• Bakı 25° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Şuşadan dünyaya: Azərbaycan beynəlxalq medianın diqqət mərkəzində

SİYASƏT

22 Iyul 2025 | 11:36

Şuşadan dünyaya: Azərbaycan beynəlxalq medianın diqqət mərkəzində

Azərbaycanın informasiya diplomatiyasının mərkəzinə çevrilən Şuşa Qlobal Media Forumu bu il də beynəlxalq diqqət mərkəzində oldu.

İyulun 19-da Xankəndidə keçirilən III Forum “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusu ilə dünya mediasının və ictimai rəy formalaşdırıcılarının bir araya gəldiyi mühüm platforma kimi yadda qaldı. 52 ölkədən 140-dan çox nümayəndənin, o cümlədən aparıcı xəbər agentlikləri və media qurumlarının iştirakı tədbirə artan beynəlxalq marağın göstəricisidir. Forum çərçivəsində Prezident İlham Əliyevin açılış mərasimində iştirakçılarla sual-cavab formatında apardığı dialoq isə Azərbaycanın qlobal informasiya siyasətində fəal rol oynadığını bir daha sübut etdi.

Milli Məclisin deputatı Azər Badamov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Regionun və dünyanın gündəmində olan mövzularda müzakirə mühiti yaradan Şuşa Qlobal Media Forumu artıq ənənəvi və nüfuzlu beynəlxalq platforma statusu qazanıb. Bu il iyulun 19-da Xankəndidə baş tutan III Şuşa Qlobal Media Forumu “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusu ilə keçirilib və müasir dövrün tələblərinə cavab verən çağırışları əhatə edib:

"Tədbirə 52 ölkədən 140-a yaxın iştirakçının, o cümlədən 30 informasiya agentliyi və 80 media qurumunun nümayəndəsinin qatılması bu platformaya qlobal marağın ildən-ilə artdığını göstərir. Forumun əsas fərqləndirici cəhətlərindən biri dövlət başçısı İlham Əliyevin Forum iştirakçılarının suallarını birbaşa cavablandırmasıdır ki, bu da liderin beynəlxalq media qarşısında sərbəst və açıq çıxışını, Azərbaycan həqiqətlərinin dünyaya birbaşa çatdırılmasını təmin edir".

Parlamentari əlavə edib ki, dövlət başçısı Forumda qaldırılan bütün məsələlərə analitik və diplomatik yanaşma sərgilədi, bu da bir daha göstərdi ki, Prezident İlham Əliyev regionun gələcəyinə yön verən liderlər sırasındadır. Onun sözlərinə görə, ABŞ-ın Beynəlxalq Siyasət İnstitutunun nümayəndəsi Paolo Liebl von Şirax tərəfindən ünvanlanan sual Prezidentin iqtisadi prioritetlər, texnoloji inkişaf və regional əməkdaşlığa dair baxışlarını geniş auditoriyaya çatdırmaq baxımından çox vacib oldu. Azər Badamov vurğulayıb:

“Prezident İlham Əliyev cavabında investisiya baxımından ölkə üçün prioritet sahə kimi informasiya texnologiyaları və qabaqcıl texnologiyaları qeyd etdi. O, süni intellekt sahəsində beynəlxalq aparıcı şirkətlərlə artıq əməkdaşlıqların qurulduğunu xüsusi vurğuladı”.

Azər Badamov, Milli Məclisin deputatı

Deputat bildirib ki, Azərbaycan süni intellekt sahəsində qlobal tendensiyalara uyğun şəkildə inkişaf edir və bu, ölkənin yeni texnoloji mərhələyə keçidini təmin edir.

“Son illərdə yaradılan sənaye və istehsal müəssisələri də məhz bu texnologiyalar üzərində qurulub. Bu yanaşma bizə beynəlxalq standartlara uyğun məhsullar istehsal etməyə və dünya bazarında rəqabətə davamlı iqtisadiyyat formalaşdırmağa şərait yaradır”, – deyə A.Badamov bildirib.

Forum çərçivəsində Prezident İlham Əliyev eyni zamanda Orta Dəhlizlə bağlı geniş vizyonunu bölüşüb. Onun fikrincə, “tranzit marşrutlarının uğurla həyata keçirilməsi üçün əsas şərtlər sabitlik, təhlükəsizlik və qarşılıqlı etimad mühitidir”. Prezident bildirib ki, Azərbaycanın regionda sülh və təhlükəsizlik mühitinin formalaşmasında əsaslı rolu, eləcə də beynəlxalq tərəfdaşlıqda etibarlı mövqeyi bu istiqamətdə yeni imkanlar açır.

Azər Badamov bu barədə bildirib:

“Cənab Prezident qeyd etdi ki, Azərbaycanın imzası qədər sözü də etibarlıdır və bu, ölkəmizin beynəlxalq arenada sabit və təhlükəsiz tərəfdaş kimi tanınmasında mühüm rol oynayır”.

Deputat əlavə edib ki, dövlət başçısının çıxışında yaşıl enerji sahəsinə xüsusi önəm verilməsi Azərbaycanın dayanıqlı inkişaf hədəflərini bir daha nümayiş etdirdi. Prezidentin vurğuladığı kimi, Azərbaycan 2030-cu ilə qədər 6 giqavat gücündə yaşıl enerji istehsalını qarşıya məqsəd qoyub və artıq Mərkəzi Asiya ölkələri ilə birgə bu sahədə irimiqyaslı layihələr reallaşdırır.

“Azərbaycan həm daxili resurslara, həm də beynəlxalq tərəfdaşlıqlara əsaslanaraq yaşıl enerji ixracı sahəsində ciddi addımlar atır. Bu təşəbbüslər onu göstərir ki, ölkəmiz regionun iqtisadi və texnoloji lokomotividir”, – deyə A.Badamov fikrini tamamlayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR