Bakının Qaradağ rayonunda yerləşən Qobustan qəsəbəsinin "2-ci massiv" ərazisində məişət tullantılarının yığılması ilə bağlı problem sakinlərin narazılığına səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, ərazi sakinlərinin sözlərinə görə, zibil konteynerlərinin olmaması tullantıların açıq sahələrə atılmasına gətirib çıxarıb. Nəticədə ətrafa yayılan xoşagəlməz qoxu gündəlik həyatı çətinləşdirir, sanitar vəziyyət isə getdikcə pisləşir.
Sakinlər bildirirlər ki, tullantıların toplandığı ərazilərdə sahibsiz itlərin sürü halında gəzməsi, eləcə də ilanların görünməsi təhlükəsizlik baxımından ciddi narahatlıq yaradır. Bu səbəbdən valideynlər uşaqlarını həyətə buraxmaqdan çəkinir, insanlar isə küçələrdə ehtiyatla hərəkət etmək məcburiyyətində qalırlar.
Onların sözlərinə görə, yaranmış problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, indiyədək məsələnin həlli istiqamətində hər hansı nəticə əldə olunmayıb. Sakinlər problemin qısa zamanda aradan qaldırılmasını və əraziyə zibil konteynerlərinin yerləşdirilməsini tələb edirlər./Milli.az
Bakı 



