• Bakı 17° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Ermənistanın “mina terroru”: Ərazilərin təmizlənməsi ən yaxşı halda 10 ilə yekunlaşacaq

CƏMİYYƏT

15 Oktyabr 2024 | 16:12

Ermənistanın “mina terroru”: Ərazilərin təmizlənməsi ən yaxşı halda 10 ilə yekunlaşacaq

Ermənistanın Qarabağ münaqişəsi zamanı və müharibədən sonrakı dövrdə minalardan istifadə edərək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhlükə yaratması narahatlıq doğuran və geniş miqyaslı nəticələrə səbəb olan məsələlərdən biridir.

30 ilə yaxın müddətdə Errmənistan tərəfindən Azərbaycan ərazilərinin geniş şəkildə minalanması yalnız müharibənin bir hissəsi olmayıb, eyni zamanda Azərbaycanın gələcək inkişafını, məcburi köçkünlərin geri dönüşünü və əhalinin təhlükəsiz yaşayışını hədəf alan bir planın parçası kimi də dəyərləndirilə bilər. Ermənistanın mina terrorunu davam etdirməsi isə Azərbaycan üçün həm humanitar, həm də iqtisadi baxımdan ciddi çətinliklər yaradır, yüzlərlə mülki və hərbi şəxsin həyatına son qoyur və minlərlə insana ciddi zərər yetirir.

Azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin davam etməsi ilə yanaşı, bu təhlükənin kökündən həll olunması üçün həm daxili, həm də beynəlxalq səviyyədə ciddi tədbirlərin həyata keçirilməsi zəruridir. Çünki mina təhlükəsi təkcə ərazilərin məskunlaşdırılmasına mane olmaqla qalmır, həm də iqtisadi və sosial layihələrin həyata keçirilməsini ləngidir. Ölkənin strateji inkişafını və regional layihələrini həyata keçirmə prosesində ciddi təhlükə yaradan minalar, eyni zamanda psixoloji təhdid olaraq əhalinin gündəlik həyatına mənfi təsir göstərir. Azərbaycan hökuməti və aidiyyəti dövlət qurumları mina təmizləmə işlərində böyük səylə çalışsa da, Ermənistan tərəfi mina xəritələrini təqdim etməkdən imtina edərək bu prosesi daha da çətinləşdirir.

Bəs Ermənistanın "mina terroru" ilə bağlı ölkəmiz tərəfindən hansı addımlar atılır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ANAMA-nın Əməliyyat İdarəsinin Tədqiqat bölməsinin mütəxəssisi, ehtiyatda olan polkovnik Rəhman Əsgərov bildirib ki, ümumiyyətlə, minaların basdırılması ilə bağlı xüsusi formulyar və beynəlxalq sənədlər mövcuddur. Onun sözlərinə görə, qeyd edilən sənədlər Azərbaycan Ordusu üçün də, həmçinin, Ermənistan tərəfi üçün də keçərlidir:

"Sözügedən sənədlərdə minaların basdırılması ilə bağlı standartların hər biri mövcuddur. Lakin ümumilikdə hazırkı vəziyyətə nəzər yetirsək, əminliklə demək olar ki, rəsmi Ermənistan bu standartları yetəri qədər kobud şəkildə pozub. Məsələn, qeyd edilməli əsas nüans odur ki, Ermənistan tərəfinin basdırdığı minaların məsafəsi ilə belə qaydalara uyğun deyil. Mövcud tənzimləmələrə əsasən, piyada əleyhinə minaların basdırılma məsafəsi ən az 1 metr olmaldır. Lakin biz praktikamızda müşahidə etmişik ki, 50 santimetr məsafədə basdırılmış minalar var. Bu da o deməkdir ki, rəhbər sənədlərin formalaşdırdığı qaydalar kobud şəkildə pozulub. Təbii ki, formalaşmış vəziyyət bizim də işimizi çətinləşdirir".

