Məlum olduğu, Suriyada müxalif "Heyət Təhrir eş-Şam" (HTŞ) qruplaşması yenidən fəallaşıb. Müxalifət qüvvələri Hələb şəhərinə daxil olub.
Belə bir məqamda Suriya müxalifətinin liderinin kimliyi ilə bağlı suallar yaranır.
Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Heyət Təhrir eş-Şam"ın rəhbəri barədə məlumatları təqdim edir:
Əsl adı Əhməd Hüseyn əl-Şara olan, "Heyət Təhrir eş-Şam" (HTS) lideri Əbu Məhəmməd əl-Qolani (Culani) 1982-ci ildə Ər-Riyadda anadan olub, lakin ailəsi Suriyanın Qolan bölgəsinə gəldiyi üçün Qolani təxəllüsünü istifadə edir.
1989-cu ildə 7 yaşında ailəsi ilə birlikdə Suriyaya qayıdan Qolani gəncliyini Dəməşqin Mezze məhəlləsində keçirib. O, Dəməşq Universitetinin Media fakültəsində təhsilini yarımçıq qoyub və 2000-ci illərin əvvəllərində İraqda ABŞ qüvvələrinə qarşı müharibəyə qatılıb.
Mosulda ABŞ qüvvələrinə qarşı vuruşduqdan sonra Əbu Musab əl-Zərqavinin rəhbərlik etdiyi İraqdakı Əl-Qaidəyə qoşulub.
2006-cı ildə Amerika qüvvələri tərəfindən tutularaq həbs edilib. O, 5 il Əbu Qreyb, Taci və Bukka həbsxanalarında saxlanılıb. 2011-ci ilin martında azad edilən Qolani vətəndaş müharibəsi başalayarkən az sayda adamı ilə birlikdə Suriyaya qayıdıb.
2012-ci ilin ilk aylarında Nusra Cəbhəsini qurub. 2016-cı ildə qrupu ləğv etdikdən sonra 2017-ci ildə "Heyət Təhrir eş-Şam" təşkilatını yaradıb.