Rusiya-Ukrayna müharibəsi artıq dördüncü ilini tamamlayır və paradoksal mənzərə yaranıb: cəbhə xətti demək olar ki, yerində sayır, amma müharibənin siyasi və geosiyasi çəkisi getdikcə artır.
Ərazilərin nəzarəti ilə bağlı rəqəmlər dəyişsə də, proses sürətli hücum və ya qəfil dönüş mərhələsində deyil. Günlərlə ölçülən irəliləyişlər, dronların dominant rol alması və enerji infrastrukturuna sistemli zərbələr göstərir ki, müharibə klassik manevr müharibəsindən aşınma və resurs savaşı mərhələsinə keçib. Bu, tərəflərin hərbi deyil, siyasi dözümlülük testindən keçdiyi mərhələdir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamaları da məhz bu kontekstdə oxunmalıdır. O, ABŞ lideri Donald Trampın keçmişdə səsləndirdiyi ittihamlara emosional deyil, institusional cavab verdi. Əsas mesaj sadədir: Ukrayna təhlükəsizlik zəmanətini konkret liderlərdən deyil, ABŞ dövlətinin özündən istəyir. Bu yanaşma təsadüfi deyil. Kiyev anlayır ki, Vaşinqtonda siyasi hakimiyyət dəyişə bilər, amma Konqresin qəbul etdiyi qərarlar daha davamlıdır. Yəni məsələ Trampa etibar edib etməməkdən çox, ABŞ sisteminə bağlanmaqdır. Bu isə Ukraynanın müharibəni yalnız cəbhədə deyil, hüquqi və siyasi müstəvidə də uzunmüddətli strategiya kimi planlaşdırdığını göstərir.
Eyni vaxtda Rusiya kəşfiyyatının Böyük Britaniya və Fransanın Ukraynaya nüvə komponentləri ötürməsi ilə bağlı iddiaları informasiya müharibəsinin yeni mərhələsinə işarə edir. Bu iddialar hələlik təsdiqini tapmayıb və Qərb tərəfindən rəsmi təsdiqlənməyib. Lakin belə məlumatların gündəmə gətirilməsi iki məqsədə xidmət edə bilər: birincisi, Qərbi nüvə eskalasiyası ittihamı ilə siyasi təzyiq altına salmaq, ikincisi isə öz ictimaiyyətinə və beynəlxalq auditoriyaya “təhlükə böyüyür” mesajı vermək. Nüvə mövzusu istənilən halda son dərəcə həssasdır və real addımdan çox, psixoloji çəkisi ilə təsir göstərir.
Avropa İttifaqının və Böyük Britaniyanın addımları isə fərqli istiqamətdədir. Ursula fon der Lyayenin növbəti Kiyev səfəri, enerji dəstəyi paketləri və hərbi təlim proqramları göstərir ki, Avropa artıq müharibəni müvəqqəti böhran kimi deyil, uzunmüddətli təhlükəsizlik reallığı kimi qəbul edir. ABŞ-nin maliyyə yükü müəyyən qədər azalarkən Avropanın payının artması diqqət çəkir. Bu, həm də Avropanın öz təhlükəsizlik arxitekturasını daha müstəqil qurmaq istəyi ilə bağlıdır. Ukrayna faktiki olaraq Avropa təhlükəsizlik sisteminin ön xəttinə çevrilib.
Müharibənin insan və demoqrafik ölçüsü isə daha ağırdır. Milyonlarla insanın ölkəni tərk etməsi, on minlərlə hərbçi və mülki şəxsin həlak olması təkcə bugünkü deyil, gələcək onilliklərin sosial-iqtisadi problemlərini formalaşdırır. Enerji obyektlərinə hücumların artması və infrastrukturun sıradan çıxarılması Ukraynanın iqtisadi dirənişini zəiflətsə də, eyni zamanda Qərb üçün də əlavə maliyyə və siyasi məsuliyyət yaradır. Bu, artıq yalnız regional münaqişə deyil, kollektiv qərb təhlükəsizlik modelinin sınağıdır.
Nəticə etibarilə, müharibə hərbi baxımdan dalana dirənsə də, siyasi baxımdan yeni mərhələyə daxil olub. Kiyev təhlükəsizlik zəmanətlərini hüquqi çərçivəyə salmağa çalışır, Rusiya informasiya və eskalasiya ritorikasını gücləndirir, Avropa isə daha aktiv rol almağa məcbur qalır. Qarşıdakı mərhələ cəbhədə böyük sıçrayışdan çox, Qərbin daxili siyasi qərarlarından və strateji səbrindən asılı olacaq. Müharibənin taleyi artıq yalnız səngərlərdə deyil, parlamentlərdə və siyasi institutlarda həll olunur.
Züriyə Qarayeva
Bakı 




