Rusiya-Ukrayna müharibəsi: 4 ilin nəticələri
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlanmasından 4 il ötür. Dörd il davam edən bu münaqişə artıq iki ölkə arasında hərbi qarşıdurma deyil, qlobal güc balansına təsir edən geniş geosiyasi prosesə çevrilib.
Dörd illik prosesin əsas geosiyasi nəticələri nələrdir? Hazırkı mərhələdə tərəflərin real hərbi və diplomatik mövqeyi necə qiymətləndirilməlidir? Müharibə uzunmüddətli “dondurulmuş münaqişə” modelinə keçə bilər, yoxsa 2026-cı ildə sülh və ya yeni eskalasiya ehtimalı daha yüksək görünür?
Bakıvaxtı.az bu sualları politoloq Tofiq Abbasova ünvanlayıb. Müsahibimizin sözlərinə görə, müharibə başlananda bir çox ekspertlər, hərbi təhlilçilər deyirdilər ki, bu, uzunmüddətli müharibə olmayacaq. Amma əslində müharibə başladıqdan sonra onun gedişatı, prosesə cəlb olunan qüvvələr, texnika, canlı qüvvə və s. göstərdi ki, bu sözün əsl mənasında iki qütb arasında gedən müharibədir. Söhbət burada Rusiya ilə Qərbin qarşıdurmasından gedir:
“Bəli, Ukrayna adı burada hallanır. Amma məsələ burasındadır ki, qarşıdurma Ukraynanın meydanında gedir və tərəflərin də özünəməxsus hədəfləri, istəkləri var. İlk növbədə Qərbin istəyi ondan ibarətdir ki, Rusiyanı zəiflətsin, kifayət qədər tükəntsin. Rusiyanın istəyi isə həm Qərbi, xüsusilə Qərbi Avropanı zəiflətmək, həm də Ukraynanın ərazilərini ələ keçirmək, eləcə də Ukraynanın infrastruktur imkanlarını maksimal dərəcədə məhv etməkdir”.
Tofiq Abbasov bildirir ki, Rusiya burada işğalçı qismində çıxış edir. Məsələyə diqqətlə yanaşanda və təfərrüatlara nəzər salanda belə bir fikir ortaya çıxır ki, Qərb Ukraynanı çoxdan müharibəyə hazırlayırdı:
“Bu, artıq sirr deyil. Fakt odur ki, Rusiya kəşfiyyatının da bu proseslərdən xəbəri var idi. Sadəcə Qərb iki məqamı çatdıra bilmədi. Birincisi, Ukraynanın hərbi-hava qüvvələrinin tam hazırlığı və yeni təyyarələrlə təminatı idi. İkincisi isə Ukraynanın neft və qazla təmin olunması məsələsi”.
Həmsöhbətimizin sözlərinə görə, plan ondan ibarət idi ki, Qara dənizin dibi ilə, Rumıniya ərazisindən keçməklə Ukraynaya neft və qaz kəməri çəkilsin. Lakin bu layihələr vaxtında başa çatdırılmadı. Rusiya da bunu nəzərə alaraq prosesdən istifadə etdi və enerji daşıyıcıları, xüsusilə qaz və neft üzərindən konfiqurasiya qurmağa çalışdı ki, öz imkanlarını genişləndirsin, qarşı tərəfin imkanlarını isə məhdudlaşdırsın:
“Çünki Ukraynada qış sərt keçir, qazın və neftin qiyməti qalxmışdı. Digər tərəfdən, Rusiya ixracda müəyyən olunmuş qrafikə hər zaman riayət etmirdi. Amma hazırda Ukraynaya alternativ mənbələrdən enerji daşıyıcıları verilir. Amerikanın mayeləşdirilmiş qazı Avropaya daxil olur. Neft məhsulları üzrə də böyük bazar formalaşıb. Qazdan fərqli olaraq neft ehtiyatlarını rezervlərdə saxlamaq mümkündür, amma qaz partiya-partiya alınır və saxlanma imkanları məhduddur”.
T.Abbasovun billdirdiyinə görə, Avropa uzaqgörənlik etməyə çalışırdı ki, bu iki məsələni həll etsin və Ukraynanı tammiqyaslı qarşıdurmaya hazır vəziyyətə gətirsin. Amma bunu çatdıra bilmədi. Buna baxmayaraq, bu gün Berlin, London və Paris müharibənin uzanmasına dəstək verir:
“Zelenski isə faktiki olaraq çətin vəziyyətdədir. Bir tərəfdən ondan tələb olunur ki, müharibəni dayandırmasın, mübarizəni davam etdirsin, digər tərəfdən verilən yardım onun özünü tam təminatlı hiss etməsi üçün yetərli deyil. Ukraynanın bu müharibədə təşəbbüsü tam ələ almaq imkanları məhduddur”.
Onun sözlərinə görə, əsas problemlərdən biri demoqrafik resursların tükənməsidir. Canlı qüvvənin cəlb olunması getdikcə çətinləşir. Artıq küçələrdə, şəhərlərdə hərbi komissarlıqların nümayəndələrinin potensial çağırışçıları toplaması ilə bağlı görüntülər yayılır. Bu, müharibənin ağır reallıqlarından biridir. Çünki bir tərəfdən müharibə üçün canlı qüvvə zəruridir, digər tərəfdən isə cəmiyyətdə narazılıq artır.
Ekspert bildirir ki, alternativ olaraq ya xaricə köçmüş vətəndaşların geri qaytarılması, ya da xarici könüllülərin cəlbi variantı qalır. Amma bu da məhdud imkanlardır:
“Müharibənin nə qədər davam edəcəyinə gəldikdə isə, mən hesab edirəm ki, 2026-cı ildə müəyyən bir sonluq ola bilər. Ola bilsin ki, münaqişə dondurulsun. Çünki Rusiya tutduğu əraziləri geri qaytarmaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Qan tökülərək əldə olunan ərazilərin geri verilməsi real görünmür”.

Tofiq Abbasov: Söhbət burada Rusiya ilə Qərbin qarşıdurmasından gedir
Onun sözlərinə görə, bu ilin yayına qədər, ən geci yayın sonuna doğru prosesdə müəyyən açılma baş verə bilər. Çünki bu vəziyyət uzun müddət davam edə bilməz:
“Digər tərəfdən, ABŞ-nin mövqeyində də fərqlilik müşahidə olunur. Donald Trampın Volodimir Zelenskiyə müharibənin dayandırılması ilə bağlı təzyiqləri açıq şəkildə hiss olunur. Avropa amili Tramp üçün məhdudlaşdırıcı faktor olsa da, ABŞ və Rusiya arasında müəyyən səviyyədə danışıqların getdiyi görünür”.
Politoloq qeyd edib ki, ABŞ-nin marağı tezliklə sülhün əldə olunması və Ukraynadakı nadir metalların hasilatı üzrə iqtisadi fəaliyyətin başlanmasıdır. Rusiya ilə də müəyyən güzəştlər əsasında razılaşmaların mümkünlüyü müzakirə olunur. Hər iki tərəf müəyyən sahələrdə kompromisə gedə bilər:
“Amma dünya siyasətində proseslər sabit və sakit deyil. Əksinə, qarşıdurmaların xarakteri sərtləşir. Ukrayna, Yaxın Şərq, Tayvan ətrafındakı gərginliklər göstərir ki, qlobal sistem ciddi sınaq mərhələsindədir.
Bu baxımdan diplomatlar susmamalıdır. Diplomatiya aktiv işləməlidir ki, proseslər daha kritik mərhələyə keçməsin. Əgər bu mümkün olsa, insanlar dünyada daha rahat nəfəs ala bilərlər və diplomatiyanın nəticə verdiyinə inanarlar”.
Zeynəb Rzayeva
Bakı 




