, o prosesi də biz gerçəkləşdirdik, hətta “Tərcüman”da çalışan texnıkı personala dərs də keçirdim. Mən sonra həmin şirkətin əsas müdürü oldum, amma 1992-ci ildə Samiha annemizin adlandırdığı “Best” – bərəkət elektronik anlamına gələn öz şirkətimizi qurduq və bu da qısa zaman içində dünya miqyasında tanınan bir şirkət oldu və dünyanın 21 ölkəsi ilə əməkdaşlıq etdik. Şirkət olaraq Türkiyənin bir neçə tanınmış qəzetini qurduq – “Türkiyə”, “Zaman”, “Bursa olay” və sair.

- Qurduq deyərkən, texnıkı təchizatı nəzərdə tutursuz yəqin ki.

- Bəli, qəzetin bütün avadanlıqlarını biz quraşdırdıq və çalışdığı müddətcə qəzet çap olunana qədər texniki xidmət göstərdik.

 İndi artıq təqaüdə çıxmışam və böyük kişilərin mirası olan Türk Ədəbiyyatı   Vəqfində ədəbiyyata xidmət edirəm. Burası Türk Dünyasını birləşdirən əsas  mərkəzlərdən biridir, bu mənada Azərbaycanla bağlı da çox çalışmalarımız var, xüsusilə pandemiya dönəmində bir çox tələbənin problemlərini çözməyə çalışdıq – Azərbaycana dönə bilməyənləri otellərə yerləşdirdik, gedən bir çoxunun virus testini etdirdik, bəzilərinin də yükünü Azərbaycana göndərdik,

- Tələbəliyinizin son illəri 1980-ci il çevrilişinə təsadüf edir, o zaman da siyasi düşüncədə sağ, sol qarşıdurması vardı, bildiyim qədər siz də aktiv sağ görüşlü olmusüz, o dövrləri necə dəyərləndirirsiz?

- Mən 1974-cü ildə universitetə daxil olanda elə bir problem yox idi, amma həmin ilin sonlarına yaxın verilən ümumi əfvlə həbsxanalar boşaldıldı, əsl hadisələr də ondan sonra başladı. Mən o vaxt tələbə idim, müəllimlərimiz bizim sinifə universitetin gəlmiş keçmiş ən yaxşı sinifi deyirdi, çünkü Türkiyə üzrə ən yüksək bal toplayan ilk 6 tələbə bizim sinifdə idi. Bu əfvdən bir müddət sonra qruplaşmalar yaranmağa başladı. Mən daha məktəblı olanda əmim Kamal Parıltı Çankırı Türk Ocaqları qurucularından idi, biz davamlı konfranslara gedırdik, ocaqda çox zaman keçirirdik, yəni milliyyətçi ruhda böyüdük və bu ruhla İstanbula gəldik. Burada da ülkücü dostlarla tanışdım, amma o zaman fərqli qruplar - ülkücü, mücadiləci (sağ görüşlü), aydınlıqçı, maoçu (Çin Xalq Cumhuriyyətinin qurucusu, devrimçi, diktator Mao Zedonqun adıyla Y.M.), rusçu (sol görüşlü) vardı. Universitetdəki solçu tələbələr daha çox idi, divarları boyayırdılar, afişalar yapışdırırdılar, baykotlar edirdilər, mən üç dəfə təkbaşıma universitetdə qaldım, onlar bütün universiteti boşaltdılar yürüş var deyə, dedim ki, kimsədən qorxmuram, onların sözüylə heç yerə getməyəcəm. Mənim xarıcı dilim fransızca idi, həftənin çərşənbə günü günorta dərs bitdikdən sonra eyni xarici dil dərsi alan altı tələbə yoldaşımla universitetin idman zalında güləşə gedirdik.  Bir dəfə aydınlıqçılar gəldi, dərgi paylamaq istədilər, biz onları əngəllədik, universitetə buraxmadıq, sonra dərs başlayanda, qapı döyüldü, bir də gördük ki, həmin uşaqlar əllərində dərgi sinifə girdilər və hər kəsə payladılar, sinifdə müəllim var deyə heç nə etmədik. Sonra laboratoriyaya getdik, bir yerdə güləşdiyimiz yoldaşlardan birinin əlində həmin dərgini görüncə alıb cırıb atdım. Yaxşı yoldaş idik, deyib gülərdik, amma siyasi fikir ayrılığımız olduğu üçün yoldaşlığımız davam etmədi.

