• Bakı 26° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Xəzər təlimləri və Rusiya-İran münasibətlərində paradoksal gedişatlar

SİYASƏT

22 Iyul 2025 | 12:53

Xəzər təlimləri və Rusiya-İran münasibətlərində paradoksal gedişatlar

Xəzər dənizində keçirilən son hərbi təlimlər - xüsusilə Rusiya ilə İran arasında baş tutan CASAREX-2025 manevrləri - regionda diqqət mərkəzinə çevrilib.

Təlimlər hər nə qədər texniki əməkdaşlıq adı altında təqdim olunsa da, mövcud beynəlxalq kontekst və iki ölkə arasındakı son münasibətlər fonunda bu addımın daha çox siyasi vitrin funksiyası daşıdığı açıq şəkildə sezilir.

Təlimlərin bölgədə baş verən hadisələrlə əlaqəsi olmadığı iddia edilsə də, bu bəyanatların reallıqla tam uzlaşmadığı aydındır. Yaxın Şərqdə, xüsusilə də İran və İsrail arasında gərginliyin artdığı bir dövrdə Rusiya-İran hərbi sinxronizasiyası təsadüf hesab edilə bilməz. Tehran uzun müddətdir Moskvanın Yaxın Şərqdəki siyasi və hərbi xəttində özünə daha yaxın mövqe gözləyir, lakin bu gözləntilər əksər hallarda qarşılıqsız qalır.

Məsələn, İran bu ilin əvvəlində baş vermiş eskalasiya zamanı Rusiyanın ona daha konkret hərbi dəstək verəcəyini düşünürdü. Lakin Moskva bu məsələdə ehtiyatlı mövqe tutaraq yalnız diplomatik dəstək bəyanatları ilə kifayətləndi. Bunun arxasında isə Rusiya üçün İsrail amilinin hələ də strateji əhəmiyyət daşıması dayanır. Kreml Yaxın Şərqdəki balansı pozmamaq üçün İranla tam hərbi bloklaşmaya getməkdən çəkinir.

Rusiya ilə İran arasında bu ilin əvvəlində imzalanan strateji əməkdaşlıq sənədi də bu kontekstdə daha çox simbolik məna daşıyır. Hərçənd Tehran sənədi güclü ittifaq göstəricisi kimi təqdim etməyə çalışdı, sənədin özündə ciddi müdafiə öhdəliklərinin olmaması onun real təsir imkanlarını şübhə altına alır.

Eyni dinamika Suriyada da müşahidə olunur. İllərdir bu ölkədə mövqe qazanmağa çalışan İranın maraqları ilə Rusiya bəzən açıq, bəzən dolayı yollarla toqquşur. Moskva İsrailin Suriyadakı hava hücumlarına səssiz qaldığı və İranmeylli qrupları qorumaq üçün real addımlar atmadığı üçün Tehranın bu platformada da etibar hissi zədələnib.

Bu mənzərədə Xəzər dənizində keçirilən təlimlərə yalnız hərbi yox, həm də siyasi nümayiş kimi baxmaq yerinə düşər. Rusiya və İran bu manevrlərlə öz aralarında tam koordinasiya görüntüsü yaratmaq istəsələr də, arxa planda artan narazılıq və inamsızlıq münasibətlərin əsl mənzərəsini ortaya qoyur.

Məsələnin daha maraqlı tərəfi odur ki, Rusiya bu münasibətləri qlobal təcrid siyasətinə qarşı balanslaşdırıcı vasitə kimi istifadə edir, lakin dərin və möhkəm hərbi ittifaq yaratmaq niyyətində deyil. İran isə bu əlaqədən maksimum fayda əldə etməyə çalışsa da, zaman-zaman açıq şəkildə məyus olur və bu, diplomatik ritorikada da hiss edilir.

Nəticə etibarilə, tərəflərin “strateji tərəfdaşlıq” adlandırdığı bu münasibətlər reallıqda daha çox məhdud və çevik koordinasiya xarakteri daşıyır. CASAREX-2025 kimi təlimlər isə bu əlaqələrin dayanıqlı olmadığını, əksinə, geosiyasi situasiyaya uyğun olaraq tez-tez forma və məzmun dəyişdirdiyini göstərir. Mövcud tendensiyalar onu deməyə əsas verir ki, Rusiya-İran əlaqələri qarşıdakı dövrdə də daha çox ehtiyatlı əməkdaşlıq çərçivəsində davam edəcək və hər iki tərəf bu münasibətlərdə daha çox taktiki, deyil, strateji fayda axtarmağa üstünlük verəcək.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR