Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bir qrup tələbəsinin şəxsi fotolarının icazəsiz şəkildə götürülməsi və süni intellekt alətləri vasitəsilə qeyri-etik formatda manipulyasiya edilərək sosial mediada yayılması son günlər cəmiyyətdə ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib.
Real görüntülərin üzərində aparılan bu cür müdaxilələr həm həmin gənclərin şəxsi həyat toxunulmazlığını pozur, həm də süni intellekt texnologiyalarının məsuliyyətsiz istifadəsinin yaratdığı təhlükələri bir daha gündəmə gətirir.
Məsələ həm hüquqi, həm etik, həm də sosial aspektlərdən geniş müzakirə olunur və tələbələrin nüfuzuna, psixoloji durumuna, eləcə də ali təhsil mühitinin cəmiyyət gözündəki imicinə mənfi təsir göstərir.
Süni intellekt əsasında hazırlanan manipulyativ vizualların sürətlə yayılmasına səbəb olan əsas faktorlar hansılardır və mövcud hüquqi-institusional mexanizmlər bu riski azaltmaqda niyə yetərli deyil?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Ayxan Məmmədli deyib ki, məsələyə hüquqi prizmadan yanaşdıqda, baş verən hadisə bir neçə fundamental hüquqi norma və prinsiplərin pozulması kimi qiymətləndirilir:
"İlk növbədə, şəxsin şəxsi həyatın toxunulmazlığı və məxfilik hüququ kobud şəkildə pozulub. Tələbələrin fotolarının onların razılığı olmadan götürülməsi və süni intellekt vasitəsilə manipulyasiya edilərək yayımlanması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan “şəxsi məlumatların qorunması”, “şəxsi həyatın məxfiliyi” və “şərəf və ləyaqətin müdafiəsi” normalarına ziddir".
Onun sözlərinə görə, süni intellekt vasitəsilə yaradılmış bu cür manipulyativ vizual görüntülər artıq beynəlxalq hüquq müstəvisində “deepfake” kateqoriyasına aid edilir və belə materiallar rəqəmsal saxtakarlıq, məlumat manipulyasiyası və rəqəmsal zorakılıq kimi qiymətləndirilir:
"Qeyd olunan hal tələbələrin reputasiyasına zərər vurmaqla yanaşı, onların psixoloji durumuna da real təhlükə yaradır ki, bu da hüquqi baxımdan zərərin kompensasiyası məsələsini gündəmə gətirir".

Ayxan Məmmədli: Qanunvericilik real görüntülərlə süni yaradılmış vizualların sərhədlərini dəqiq tənzimləmir
Həmsöhbətimiz vurğulayıb ki, bu hadisə texnologiyaların sürətli inkişafı fonunda hüquqi mexanizmlərin ləng qalmasını bir daha üzə çıxarır:
"Mövcud qanunvericilik real görüntülərlə süni yaradılmış vizuallar arasındakı sərhədləri kifayət qədər dəqiq tənzimləmir. Nəticədə belə hücumların qarşısını almaq çətinləşir və məsuliyyət mexanizmləri tam effektiv işləmir".
A.Məmmədlinin dediyinə görə, bu cür qeyri-etik manipulyasiyalar təkcə ayrı-ayrı tələbələrin hüquqlarını pozmaqla kifayətlənmir, həm də rəqəmsal mühitdə məsuliyyət məsələsini yenidən gündəmə gətirir:
"Real ehtiyac ondan ibarətdir ki, süni intellektin istifadəsinə dair spesifik hüquqi tənzimləmələr, cəzalandırıcı tədbirlər və platformaların məsuliyyəti daha aydın şəkildə müəyyənləşdirilsin".
Rəşid Muxtar
Bakı 