Rəhman Əsgərov: Canlı qüvvədən əlavə minatəmizləyən itlər və maşınlar da əraziyə cəlb edilib

Mütəxəssis qeyd edib ki, Ermənistan Ordusu bütün növ minalardan, o cümlədən, "tələ" tipli minalardan da istifadə edib. Rəhman Əsgərovun dediyinə görə, iş prosesini çətinləşdirən digər amil də məhz budur:

"Onlar tərəfindən quraşdırılan minalar nəinki minalanmış ərazilərdə, hətta yaşayış evlərində, ictimai obyektlərdə də mövcuddur. Buna görə də minaların təmizlənməsi prosesində ləngimələr yaranır. Ermənistan tərəfindən minaların qurulmasında sistematik yanaşma olmadığı üçün məntiqən minanın olmayacağını düşündüyümüz ərazidə də biz bu tip maneələrə rast gəlirik. Onların təqdim etdiyi mina sahəsi formulyarları, daha dəqiq desək, mina xəritələri də saxtadır. Çünki, həm ordumuzun istehkam bölmələri, həm də ANAMA-nın əməkdaşları tərəfindən axtarış tədbirləri zamanı bəzi hallarda məlum olur ki, göstərilən ərazidə mina yoxdur. Bu da bizdə mövcud olan xəritələrin 70-80 faizinin saxta olması deməkdir".

Ehiyatda olan polkovnik deyib ki, hazırda mina təmizləmə prosesinə bir çox qurum cəlb edilib:

"İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesində həm Müdafiə Nazirliyinin istehkam bölmələri, həmçinin ANAMA-nın xüsusi qrupları, o cümlədən, Mülki Müdafiə Qoşunlarının əməkdaşları, özəl şirkətlərin nümayəndələri aktiv iştirak edir və bütün əməliyyat-axtarış tədbirləri sürətlə davam edir. Özəl şrikətlər arasında həm yerli, həm də xarici şirkətlər var. Amma əsas yük ANAMA-nın üzərinə düşür. Qarabağ ərazisində qurumun 1500-dən çox əməkdaşı fəaliyyət göstərir. Həmçinin, canlı qüvvədən əlavə minatəmizləyən itlər və maşınlar da əraziyə cəlb edilib".

Müsahibimizin fikrincə, ümumilikdə işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesinin yekunlaşması ilə bağlı dəqiq fikir demək mümkün deyil:

"Bu barədə heç bir dəqiq fikir söyləmək olmaz. Şəxsi fikrimcə, minalardan təmizlənmə ilə bağlı məsələlər ən yaxşı halda 10 ilə yekunlaşacaq. ANAMA daha sistemli fəaliyyət göstərmək məqsədilə cəbhəyanı ərazilərdə tapşırıqların icrasına başlayıb.Bu tapşırıqların icra edilmsəində əsas məqsəd mülki əhalinin müdafiəsini və qorunmasını təmin etmək, o cümlədən, yaşayış binalarında mövcud olan "sürpriz" minaların məhv edilməsini həyata keçirməkdir. Bu proses bitdikdən sonra isə daha çox təhlükə mövcud olan keçmiş "təmas xətti"ndə təmizlənmə prosesi davam etdiriləcək".

Son olaraq Rəhman Əsgərov bir daha vurğulayıb ki, mina təmizlənməsi istiqamətində bütün tədbirlər ən yüksək səviyyədə davam etdirilir:

"Azad edilmiş ərazilərin təhlükəsizləşdirilməsi və əhalinin normal həyata qayıdışı üçün təmizləmə prosesləri həm texniki baxımdan, həm də beynəlxalq təcrübəyə əsaslanaraq ən müasir standartlarla həyata keçirilir. Görülən işlər minaların tam təmizlənməsi və məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün əhəmiyyətli addımlardır".

Əli Hüseynov


SON XƏBƏRLƏR