- Heç həbs edildinizm?

- Bəli, amma qısa dönəm. Mən heç vaxt silah istifadə etmədim, amma çox dava saldım, solçularla  çox davamız oldu, hətta bir dəfə başımı yardılar, altı tikiş düşdü başıma. Onu da deyim ki, tələbəliyimin son 2 ilini universitetə polisin zirehli maşını ilə, polis nəzarətində gedib gəlmişəm, o da ancaq imtahandan imtahana.

Polis artıq bizi tanıyırdı, bir dəfə gecə saat 11 olardı, 5-6 dost maşında gedirdik, Cevizlibağda polis maşınımızı saxladı, aradılar, dostumun maşınında 6-35 Astra tipli tapanca tapıldı, anasının silahı idi. Polislər bizi Şişli polis bölməsinə, oradan da Qayrettəpə siyasi şöbəyə apardılar. 2 gün orada qaldıq. Ondan sonra bizi ayrı-ayrılıqda sorğu-sual etdilər, polis rəisi: “sən rizəlisən, bu silah sənin deyil?” deyə soruşanda, “bəli, rizəliyəm, silahı da sevirəm. Amma bir rizəli üstündə 6-35 Astranı tapanca deyə gəzdirməz” deyəndə, silahın mənim olmadığına inandı.

Belə olaylar çox olub. Bir dəfə solçular universitetdə bizi silahla vurdular, Allahdan ölənimiz olmadı, amma 2 dostumuz yaralandı, hətta polis gəlməsinə baxmayaraq, yaralı yoldaşlarımızı təpiklədilər. O arada bir solçu tələbəni yaxaladıq, gördük qorxusundan titrəyir, bizə yalvarır ki, buraxın, biz də götürüb polisə təhvil verdik, polis tərəfinə keçən kimi başladı bizə hər cür söyüş söyməyə. Mən heç vaxt silahsız, müdafiəsiz birini döymədim, bu, ülkücü əxlaqına yaraşmaz. Bir dəfə çox acı bir olay oldu, may ayında Türkçülük günü üçün boya və fırçamızı götürüb afişa asmağa getdik, o arada afişanı asan Aytəkin adlı ülkücü dostumuzu gözümüzün önündə öldürülər (qəhərlənir), bunlar çox acı xatirələrdir, amma sevdamız uğrunda çəkdiyimiz çilələr heç vaxt bizi yolumuzdan döndərmədi, bu gün o yaşda, o durumda olsam, yenə eyni şeyləri edərəm. Nə gözəl deyib Nihal Atsız, min cahana dəyişməm bu oksüz Türklüyümü.

- Sizi çox inanclı və xeyirxah bir adam kimi tanıyıram. Əsl müsəlman necə olmalıdır?

- Mən o vaxt Quran dərslərinə də getmişəm, sonralar Həcc ziyarətində də olmuşam, müəllimim “Allahın ayətlərini ucuza satanları gördünüzmü, onlar pulla satılmaz, imamlıq belə pulla olmaz” deyərdi, bəli, bu gün bir dəyanət işləri başqanı zirehli maşında gəzirsə, pul alırsa, müəzzin məsciddə dövlət məmuru kimi çalışırsa, bu, islam dəyərlərinə ziddir. Məscid imamları danışanda səbr et, kasıblıqda hikmət vardır, cənnətdə sənə mükafat veriləcək deyirlər, amma özləri maaş almadan xidmət göstərmirlər. Hər kəs Allah qatında bərabərdir, halal, haram ancaq kitabda və pafoslu çıxışlarda deyil, əməldə icra olunmalıdır, həqiqi ehtiyac sahiblərinə yardım etmək lazımdır. İslamda “qul haqqı” deyə bir insan hüququ var, kimsənin haqqını yemək olmaz, bəndələr riayət etməsə də, Allah qatında əfvi yoxdur. Hər kəs Allahın onu əfv edəcəyinə ümid edir, amma bəzi insanlar var ki, kiçik bir yanlışı bağışlamağı bacarmır. Mən düşünürəm ki, sən birini bağışlamağı bacarmırsansa, necə Allahdan əfv diləyərsən, bu mənada mən haqqımı hər kəsə halal edirəm.

Yaqut Misirxanlı

İstanbul, Türk Ədəbiyyatı Vəqfi


SON XƏBƏRLƏR

28 Mart 2024